Şair Oktay Zəngilanlının  ömür kitabından səhifələr

Oktay müəllimlə tanışlığım 55 il bundan əvvələ-1971-ci ilə gedib çıxır. O zamankı Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul imtahanlarından sonuncusu- yazılı ədəbiyyart imtahanı idi. Mənimlə bir parta arxasında əyləşən Xurşud Ələkbərovla imtahan prosesində tanış olduq. Elə ilk təmasdan ünsiyyətimiz yaranmışdı. İnstitutun həyətində hər ikimizin böyük qardaşı səbirsizliklə bizi gözləyirdilər. İmtahandan birlikdə çıxdıq. Elə həyətdəcə tanış olduq . Mən Xurşudu qardaşım Rövşən müəllimlə, o isə məni qardaşı Oktay müəllimlə tanış etdik. İmtahanın ilkin nəticəsindən razı idik. Əmin idik ki,  instituta qəbul olacağıq. Ona görə ovqatımız yaxşı idi. Xeyli söhbət etdik, daha yaxından tanış olduq...

Xurşudla münasibətlərimizin sonrakı dövrlərində  öyrəndim ki, Oktay müəllim həm də şairdir. Şeirə yüksək dəyər verən adam kimi, bu məlumat mənim Oktay müəllimə olan münasibətimi bir az da istiləşdirdi...

Bir neçə il bundan əvvəl Xurşud mənə Oktay müəllimin 2009-cu ildə çapdan çıxmış  "Çəkir öz dərdini özündə dünya..." adlı kitabını  hədiyyə etdi. Doğrusu kitabı oxumamışdım. Bu yaxınlarda kitabxanamda səliqə-səhman apararkan həmin kitab əlimə keçdi və vərəqlədiqcə kitaba qarşı bir doğma münasibət yarandı, oxuduqca oxumaq istədim.  Və oxuduqca bu yazı meydana çıxdı.

Qısa arayış: Oktay İskəndər oğlu Ələkbərov 1939-cu ildə Zəngilan rayonunun Vejnəli kəndində anadan olub, sonralar ailəsi ilə birlikdə Mincivan qəsəbəsinə köçüblər. 1957-ci ildə Mincivan qəsəbəsində orta məktəbi, 1962-ci ildə o zamankı Azərbaycan Dövlət Universitetinin (BDU) geoloji-coğrafiya fakültəsini bitirib. Uzun illər Zəngilan rayonu, Mincivan qəsəbə 36 saylı orta məktəbdə müəllim, direktor müavini, direktor vəzifələrində işləyib. 1993-cü ildə rayonun ermənilər tərəfindən işğal edildikdən sonra Bakı şəhərində məskunlaşaraq pedaqoji fəaliyyətini davam etdirmişdir. Ali kateqoriyalı müəllimdir. Gənclik illərində şeirlər yazmış, şeirləri dövrü mətbuatda dərc edilmiş, 1995-ci ildə "Dağlar üz döndərib məndən", 1999-cu ildə "Bir tənhalıq axtarıram" şeirlər kitabları çap olunmuşdur. Ədəbi fəaliyyəti müntəzəm olaraq dəyərləndirilmiş və müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şeirləri orta məktəb dərsliklərində yer almışdır. Oktay müəllim həm də professional səviyyədə qarmon ifaçısıdır. Uzun illər Şərqi Zəngəzurun müxtəlif yaşayış məntəqələrində el şənliklərini, mədəni və musiqi tədbirlərinin təşkilatçısı və iştirakçısı olmuşdur. Qarabağ müharibəsi veteranıdır.

Oktay müəllimin "Çəkir öz dərdini özündə dünya..."  kitabını mən onun ömür kitabı adlandırardım. Həyatını gənc nəslin tərbiyəsinə həsr etmiş, ömrünün müdrik çağlarını yaşayan, dünya görmüş, mütəvaze bir ömür sürmüş, 30 ildən çox bir müddət ərzində oz doğma yurd-yuvasından, elindən-obasında didərgin düşərək məcburi köçkün taleyi yaşamış, həyatın ağrı və acılarına, tukanlı baxışlara, kinayəli sözlərə, istehzalı gülüşlərə sinə gərərək, bütün yaşantılarını şeirə çevirmiş, Oktay müəllimin bu kitabına toplanmış şeirləri, poemaları və kitabda yer almış digər materiallar onun ömür kitaqbının poetikləşmiş səhfələridir.

