Toy mədəniyyətimiz dəyişirmi?- ARAŞDIRMA

Toy sadəcə iki insanın ailə qurması deyil. Toy həm də bir xalqın yaddaşı, ailə dəyərlərinin güzgüsü, nəsillər arasında qurulan mənəvi körpüdür. Cəmiyyətin həyat tərzi, dünyagörüşü və sosial münasibətləri necə dəyişirsə, toy mərasimləri də həmin dəyişikliklərin ən aydın göründüyü məkanlardan birinə çevrilir. Bu gün Azərbaycanda keçirilən toylarla bir neçə onillik əvvəl təşkil olunan toyları müqayisə etdikdə fərqli mənzərə ilə qarşılaşırıq. Bir zamanlar həyətlərdə, kənd meydanlarında, qohum-qonşunun birgə zəhməti ilə baş tutan sadə və səmimi məclislərin yerini indi dəbdəbəli restoranlar, bahalı bəzəklər, peşəkar foto və video çəkilişlər, sosial şəbəkələr üçün hazırlanmış xüsusi görüntülər və şou xarakterli proqramlar tutmağa başlayıb. Əlbəttə, zaman dəyişir və hər dövr öz yeniliklərini gətirir. Müasir texnologiyalar insanların həyatına daxil olduqca toylar da bundan təsirlənir. Bu gün gənclər öz ən xoş günlərini daha fərqli şəkildə keçirmək, onu yaddaşlarda saxlamaq və geniş auditoriya ilə paylaşmaq istəyirlər. Düşünürəm ki, sosial media platformaları isə toyların yalnız ailə və yaxın çevrə üçün deyil, minlərlə insanın izlədiyi bir nümayişə çevrilməsinə şərait yaradır. Bir neçə saat davam edən mərasim artıq təkcə iştirakçılar üçün deyil, həm də ekran qarşısındakı izləyicilər üçün hazırlanır.  Lakin bu dəyişikliklər cəmiyyətdə müxtəlif suallar da doğurur. Toyun əsas mahiyyəti olan ailələrin birləşməsi, qohumluq münasibətlərinin möhkəmlənməsi və milli ənənələrin yaşadılması əvvəlki qədər ön plandadırmı? Yoxsa toylar getdikcə daha çox nümayiş və rəqabət meydanına çevrilir? Bir çox ailələr üçün toy artıq sevinc məclisi olmaqla yanaşı, ciddi maliyyə yükünə də çevrilib. Bəzən insanlar illərlə topladıqları vəsaiti bir günlük mərasimə sərf edir, hətta kredit götürərək dəbdəbəli toy keçirməyə çalışırlar. Bu isə toyun sosial mahiyyəti ilə iqtisadi reallıqlar arasında müəyyən ziddiyyət yaradır. Bütün bunlar bir sualları aktuallaşdırır: Azərbaycan toylarının ənənəvi mahiyyəti nə idi və bu mahiyyət bu gün nə dərəcədə qorunub saxlanılır? Müasir toy mərasimlərində müşahidə olunan dəbdəbə və şou elementləri milli toy mədəniyyətinə necə təsir edir? toylarımızda ənənə ilə müasirlik arasında balansı qorumaq üçün nələrə diqqət yetirilməlidir?

Mövzu ilə bağlı Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru, kulturoloq Minəxanım Əsədova Olaylar.az-a açıqlama verib:

