Haaqada polis və miqrasiya əleyhinə nümayişçilər arasında toqquşmalar baş verib
19:00 DünyaHaaqada Niderlandın çevik polis qüvvələri ilə təxminən 500 ifrat sağçı nümayişçi arasında toqquşmalar baş verib. Nümayişçilər antisemit şüarlar səsləndirib, hüquq-mühafizə orqanlarının əməkdaşlarına pirotexniki vasitələr və digər əşyalar atıblar.
Bu barədə AFP-nin hadisə yerində olan jurnalistləri məlumat verib.
Məlumata görə, şəhər ərazisindən keçirilməsi planlaşdırılan yürüşün hakimiyyət orqanları tərəfindən qadağan edilməsindən sonra polis əməkdaşları xidməti itlərlə birlikdə nümayişçiləri dağıtmaq üçün dəyənəklərdən istifadə edərək onlara müdaxilə ediblər. Atlı polis bir neçə nəfəri saxlayıb, hüquq-mühafizə orqanları isə iğtişaş iştirakçılarını dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
Ədliyyə naziri David van Vil vəziyyəti X sosial şəbəkəsində belə ifadə edib: "Hitler salamları, antisemit şüarlar, polisə qarşı zorakılıq və çevik polis qüvvələrinə pirotexniki vasitələrin atılması. Buna qətiyyətli cavab verilməsi vacibdir", - deyə vurğulayıb.
"Biz xalqıq" ("We Are The People") adlı toplantı hökumətin, xüsusilə də miqrasiya siyasətinə etiraz məqsədilə təşkil olunub.
Nümayişçilər şəhər ərazisində yürüş keçirməyi planlaşdırıblar, lakin toplaşdıqları parkda zorakılıq hadisələri baş verdikdən sonra şəhər rəhbərliyi yürüşü qadağan edib və toplantının dağıdılması barədə göstəriş verib.
"Biz ölkəmizi itiririk. Kütləvi miqrasiya səbəbindən sözün əsl mənasında ölkəmizi itiririk", - deyə nümayişdə iştirak edən 31 yaşlı mexanik Teys Yansen AFP-yə bildirib.