Azərbaycan poeziyasının klassiklərinin-Nizaminin, Füzulininin, Nəsiminin, Xətainin, Vaqifin, Sabirin, Şəhriyarın və daha kimlərin yaradıcılıığından bəhrələnən Oktay müəllim əslində, elə də  şeir və poeziya ənənəsi olmayan bir bölgədə özünün poeziyasını necə yaratmağın mümkün olduğunu bacarıqla  sübut edə bilib. Bununla yanaşı, şeirləri və poemalarının axıcılığı, dili, üslubu, pafosu, vüsəti və coşqusu, onun, bu il 120 illik yubileyini  qeyd etdiyimiz Böyük şairimiz Səməd Vurğun ədəbi məktəbinin nümayəndəsi olduğunu deməyə əsas verir. Düşünürəm, Oktay müəllim-

Vurğun şeirimizin çörəyi, balı,

Zirvədə dayanıb o dağ qartalı- deməklə əslində bu fikri təsdiq etmiş olur. Dediklərimin təsdiqi üçün Oktay müəllimin özünün də çox sevdiyi məşhur "Azadlıq nəğməsi" şeirindən bir bəndi nümunə gətirmək istəyirəm:

Var dövlətim, ana dilim, qoy eşitsin, bilsin cahan,

Azadlığım əbədidir, əbədidir Azərbaycan,

Tarixinin şərəf yükün daşıyacaq Azərbaycan,

Günəş kimi parlayacaq, nur saçacaq Azərbaycan!

Yaşayacaq Azərbaycan!

Onun ömür kitabının ana xəttini Vətəni tərənnüm edən, sevincli-kədərli, zilli-bəmli nəğmələr təşkil edir, onları oxuduqca sanki bir simfoniya dinləyirsən. Oktay müəllimin özü kitaba yazdığı "Ön söz"ündə  öz yaradıcılığı haqqında belə deyir: "Yazdıqlarım uşaqlıq illərindən içimdə möcüzəli toxum kimi cücərməkdə olan, nə vaxtsa reallığa çevriləcək və açılacaq  çiçəyin ətrini üzə çıxarmaq üçündür. Bu toxum ürəyimin qanı ilə suvarılan, böyüyüb kök salan azadlıq çiçəyini ərsəyə gətirməklə, dağ çaylarının qıjıltısına bənzəyən bir nəğməni dünyaya bəyan etmək üçün boy atan arzu toxumu, ürək harayıdır":

Kədər dənizində üzən gəmiyəm,

Yanıqlı bir udun zili, bəmiyəm.

Yurdu viran qalan elin qəmiyəm,

Bir Vətən həsrətli göz itirmişəm.

Bu simfoniyanın baş qəhrəmanı Vətəndir- şairin dünyaya göz açdığı doğma kəndi Vejnəlıdır, boya başa çatdığı Mincivandır, bütün gözəllikləri, yeraltı-yerüstü sərvətləri, təbiəti, maraqlı və saf insanları ilə birlikdə Zəngilandır, o taylı- taylı bütöv Azərbaycandır, Türk dünyasıdır, Turandır.

Təbii ki, Vətən deyilən bir məhfum ki, müqəddəs anlayış ki, var, bu çox böyük və geniş anlayışdır. Mən həmişə bu qənaətdə olmuşam ki, hər kəs üçün Vətən onun öz evindən, həyətindən, öz kəndindən, onu əhatə edən təbiətdən, mənsub olduğu elin, obanın, mahalın adət ənənəsindən, mənəvi dəyərlərindən başlayır. Sonra bu anılayış səninlə bir yerdə böyüyərək, sərhədlərini genişləndirir, bir kəndin, bir şəhərin , bir mahalın hüdudlarına sığışmır. Böyüyür, genişlənir səninlə bir yerdə yaşa dolur, yeni məna və çalarlar kəsb edir.  

Oqtay müəllim ixtisas etibarı ilə coğrafiyaçıdır. Uzun illər o gənc nəslə vətənin, türkün, dünyanın coğrafiyasını sevə sevə öyrədib. Öyrədib ki, bilsin, hardan başlayır Vətən. Hardan başlayır, harda bitir türk dünyası. O, təkcə orta məktəb dərsliklərində olan mövzuları öyrətmir,  həm də poeziyanın sehirli, cazibədar, əsrarəngiz dili ilə Vətəni səyahətə çıxır, onun gözəlliklərini poetik bir vüsətlə tərənnüm  edir. Onun üçün Vətən anadan olduğu, dünyaya göz açdığı kənddən- Vejnəlidən başlayır:

Papağındı Bürünc qaya

Varmı sənə tay Vejnəli.

