TRIPP-lə bağlı mühüm mesaj: “Bu artıq real məsələyə çevrilib”- ÖZƏL

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TRIPP layihəsinin regional əlaqələrin inkişafına və uzunmüddətli sülhün möhkəmləndirilməsinə töhfə verəcəyini bildirib. O, layihənin Azərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısının təmin olunması ilə yanaşı, enerji əlaqələrinin və təchizat zəncirlərinin şaxələndirilməsi baxımından da əhəmiyyət daşıdığını vurğulayıb. Bayramov ABŞ-ın TRIPP-in həyata keçirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib.

Mövzu ilə bağlı  "Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:

" Ceyhun Bayramovun bu bəyanatını hesab edirəm ki, artıq TRIPP-Zəngəzur dəhlizinin reallaşacağının göstəricisi kimi qiymətləndirmək olar. Yəni, bu, artıq dəqiqləşmiş və real məsələyə çevrilib. Ceyhun Bayramovun açıqlamasını layihənin gerçəkləşməsindən daha çox, onun institusional və iqtisadi əsaslandırılması kimi qəbul etmək lazımdır.
Bu layihə təkcə Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat xətti deyil. TRIPP Transxəzər ticarətini, enerji şəbəkələrini və təchizat zəncirlərini bir-birinə bağlayan layihə kimi də əhəmiyyət daşıyır. Eyni zamanda, bu layihə sülhün möhkəmlənməsinə də töhfə verə bilər.
TRIPP Orta Dəhlizin bir növ əlavə cənub qolu kimi də funksiyanı yerinə yetirə bilər. Bu baxımdan, layihə Transxəzər Orta Dəhlizinin yeni və mühüm seqmenti kimi nəzərdən keçirilə bilər. Türkiyədə Qars istiqamətində dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi isə bu sistemin gələcəkdə Türkiyə-Avropa dəmir yolu şəbəkəsinə çıxış imkanlarını gücləndirə bilər.
Digər mühüm məqam ondan ibarətdir ki, layihə yalnız yükdaşımalarla məhdudlaşmır. TRIPP çərçivəsində dəmir yolu və avtomobil yolları ilə yanaşı, elektrik xətləri, neft-qaz boru kəmərləri və fiber-optik infrastrukturun yaradılması da nəzərdə tutulur.
Ceyhun Bayramov enerji əlaqələrinin şaxələndirilməsini xüsusilə qeyd edibsə, bu, layihədə həmin istiqamətlərin də əksini tapacağını göstərən mühüm məqamdır.
Layihənin qarşısında duran əsas məsələlərdən biri maneəsiz keçidin təmin olunmasıdır. Ermənistan tərəfi bu məsələni öz suveren yurisdiksiyası ilə əlaqələndirir və sərhəd, gömrük kimi məsələləri gündəmə gətirir. Hesab edirəm ki, bu məsələlərin həlli vacibdir. Maneəsiz keçidin təmin olunması üçün gömrük tarifləri, tranzit haqları, sərhəd prosedurları və mütəxəssislərin təhlükəsizliyi ilə bağlı mexanizmlər dəqiq müəyyənləşdirilməlidir. Bütün bunlar layihənin reallaşmasına təsir göstərə biləcək məsələlərdir.
Əsas məsələ isə sülhün hüquqi və institusional şəkildə möhkəmləndirilməsidir. Təsəvvür edək ki, TRIPP layihəsi fəaliyyətə başlayır, qatarlar və avtomobillər hərəkət edir, fiber-optik xətlər və digər kommunikasiya infrastrukturu qurulur. Təbii ki, bu səviyyədə əlaqələrin formalaşması sülhün də möhkəmlənməsinə təsir göstərən amildir. Çünki bu əlaqələrin davamlı şəkildə inkişaf etməsi üçün sabit və təhlükəsiz mühitə ehtiyac var.
Bu baxımdan, TRIPP sülh prosesinə də ciddi töhfə verə biləcək əhəmiyyətli layihədir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31