İranda hakimiyyət daxilində çatlar dərinləşir: Pezeşkian niyə istefa vermək istəyə bilər?- ÖZƏL

"Pezeşkianın istefası ilə bağlı xəbərlərin yayılmasından dərhal sonra prezident aparatının bunu təkzib etməsi və Pezeşkianın iş başında olduğu, xalqına xidmət etdiyini bildirməsi onu deməyə əsas verir ki, hələlik Pezeşkianın istefa etməsi məsələsi gündəmdə deyil".
Bu fikirləri  politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib:

"Bundan əvvəl də belə hallarla qarşılaşmışdıq. Hələ qarşıdurmalardan əvvəl, Xameneinin vəfatından əvvəl Pezeşkianın bir neçə dəfə istefa verməyə cəhd etdiyi barədə məlumatlar yayılmışdı. Lakin sonradan Ali dini liderin də məsləhəti və uyğun hesab etməsi ilə o, vəzifəsinin icrasını davam etdirmişdi.
İndi belə şayiələr və iddialar ortaya atılıbsa, bu o deməkdir ki, yenə də Pezeşkianın özü şəxsən vəzifəsinin icrasında çətinlik çəkir və ya qarşısında müəyyən maneələrin olduğunu deyək, məhz buna görə də onun yenidən istefa vermək istəyi yarana bilər. Ancaq yəqin ki, onun bu fikrinə qarşı çıxan həm öz ətrafında, həm də Ali dini lider aparatında çox sayda insan var. Buna görə də hazırda belə bir qərarın qəbul edilmədiyi və ya Pezeşkianın istefasının əngəlləndiyi görünür.
Nəyə görə? Çünki belə bir məqamda Pezeşkianın istefa verməsi İranda sarsıdıcı nəticələrə gətirib çıxara bilər. Münaqişə hələ tam başa çatmayıb. Bəli, atəşkəs əldə olunub, amma bu, müvəqqəti xarakter daşıyır. Atəşkəsdən sonra ABŞ-İran razılaşmasının əldə ediləcəyi də qəti deyil. Bu isə o deməkdir ki, hərbi əməliyyatlar yenidən başlaya bilər.
Belə bir qeyri-müəyyən siyasi vəziyyətdə İran prezidentinin, yəni xalqın seçdiyi şəxsin vəzifəsindən istefa verməsi ölkədaxili siyasi vəziyyəti daha da gərginləşdirə bilər. Bu isə İranın dövlət maraqları baxımından ciddi fəsadlara səbəb ola bilər. Məhz bu səbəbdən də Pezeşkianın belə bir istəyi olsa belə, böyük ehtimalla onun istefasına imkan verilməyəcək.
Bəs Pezeşkian niyə istefa vermək istəyə bilər? Əgər bu versiya doğrudursa, bunun bir neçə səbəbi ola bilər.
Mənə elə gəlir ki, Əli Xameneinin ölümündən və İranın siyasi elitasının mühüm fiqurlarının aradan çıxmasından sonra SEPAH faktiki olaraq ölkə üzərində nəzarəti daha da gücləndirib.
Digər tərəfdən, ABŞ-ın İrana endirdiyi zərbələr radikal qrupların İran siyasətində üstünlük qazanması üçün əlavə imkanlar yaradıb. Çünki həmin qüvvələr indi daxili auditoriyaya rahat şəkildə sübut edə bilirlər ki, ABŞ-a etibar etməmək və hər zaman müharibəyə hazır olmaq barədə söylədikləri fikirlər doğru imiş. Beləliklə, onlar özlərini İranın və inqilabın qoruyucuları kimi təqdim edərək, ölkəni idarə etmək hüququnun da özlərində olduğunu əsaslandırmağa çalışırlar. Bu isə prezident administrasiyasının işini xeyli çətinləşdirib və prezidentin dövlət idarəçiliyində ciddi maneələrlə üzləşdiyini göstərir. Bütün bu səbəblərə görə Pezeşkian düşünə bilər ki, artıq xalqına istədiyi səviyyədə fayda verə bilmir və buna görə də istefa vermək niyyətinə düşə bilər.
Hər şey onu göstərir ki, ABŞ-ın zərbələrindən sonra İran hakimiyyəti devrilməsə də, onun daxilindəki çatlar getdikcə daha da dərinləşir. Əgər münaqişə dövründə hamı həmrəyliyin qorunmasını vacib sayaraq bir çətir altında birləşə bilmişdisə, indi daha sakit dövrdə İranın daxili siyasətində ciddi problemlərin mövcud olduğu aydın görünür. Bu problemlər təkcə qalmaqla kifayətlənmir, həm də getdikcə böyüyür. Hətta vəziyyət o həddə çatıb ki, prezidentin istefası ilə bağlı şayiələrin yayılması belə ciddi siyasi hadisəyə çevrilib.
Əgər İran hakimiyyəti- istər prezident aparatı, istərsə də Ali dini lider aparatı bu problemlərin qarşısını vaxtında ala bilməsə, böyük ehtimalla SEPAH faktiki olaraq hakimiyyətə nəzarəti tam şəkildə öz əlinə alacaq və bundan sonra ölkədə əsas söz sahibinə çevriləcək. Bəs bunun qarşısını necə almaq olar? Hazırda Xameneinin varisi Müctəba Xamenei əsas qərarverici fiqur kimi öz nüfuzunu və siyasi çəkisini ortaya qoymalıdır. O, ən azı atası kimi İranın mövcud siyasi sisteminin üstünlüyünü ön plana çıxarmalı, SEPAH-a öz yerini göstərməli və prezident aparatı ilə Ali dini lider aparatının birgə şəkildə İranın siyasi həyatının koordinasiyasını təmin etməsinə çalışmalıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31