Gül çiçəyin gəlmir saya,

Tanrı verib pay Vejnəli.

Onun böyüyüb boya-başa çatdığı, uşaqlıq və yeniyetmə dövrü keçən, təhsil aldığı Mincivan, Oktay müəllimin Vətən anlayışında əsas obyektlərdən  biridir.  Bu mənada Mincivanının tərənnümümnə həsr oliunan şeirlər  Oktay müəllimin Vətən sevgisinin  bu qəsəbənin timsalında təzahürüdür:

Qoynunda boy atıb yaşa dolmuşam,

Ömrümə ünvansız dəniz Mincivan!

Adınla həmişə qoşa olmuşam,

Anam tək istəklim, əziz Mincivan!

Oktay müəllimin Vətən sevgisi Zəngilanın timsalında daha da böyüyr, genişlənir, yeni məna və çalarlar kəsb edir. Və təsadüfi deyil ki, O, bir şair olaraq Zəngilan ifadəsini də özünə ədəbi təxəllüs qəbul edib:

Gözəldir elimin baharı, yayı,

İki cüt hörükdür, dörd axar çayı.

Alıb təbiətdən gözəllik payı,

Boyalı, bəzəkli Zəngilandanam.

Babəkdən iz qalıb, Şəhri-Şərifan,

Bu torpaq yetirib min bir qəhrəman.

Ölsəm, Zəngilandır dərdimə dərman,

Ömrümə gərəkli Zəngilandanam.

Ancaq Oktay müəllimin Vətən anlayışı Zəngilanla da məhdudlaşmır, bu anlayışlar böyüyür və daha dərin, daha böyük məna kəsb edir, Azərbaycanlaşır:

Sən tanındın Nizaminin, Füzulinin şöhrətindən,

Qanadlandın, Şah ismayıl Xətayininin qüdrətindən.

Qürurlandın Cavad Xanının, Səttar Xanının qeyrətindən,

Sərhədlərin qorunacaq, nə qədər ki, var canda can,

Dədə Qorqud ocağından od almısan, Azərbaycan!

Bu dünyanı gəzib dolan, gözəl Odlar Yurduma bax,

Bədniyyətin, xainlərin çəkiləcək qəlbinə dağ,

Azərbaycan canımızdır, ürəyimizdir Qarabağ,

Bizim özgə torpağında, gözümüz yox bilsin cahan,

Yaradandan əbədilik  bəhər almış Azərbaycan!

Türklük, Turançılıq Oktay Zəngilanlanın yaradıcılığından  qırmızı xətlə keçir. Əslində bu mövzular da Oktay müəllimin yaradıcılığında Vətən anlayışının tərkib hissəsi kimi təqdim edilir. Onun təsəvvüründə Türk dünyası da, Turan da onun Böyük Vətənidir və bir vaxtlar mövcud olmuş, sonralar tarixin sərt qovğaları ilə parçalanmış bu Vətən yenə də birləşəcəkdir. Bu qəbildən olan şeirlər arasında onun "Türkün bayrağı " şeiri çox maraqlı və diqqətə layiqdir:

Özbək, Qazax, Azəri, Qırğız, Uyğur birləşər,

Başqırd, Tatar, Türk, Türkmən-Türksoy adlı bir bəşər,

Kəsə bilməz Türk yolun qara qüvvə, hiylə, şər,

Birləş Türk oğlu, birləş, gülsün Türkün növrağı,

Qalx ayağa Türk oğlu, qalxsın Türkün bayrağı!

Dünya qoca dünyadır, boşalıb dolacaqdır,

İyirmi birincü yüz il, Türk əsri olacaqdır.

Minilliklər keçəcək, Türklüyün qalacaqdır,

Günəş kimi parlayır, yanır türkün çırağı,

Qalx ayağa Türk oğlu, qalxsın Türkün bayrağı!

Mənim bu qeydlərim Oktay Zəngilanlının ömür kitabının poeziyaya çevrilmiş səhfələrindən  kiçik parçalar idi. Düşünürəm ki, onun çoxformalı, çox janrlı, çox məzmunlu, əhatəli və ədəbi  proseslər üçün maraq kəsb edəcək yaradıcılığı ədəbi tənqiddən bir qədər kənarda qalıb və səbirsizliklə öz araşdırıçılarını gözləyir. Bu yazının bir məqsədi də təkcə oxucuların yox, həm də ədəbi tənqidin diqqətini Oktay Zəngilanlı yaradıcılığına yönəltməkdən  ibarətdir.

Ramiz Göyüş

Yazıçı-publisist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31