Anım Günü həm itkinin ağrısını, həm də tarixi dönüşü yaşadır -ÖZƏL 

" İkinci Qarabağ müharibəsində qazanılan qələbə həm dövlətçilik, həm də milli yaddaş baxımından 2020-ci ildən sonrakı proseslərin başlanğıc nöqtələrindən biridir. Bu hadisə Azərbaycanın müasir tarixində yalnız hərbi nəticələri ilə deyil, siyasi, ictimai və geosiyasi baxımdan yaratdığı dəyişikliklərlə də xüsusi yer tutur.
27 sentyabr - Anım Günü yalnız müharibənin başlanmasını xatırladan gün deyil. Eyni zamanda, Azərbaycanın son illərdə keçdiyi siyasi və ictimai transformasiyanı, milli həmrəyliyin güclənməsini və cəmiyyətin ümumi məqsəd ətrafında səfərbər olunmasını ifadə edən mühüm tarixi mərhələdir".

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:

" Anım Günü və Zəfər Günü bir-birini tamamlayan, lakin fərqli məna daşıyan tarixlərdir. 27 sentyabr şəhidlərin xatirəsini və müharibənin başlanmasını yada salırsa, 8 noyabr müharibənin nəticəsini və əldə olunan hərbi-siyasi nailiyyəti ifadə edir. Bu iki tarix birlikdə həm itkinin ağrısını, həm də qələbənin yaratdığı tarixi dönüşü milli yaddaşda yaşadır.
2020-ci il Azərbaycanın müasir dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu. Müharibənin nəticələri ilə Qarabağ məsələsinin hərbi-siyasi çərçivəsi dəyişdi, Cənubi Qafqazda təhlükəsizlik və diplomatik gündəm yeniləndi. 2023-cü ildə keçirilən antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ üzərində suverenliyinin bərpa edilməsi isə əvvəlki münaqişə modelinin başa çatması ilə nəticələndi. Bundan sonrakı mərhələdə əsas diqqət hərbi qarşıdurmadan siyasi və diplomatik nizamlanmaya keçidə yönəldi. Azərbaycan-Ermənistan münasibətlərində sülh və normallaşma gündəliyi ön plana çıxdı. 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişi mətninin paraflanması bu istiqamətdə mühüm addım oldu. Həmin proses çərçivəsində ATƏT-in Minsk qrupu və əlaqəli strukturların fəaliyyətinə son qoyulması istiqamətində də qərar qəbul edildi. Uzun müddət münaqişənin tənzimlənməsi üçün yaradılmış əvvəlki vasitəçilik mexanizmləri yeni siyasi şəraitə uyğun olaraq gündəmdən çıxdı.
Müharibədən sonrakı dövr Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətinin də artması ilə xarakterizə olunur. Xəzər dənizi ilə Avropa və Mərkəzi Asiya arasında yerləşən Azərbaycan nəqliyyat, logistika və enerji layihələri baxımından əlverişli mövqeyə malikdir. Qlobal təchizat və nəqliyyat marşrutlarının dəyişdiyi bir şəraitdə bu coğrafi üstünlük ölkənin regional bağlantılarda rolunu daha da aktuallaşdırıb.
Enerji sahəsində Azərbaycan uzun müddətdir Avropa bazarları üçün mühüm tərəfdaşlardan biri kimi çıxış edir. Son illərdə buna nəqliyyat və logistika istiqamətləri də əlavə olunub. Bu baxımdan Azərbaycanın rolu yalnız enerji resurslarının ixracı ilə deyil, Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində regional bağlantıların inkişafı ilə də əlaqələndirilir.
Xarici siyasətdə də yeni istiqamətlər formalaşıb. Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın qurulması, Çin ilə hərtərəfli strateji tərəfdaşlığın yaradılması ölkələrimiz  arasında əməkdaşlığın institusional əsaslarının genişləndirilməsi baxımından diqqət çəkir. Həmçinin Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətləri bütün sahələrdə genişlənərək yeni məzmun qazanıb. Bununla yanaşı, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafı ölkənin diplomatik və iqtisadi əməkdaşlıq coğrafiyasını genişləndirir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31