" Tarixin müxtəlif dövrlərində kütləvi məişət tədbirləri, yəni el şənlikləri, toy mərasimləri və digər mərasimlər sosial mühitə uyğun şəkildə keçirilib. Azərbaycan toylarının da ənənəvi mahiyyəti zaman keçdikcə dəyişib. Məsələn, XIX əsrdə toy şənlikləri əsasən ailələrin evlərində təşkil olunurdu. Həmin dövrün sosial və siyasi mühitinə nəzər saldıqda fərqli yanaşmaların mövcud olduğunu görürük. Əgər XIX əsrdən və XX əsrin əvvəllərindən başlayaraq sonrakı dövrlərə diqqət yetirsək, şahid olarıq ki, qızla oğlanın görüşməsi adətən qadağan edilirdi və ailələrin məsləhəti ilə evlilik baş tuturdu. Adətən qızı oğlan üçün onun anası seçirdi. Bu seçim toyda, nişanda, müxtəlif tədbirlərdə və ya hamamda ola bilirdi. Bəzən qızı bəyəndikdə müəyyən bəhanə ilə həmin ailənin evinə gedir, evin səliqəsinə, ailənin vəziyyətinə baxır, onlar haqqında məlumat toplayırdılar. Bu ənənələrin izlərini ədəbiyyat nümunələrində və filmlərimizdə də görmək mümkündür. Əksər hallarda oğlanla qız yalnız toy günü bir-birini görə bilirdi. Qadın və kişi toyları ayrı keçirilirdi. Həmin dövrdə qadınlar əsasən ailə daxilində çalışır, ictimai həyatda aktiv iştirak etmirdilər. Qızların təhsil alması da geniş yayılmamışdı və onlar erkən yaşlarda ailə qururdular. XIX əsrin sonu və XX əsrin əvvəllərində xalqın maariflənməsi prosesi başladı. Qız məktəbləri və digər təhsil müəssisələri açıldı. Qızlar təhsil almağa başladılar. XX əsr boyunca ölkənin sosial, mədəni və siyasi həyatında baş verən dəyişikliklər toy adətlərinə də təsir göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, daha sonra Sovet hakimiyyətinin formalaşması və həmin siyasi quruluşların təsiri ilə ənənələr də dəyişirdi. Sovet dövründə filmlər, kitablar və müxtəlif təbliğat vasitələri ilə yeni ideoloji yanaşmalar formalaşdırılırdı. Bunu həmin dövrdə çəkilmiş filmlərdə də görmək mümkündür. Əgər XIX əsrin adət-ənənələrini "Arşın mal alan" kimi filmlərdə müşahidə ediriksə, XX əsrin yeni münasibətlərini "Böyük dayaq", "Əhməd haradadır?" və digər filmlərdə görürük. Əgər toylar XX əsrin əvvəllərində evlərdə və ya çadırlarda keçirilirdisə, əsrin ortalarından etibarən şadlıq evləri və restoranlar meydana çıxmağa başladı. Sovet yanaşması milli adət-ənənələrə də müəyyən təsir göstərdi və zaman keçdikcə bu ənənələr dəyişməyə başladı. Sosial mühitə uyğun olaraq qızların təhsili davamlı xarakter aldı. Oğlanların da təhsil müddəti uzandı. Əgər XX əsrdə ailə quranların əksəriyyəti daha gənc yaşlarda evlənirdilərsə, XXI əsrdə bu tendensiya dəyişdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra və qloballaşmanın təsiri altında ailə qurmağa münasibət də dəyişməyə başladı. Artıq gənclər tez ailə qurmağa meyilli deyillər. Onlar təhsillərini başa vurmaq, karyera qurmaq, maddi və mənəvi baxımdan müstəqil olmaq istəyirlər. Bundan sonra ailə qurmağa üstünlük verirlər. Bu səbəbdən evlilik yaşı da yüksəlmişdir.

Bu halların həm müsbət, həm də mənfi tərəfləri var. İstənilən dövrdə əsas məqsəd yeni ailənin qurulması, xoşbəxt olmaq və nəslin layiqincə davam etdirilməsidir. Lakin XX əsrin sonlarından etibarən toy mərasimləri müəyyən mənada daha çox dəbdəbə və rəqabət xarakteri almağa başlayıb. Bunun müxtəlif səbəbləri var. Bir tərəfdən şadlıq evlərinin kommersiya maraqları, digər tərəfdən isə cəmiyyət daxilində formalaşan rəqabət mühiti buna təsir göstərir. Müasir toyların mənfi tərəflərindən biri də onların müəyyən mənada biznesə çevrilməsidir. Biz burada yeməklərin həddindən artıq israf olunmasının şahidi oluruq. Bəzən insanlar toylarında az sayda yemək növü təqdim etmək istəsələr də, bəzi şadlıq evləri buna razı olmur və yalnız özlərinin müəyyən etdiyi menyunu qəbul etməyi tələb edirlər. Nəticədə israfçılığın qarşısını almaq istəyən insanlar belə həmin şərtlərlə razılaşmağa məcbur qalırlar. Müasir yaşayış binalarında böyük toy məclislərinin keçirilməsi çətin olduğundan insanlar şadlıq evlərinin xidmətlərindən istifadə etməyə məcbur olurlar. Bu isə əlavə xərclərə, israfçılığa və bəzən ailələr arasında narazılıqlara səbəb olur. Bəzən toyun mahiyyəti olan mehribanlıq və sevinc ikinci plana keçir, oğlan və qız tərəfi arasında münasibətlər gərginləşir. Bunlar müasir dövrün ailələrə mənfi təsir göstərən tərəfləridir. Ənənə ilə müasirlik arasında balansı qorumaq üçün toy sahiblərinin seçim azadlığı olmalıdır. Bahalı şadlıq evləri də fəaliyyət göstərə bilər, daha sadə variantlar da mövcud ola bilər. Məsələn, şadlıq evləri yalnız zalı kirayəyə verə və ya tam xidmət paketi təklif edə bilərlər. Toy sahibi isə öz imkanına və istəyinə uyğun variantı seçə bilər. Əgər ailə yalnız bir neçə növ yemək təqdim etmək istəyirsə, buna imkan yaradılmalıdır. İmkanlar və seçimlər nə qədər müxtəlif olsa, insanlar da öz büdcələrinə uyğun qərar verə bilərlər. Digər təklif isə dövlət səviyyəsində müəyyən tənzimləmələrin həyata keçirilməsidir. Toy xidmətlərinin təşkili ilə bağlı müəyyən çərçivələr müəyyən edilə bilər. Belə qərarlar həm israfçılığın qarşısının alınmasına, həm də insanların daha rahat və sərbəst seçim etməsinə kömək edə bilər. 

