46 mindən 95 minə...: Azərbaycan hansı demoqrafik təhlükə ilə üz-üzədir?
19:24 SosialAzərbaycanda abortların sayının son illərdə kəskin şəkildə artması demoqrafik inkişaf, ailə institutu və milli təhlükəsizlik baxımından ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqladığı rəsmi statistik göstəricilər problemin miqyasının getdikcə böyüdüyünü açıq şəkildə nümayiş etdirir. Belə ki, 2021-ci ildə ölkədə qeydə alınan abortların sayı 46 min olduğu halda, cəmi dörd il sonra - 2025-ci ildə bu rəqəm 95 min 117-yə yüksəlib. Başqa sözlə, qısa zaman ərzində abortların sayı iki dəfəyə yaxın artaraq rekord həddə çatıb. Bu statistika sadəcə tibbi göstərici deyil, eyni zamanda cəmiyyətin sosial, iqtisadi və mənəvi vəziyyətini əks etdirən mühüm indikatorlardan biri hesab olunur. Mütəxəssislər qeyd edirlər ki, abortların bu qədər sürətlə artması ailə planlaşdırılması sahəsində mövcud problemlərin, reproduktiv sağlamlıqla bağlı maarifləndirmənin yetərli olmamasının, erkən və planlaşdırılmamış hamiləliklərin, sosial-iqtisadi çətinliklərin, eləcə də bəzi hallarda cins seçiminə əsaslanan abortların hələ də tam aradan qaldırılmadığının göstəricisidir.
Məsələnin aktuallığını artıran əsas amillərdən biri də Azərbaycanın uzun illərdir müşahidə olunan demoqrafik çağırışlarla üz-üzə qalmasıdır. Son dövrlərdə doğum səviyyəsində azalma tendensiyası müşahidə olunur. Əhalinin təbii artım tempinin zəiflədiyi, nikahların sayının azaldığı və boşanmaların artdığı bir şəraitdə abortların sayının sürətlə yüksəlməsi demoqrafik balansın gələcəyi ilə bağlı ciddi suallar yaradır.
"Abortların sayının 2021-ci ildə 46 min 877-dən 2025-ci ildə 95 min 117-yə qədər yüksəlməsi kifayət qədər ciddi və həyəcan doğuran statistik göstəricidir. Bu, həm də sosial statistika baxımından Azərbaycanda demoqrafik problemlərin dərinləşməsi riskini göstərən amillərdən biridir. Son dörd il ərzində abortların sayında iki dəfədən artıq artım müşahidə olunur ki, bu da ailə ilə bağlı sosial siyasətə, sosial-demoqrafik proseslərə və reproduktiv inkişaf məsələlərinə mənfi təsir göstərən faktorlar sırasındadır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib. Sosioloq bildirib ki, bu vəziyyət eyni zamanda sosial davranışlarda və dəyərlər sistemində müəyyən dəyişikliklərin, bəzi hallarda isə aşınmaların mövcud olduğunu göstərir. Səbəblər əsasən sosial-iqtisadi amillərlə bağlıdır. Son illərdə, eləcə də son onillik ərzində yaşayış xərclərinin davamlı artması, mənzil probleminin kəskinləşməsi, uşaqların böyüdülməsi ilə bağlı maliyyə yükünün ağırlaşması bir çox ailələri daha az uşaq sahibi olmağa sövq edir. Valideynlər əksər hallarda bir övladla kifayətlənməyə üstünlük verirlər. Diqqət çəkən digər amillərdən biri də boşanmaların sayının artmasıdır. Bu göstərici artıq nikahların sayına nisbətdə kifayət qədər yüksək səviyyəyə yaxınlaşır. Bunun fonunda bəzi şəxslər ailə qursalar və ya qeyri-rəsmi münasibətlərdə olsalar belə, planlaşdırılmamış övlad sahibi olmaq istəmirlər. Bu isə bəzi hallarda hamiləliyin dayandırılması ilə nəticələnir. Təbii ki, bu vəziyyət qadınların reproduktiv sağlamlığına və gələcəkdə nəsil artırma imkanlarına da mənfi təsir göstərə bilər. Eyni zamanda ailə planlaşdırılması sahəsində müəyyən boşluqların və problemlərin mövcud olduğunu ortaya qoyur. Rəsmi statistika müəyyən qədər fərqli ola bilər, real göstəricilər bəzi hallarda daha yüksək və ya daha aşağı ola bilər. Lakin ümumi mənzərə göstərir ki, insanların bir hissəsi valideynliyə və ailə planlaşdırılmasına kifayət qədər hazır olmur. Həm qadınların, həm də kişilərin bu məsələdə ciddi məsuliyyəti olmalıdır. Əgər övlad sahibi olmaq planlaşdırılmırsa, bu məsələ əvvəlcədən nəzərə alınmalı, müvafiq qorunma vasitələrindən istifadə edilməlidir ki, sonradan belə problemlər yaranmasın. Abortların artmasına təsir edən amillərdən biri də doğuş yaşının yüksəlməsidir. Statistikalar göstərir ki, 35 yaşdan yuxarı qadınlar arasında abortların sayı daha yüksəkdir. Bu da onu göstərir ki, yaş artdıqca bir çox ailələr bir övladla kifayətlənməyə və ya daha məhdud ailə modelinə üstünlük verməyə başlayırlar. Karyera planları, iqtisadi sabitlik və digər sosial səbəblər burada mühüm rol oynayır. Gec ailə qurmaq və uşaq sahibi olmağı təxirə salmaq da dolayısı ilə bu proseslərə təsir göstərən amillərdən biridir. Bu tendensiya ilə bağlı proqnozlar isə çox nikbin görünmür. Əgər son on ildə müşahidə olunan proseslər növbəti on və ya iyirmi il ərzində də davam edərsə, doğum səviyyəsinin əhəmiyyətli dərəcədə azalması qaçılmaz ola bilər. Əhalinin yaşlanması sürətlənə, əmək bazarında gənc işçi qüvvəsinin sayı azala bilər ki, bu da iqtisadi inkişaf üçün müəyyən çətinliklər yarada bilər. Digər tərəfdən, pensiya və sosial təminat sistemi də bu proseslərdən təsirlənə bilər. İşləyən əhalinin sayının azalması və yaşlı əhalinin xüsusi çəkisinin artması sosial təminat sisteminə əlavə yük yarada bilər. Nəticədə pensiya yaşının artırılması ilə bağlı müzakirələr gündəmə gələ bilər ki, bu da sosial narazılıq və gərginlik yaradan amillərdən birinə çevrilə bilər. Regionlardan iri şəhərlərə, xüsusilə də paytaxta miqrasiyanın sürətlənməsi və urbanizasiyanın dərinləşməsi də gözlənilən proseslər sırasındadır. Aşağı doğum göstəriciləri və abortların artması əmək bazarının və əhali strukturunun zəifləməsinə səbəb ola bilər. Bu isə uzunmüddətli perspektivdə sosial və iqtisadi problemlərin yaranmasına gətirib çıxara bilər.
