Zeynal Əmrəliyev: “TRIPP təkcə regionu yox, bütün qlobal ticarəti maraqlandıran layihədir” – ÖZƏL

Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında TRIPP layihəsinin regional əlaqələrə və sülhə töhfə verəcəyini bildirib. Nazir vurğulayıb ki, layihə Azərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısını təmin etməklə yanaşı, enerji əlaqələrini və təchizat zəncirlərini şaxələndirəcək. C.Bayramov TRIPP-in reallaşdırılması istiqamətində ABŞ-nin göstərdiyi səyləri də yüksek qiymətləndirib. 

"Dəhliz ilk növbədə Azərbaycanın əsas quru hissəsi ilə Naxçıvan arasındakı əlaqələrin bərpa olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Yəni Azərbaycanın əsas hissəsi Naxçıvanla birləşəcək. Bu da, əlbəttə ki, ölkədaxili iqtisadi əlaqələrin daha da canlanmasına, o cümlədən nəqliyyat vəziyyətinin yaxşılaşmasına kömək edəcək addımdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, ikinci məsələ isə Naxçıvanın uzun müddət davam edən blokada vəziyyətindən çıxmasında mühüm töhfə verəcək bir addım olmasıdır. Eyni zamanda, iqtisadi əlaqələrin inkişafı baxımından da bu layihə xüsusi əhəmiyyət kəsb edir. TRIPP layihəsinin həyata keçirilməsi regionda ümumi şəkildə iqtisadi canlanma yaradacaq. Təsadüfi deyil ki, ABŞ şirkətləri də bu işdə maraqlıdır və ABŞ Prezidenti Donald Tramp layihəni öz adı ilə adlandırmaqla konkret şəkildə bu məsələdə nə qədər maraqlı olduğunu göstərir. Məhz son dövrlərdə ənənəvi dəniz yollarının arxa plana keçməsi, dünyada baş verən qlobal hadisələr fonunda həmin marşrutların əhəmiyyətinin azalması müşahidə olunur. Burada dəniz quldurluğunun sayının artması və dünyada baş verən digər geosiyasi hadisələr keçmiş İpək Yolunu yenidən ön plana çıxarır. Şərqdən Qərbə doğru ticarət yollarının artması, Mərkəzi Asiya və Çindən gələn malların Avropaya daşınmasında məhz Cənubi Qafqaz xüsusi əhəmiyyət kəsb edir. Ona görə də bu məsələ xüsusi əhəmiyyət daşıyır. Əvvəllər Cənubi Qafqazda vəziyyətin stabil olmaması bu proseslərin tam şəkildə həyata keçirilməsinə imkan vermirdi. 

"Azərbaycan və Ermənistan arasında uzunmüddətli müharibə olması tranzit əlaqələrinə maneə yaradırdı. Ancaq indi sabitlik var, sülhə doğru addımlar atılır və bu cür tranzit iqtisadi layihələrinin həyata keçirilməsi, əlbəttə ki, ümumilikdə regionun inkişafına töhfə verəcək addımlardır. Bu, qlobal bir layihədir, təkcə Azərbaycanı və yaxud regionu maraqlandırmır. Bu baxımdan, əlbəttə ki, layihəyə maraq böyükdür", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31