Paşinyandan pafoslu sözlər, lakin ləngiyən addımlar: Sülh müqaviləsi niyə uzanır? – ÖZƏL

"Nikol Paşinyan bildirir ki, sülhdən sonra Rusiya ilə münasibətlər daha da dərinləşəcək. Bu da göstərir ki, əvvəlki məsələlər yalnız təhlükəsizlik məsələsi idisə, Azərbaycanın sülh müqaviləsi bağlaması Paşinyanın Ermənistanın təkcə Rusiya ilə deyil, Türkiyə ilə də birbaşa sərhədlərinin açılması, Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması, diplomatik, siyasi və ticarət əlaqələrinin gücləndirilməsi kimi məsələlərdən də çıxış etməsinə imkan yaradır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Nikol Paşinyan nəzərə almalıdır ki, Ermənistanda referendum keçirilib qanun dəyişdirilməyəcək. Bunu Ermənistanın baş naziri kimi Nikol Paşinyan etməlidir. Çox təəssüflər olsun ki, Paşinyan həmişə çox pafoslu sözlər işlədir, amma real addımları görmürük. Paşinyan buyursun, sülh müqaviləsini tezləşdirmək yolunda əlində olan imkanlardan istifadə etsin. Azərbaycan həmişə hazırdır. Dünən Paşinyan Rusiya kanallarına müsahibə verəndə ona belə bir sual verdilər ki, "İki stulda oturmaq mümkün deyil". O, da bildirdi ki, mən bir stulda otururam, o da Ermənistanın stuludur. Amma bilirik ki, Rusiya da Ermənistana referendum şərti qoyub ki, ya Rusiya İqtisadi Birliyi, ya Avropa Birliyini seçsin, seçimi Ermənistan xalqı özü etsin. Rusiya tərəfi bildirib ki, Ermənistan xalqı hansını seçsə, Rusiya ona hörmətlə yanaşacaq. Məsələn, Avropa Birliyi ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinə üzv olmaq, həm də Avrasiya İqtisadi Birliyi ilə üzvlüyü saxlamaq. Mən düşünürəm ki, bunu Paşinyan balans siyasəti məsələsi sayır, amma bu mümkün olmayacaq. Çünki Rusiya tərəfi qəti mövqeyini qoyub və Ukrayna məsələsindən bir dərs alıb. Vaxtında Ukraynaya müəyyən addımlar atıldı, sonra yenə nəticələnmədi və hazırda müharibə davam edir.

"Paşinyan təbii ki, bunu istəyir ki, Avrasiya İqtisadi Birliyinin hələlik imkanlarından istifadə etsin, o vaxta qədər ki, Ermənistanın real Avropa Birliyinə üzvlüyü məsələsi həllini tapsın, ondan sonra artıq oradan çıxsın. Amma düşünmürəm ki, Rusiya bununla razılaşacaq. Rusiya bunu balanslaşdırılmış siyasət hesab etmir. Ona görə də Rusiyayla münasibətlərin daha da yaxınlaşacağı məsələsi təbii ki, Paşinyanın arzusudur. Amma güman etmirəm ki, Paşinyanın "balans" adlandırdığı siyasət həyata keçmiş olsun", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31