İstənilən halda hər ailənin məqsədi öz övladını xoşbəxt görməkdir. Bu mənada gənclərin öz aralarında səmimi münasibətlərinin olması, münasibətin təmənna yox sevgi üzərində qurulması çox vacib şərtdir".

Mövzu ilə bağlı "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri, sosioloq Nailə İsmayılova Olaylar.az-a açıqlama verib:

" Son illərdə Azərbaycanda toy mədəniyyətində bir sıra nəzərəçarpan dəyişikliklər baş verib. Əvvəllər toylar daha çox ailələrin, qohumların və yaxın çevrənin bir araya gəldiyi ənənəvi mərasim kimi qəbul edilirdisə, bu gün bir çox hallarda toylar həm də sosial təqdimat vasitəsinə çevrilib. Müasir toyların əsas xüsusiyyətləri arasında bahalı restoranların seçilməsi, peşəkar foto və video çəkilişləri, xüsusi dekorasiya, şou-proqramlar, sosial şəbəkələr üçün hazırlanmış görüntülər və fərdiləşdirilmiş təşkilatçılıq yer alır. Bununla yanaşı, bəzi ailələr artıq daha kiçik və sadə toy mərasimlərinə üstünlük verməyə başlayıblar. Xüsusilə gənc nəsil arasında toyun miqyasından çox ailə həyatına başlamağın vacibliyi barədə düşüncələr güclənir. Toyların bahalaşmasının sosial səbəblərini araşdırdıqda görürük ki, toyların getdikcə daha təmtəraqlı keçirilməsinin bir neçə səbəbi var. İlk növbədə sosial şəbəkələrin təsiri və başqaları ilə müqayisə meyli daha güclüdür. Cəmiyyətdə nüfuz və status nümayiş etdirmək istəyində var. Digər səbəblər :qohum və tanışların gözləntiləri, toy sənayesinin inkişafı və müxtəlif xidmətlərin artması, "Ömürdə bir dəfə olur" düşüncəsi ilə yüksək xərclərə haqq qazandırılması.

Bir çox hallarda ailələr maddi imkanlarından daha artıq vəsait xərcləyərək cəmiyyət qarşısında müəyyən imic formalaşdırmağa çalışırlar.Toy xərclərinin gənc ailələrə təsiri gözardı etmək olmaz. Belə ki, toy mərasimlərinin yüksək maliyyə yükü gənc ailələr üçün ciddi problemlər yaradır. Bəzi hallarda ailələr toy üçün kredit götürür və ya illərlə topladıqları vəsaiti xərcləyirlər. Son nəticə də ondan ibarət olur ki, gənclər evlənmə qərarını gecikdirir lər, yeni ailə həyatı maliyyə borcları ilə başlayır, ailədaxili stress və mübahisə riski artır, mənzil, təhsil və ya gələcək planlara ayrılmalı vəsait toy xərclərinə yönəlir. Bu vəziyyət ailə institutunun möhkəmlənməsinə deyil, əksinə, bəzi hallarda əlavə sosial və iqtisadi çətinliklərə səbəb olur. 

Bir tərəfdən, toy hələ də ailələrin birləşməsi, milli adət-ənənələrin yaşadılması və qohumluq münasibətlərinin möhkəmləndirilməsi funksiyasını daşıyır. Digər tərəfdən isə bəzi hallarda mərasimin məzmunundan çox onun görünüşü və nümayiş tərəfi ön plana keçir. Belə görünür ki, müasir dövrdə toylar müəyyən dərəcədə həm ailə dəyərlərini, həm də sosial status nümayişini əks etdirir. Lakin toyun mahiyyətinin qorunması üçün diqqətin mərasimin dəbdəbəsindən çox, qurulan ailənin sağlam və davamlı olmasına yönəldilməsi daha məqsədəuyğun hesab olunur.

Nəticə etibarilə, toyun uğuru onun nə qədər bahalı keçirilməsi ilə deyil, yeni yaranan ailənin nə qədər möhkəm, xoşbəxt və dayanıqlı olması ilə ölçülməlidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31