Sosioloq qeyd edib ki, cəmiyyətlərin əksəriyyətində, xüsusilə də Şərq cəmiyyətlərində oğlan övladına müəyyən üstünlük verilməsi tendensiyası mövcuddur. Bunun səbəbi kimi çox zaman oğlanların gələcəkdə ailə quraraq valideynlərinə dəstək olacağı düşüncəsi göstərilir. Bu, müəyyən mənada ənənəvi yanaşmanın bir hissəsidir. Qərb ölkələrində bu tendensiya daha zəif olsa da, tamamilə yox olmuş deyil. Əgər ailələr yalnız bir övlad sahibi olmağı planlaşdırırsa və sosial təminat sistemi kifayət qədər güclü deyilsə, bəzi hallarda oğlan övladına üstünlük verilməsi meyli daha da güclənə bilər. Bu isə uzunmüddətli perspektivdə gender balansına təsir göstərə bilər. Avropanın bəzi ölkələri artıq demoqrafik böhranla üzləşirlər. Müxtəlif ölkələrdə kişi və qadın əhali arasında nisbətin dəyişməsi, doğum səviyyəsinin aşağı düşməsi və ailə institutunun zəifləməsi ilə bağlı problemlər müşahidə olunur. Bu proseslər əhali balansını dəyişdirir, bəzi hallarda insanların uyğun həyat yoldaşı tapmasını çətinləşdirir və sosial münasibətlər sisteminə təsir göstərir. Ümumiyyətlə, problem kifayət qədər ciddi və həssas xarakter daşıyır. Dünyada doğulan uşaqlar arasında təbii gender nisbəti müəyyən çərçivədə dəyişir. Bununla yanaşı, sosial və iqtisadi amillər də gender balansına təsir göstərə bilir. Bu səbəbdən ailə planlaşdırılması məsələlərinə daha məsuliyyətli yanaşmaq vacibdir. Normal ailə modelində minimum iki uşağın olması və onların birinin qız, digərinin oğlan olması bir çox ailələr tərəfindən optimal variant kimi qəbul edilir. Müasir elm və texnologiyalar valideynlərə ailə planlaşdırılması ilə bağlı daha geniş imkanlar yaradır. Buna görə də bir çox hallarda abortlara müraciət etmədən də ailə planlarını qurmaq mümkündür. Tək övlada üstünlük verilməsi və bu zaman daha çox oğlan uşağının arzu olunması müəyyən sosial nəticələr yarada bilər. Bu proseslərə birbaşa müdaxilə etmək çətin olsa da, maarifləndirmə tədbirləri, sosial təşviq mexanizmləri və ailə siyasətinin təkmilləşdirilməsi müəyyən müsbət nəticələr verə bilər. Gender balansı pozulduqda müxtəlif problemlər meydana çıxa bilər. Evlilik yaşına çatmış şəxslərin bir hissəsi ailə qura bilməyə, nikah bazarında disbalans yarana bilər. Bu isə sosial gərginlik, qarşılıqlı münasibətlərdə çətinliklər və bəzi hallarda məcburi nikah risklərinin artmasına səbəb ola bilər. Eyni zamanda ailə institutunun qorunması və inkişaf etdirilməsi ilə bağlı problemlər dərinləşə bilər.
N. Niftəliyevin sözlərinə görə, bu məsələlər həm hüquqi, həm sosial-siyasi, həm də milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Demoqrafik təhlükəsizlik dövlətin strateji maraqları sırasına daxil olan vacib istiqamətlərdən biridir. Sağlam ailə münasibətləri formalaşdıqca cəmiyyət də daha sağlam əsaslar üzərində inkişaf edir. Siyasi, iqtisadi və sosial institutların dayanıqlılığı da müəyyən mənada ailə institutunun vəziyyəti ilə bağlıdır. Bu istiqamətdə praktik addımların atılması, ailə modelinin müasir şəraitə uyğun şəkildə inkişaf etdirilməsi artıq zərurətə çevrilib. Problemin həlli mümkündür. Bunun üçün həm vətəndaş məsuliyyəti, həm dövlət-vətəndaş həmrəyliyi, həm də ictimai maraqların düzgün ifadə olunması vacibdir. Eyni zamanda iqtisadi təminatın, sosial təminatın və sosial təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi bu problemlərin əhəmiyyətli hissəsinin həllinə və ya yumşaldılmasına kömək edə bilər.
Səidə Ramazanova