Qarabağdan köçənlərin sosial problemləri Ermənistanda hakimiyyətə təzyiq vasitəsinə çevrilir- ÖZƏL
15:41 Siyasət" Ermənistanda Qarabağdan könüllü olaraq köçüb gedənlərin müzakirəsi həm real sosial ehtiyacların həlli, həm də siyasi simvolika uğrunda mübarizə kimi ikitərəfli xarakter daşıyır. Müxalifətin mövqeyi əsasən bu şəxslərin sosial durumu ilə bağlı tələbləri əldə bəhanə tutaraq hökumətə təsir göstərməkdir. Müxalifət qüvvələri hazırda bildirirlər ki, mənzil, pensiya və işsizlik kimi problemlər həyati vacibdir. Bu müzakirələrin əsasən köçkünlərin ağır vəziyyətini diqqət mərkəzində saxlamağa xidmət etdiyi deyilir. Lakin keçmiş qondarma "Artsax" qurumlarının və vəzifələrinin adının hallandırılması mövzunun siyasi müstəviyə keçdiyini göstərir".
Bu fikirləri politoloq Tural İrfan Olaylar.az-a açıqlamasında söyləyib:
" Bu, belə olduğu halda hakimiyyətə təzyiq vasitəsi və siyasi gündəmin qorunub saxlanılması aləti kimi də qiymətləndirilir. Hakimiyyətin strategiyası isə balansın qorunması siyasətidir. "Vətəndaş Müqaviləsi" partiyası açıq şəkildən bəyan edir ki, Ermənistanda paralel və ya keçmiş strukturların bərpasına yönələn hər hansı addım ölkənin təhlükəsizliyinə və suverenliyinə ziddir. Hakimiyyət bu cür istinadları regionda sülh prosesinə maneə kimi görür. Hakimiyyət siyasi simvoldan imtina etsə də, köçkünlərin sosial hüquqlarını təmin etmək üçün dövlət proqramları, mənzil təminatı, müavinətlər həyata keçirir. Balans sosial problemlərin dövlət büdcəsi çərçivəsində həlli, siyasi iddiaların isə rəsmi şəkildə məhdudlaşdırılması üzərində qurulur. Odur ki, hökumət əsasən köçkünlərin sisial durumu ilə bağlı problemləri həll etməklə onların bu durumunu siyasi müxalifətin əlinə bəhanə verməməsini təmin etməyə çalışacaq".
Zeynəb Mustafazadə