Paşinyan Moskva ilə hansı oyunu oynayır? – “Ermənistan Rusiyadan tam qopmaq niyyətində deyil” – ÖZƏL

"Ermənistan bu gün əslində Rusiyadan tamamilə qopmaq niyyətində deyil. Burada söhbət münasibətlər formatının dəyişdirilməsindən gedir. Yəni artıq müharibədən sonrakı dövrdə yeni münasibətlər modelinin formalaşdırılması məsələsi gündəmdədir. Nikol Paşinyan da son dövrlərdəki çıxışlarında bu məsələyə bir neçə dəfə toxunub".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Bəs bununla Paşinyan nəyi nəzərdə tutur? 

O, onu nəzərdə tutur ki, artıq müharibə başa çatıb və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması, eləcə də delimitasiya prosesinin həyata keçirilməsi istiqamətində addımlar atılırsa, Rusiyanın Ermənistanda güc balansını qorumasına əvvəlki kimi ehtiyac qalmır. Yəni artıq hərbi baxımdan Ermənistana dəstək verilməsinə zərurət olmadığı düşünülür. Burada əsas məsələ ondan ibarətdir ki, Ermənistan münasibətlərin formatını dəyişərək iqtisadi, siyasi və diplomatik istiqamətlərə keçmək istəyir. Yəni bugünkü mərhələdə Rusiya ilə iqtisadi əlaqələrin, ticarət münasibətlərinin və eyni zamanda siyasi münasibətlərin inkişaf etdirilməsi nəzərdə tutulur. Lakin bu siyasi əlaqələr əvvəlki kimi Rusiyanın Ermənistanı öz anklavı və ya nəzarəti altında olan bir dövlət kimi görməsi üzərində deyil, müstəqil dövlət kimi qəbul etməsi prinsipi əsasında qurulmalıdır. Ermənistan, daha doğrusu, Paşinyan ölkəsinin regionda, xüsusilə də Cənubi Qafqazda balanslı siyasət yürüdərək həm Rusiya, həm də Qərb ölkələri ilə müstəqil münasibətlər qurmaq istədiyini nümayiş etdirir. Ona görə də Ermənistan Rusiya ilə münasibətləri logistika, infrastruktur və digər istiqamətlərdə yeni formata keçirmək, diplomatik baxımdan da əlaqələri yenidən quraraq daha balanslaşdırılmış və normal vəziyyətə gətirmək istəyir. Yəni hərbi əməkdaşlıq və hərbi dəstək üzərində qurulan əvvəlki münasibətlər modelini arxa plana keçirərək Rusiya ilə yeni istiqamətlər və formatlar çərçivəsində siyasət yürütmək niyyətindədir.

Ekspert bildirib ki, Paşinyan həm Rusiya, həm də Qərb ilə münasibətlərdə balansı qorumağa çalışır. Rusiya ilə münasibətlər formatının dəyişdirilərək yeni istiqamətlərdə inkişaf etdirilməsi məsələsi də bununla bağlıdır. Çünki Rusiya Ermənistanın yaxın qonşusudur və ticarət baxımından Avropa ölkələri ilə müqayisədə Ermənistana daha yaxın bazar hesab olunur. Ermənistanın məhsulları Rusiya bazarlarına çıxarılır, eyni zamanda Rusiya malları da Ermənistan bazarlarına daxil olur. Bundan başqa, enerji infrastrukturu və enerji təchizatı baxımından da Ermənistanın Rusiya ilə əlaqələri mövcuddur. Bu baxımdan Ermənistan üçün coğrafi və iqtisadi baxımdan yaxın olan Rusiya ilə münasibətləri qorumaq, həmin əlaqələri yeni formatlarda inkişaf etdirmək, eyni zamanda Qərb dövlətləri və Avropa İttifaqı ilə yaxın münasibətlər qurmaq, Qərb dünyasına açılmaq istiqamətində yeni xətt formalaşdırmaq məqsədi daşıyır. Paşinyanın əslində demək istədiyi də budur.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31