Əziz dostum, bənzəri olmayan general-mayor Əlimusa Əliyev...
10:50 SosialSizə çox inanmışdım. Yubiley tədbirlərimdə sağalıb iştirak edəcəyinizə söz vermişdiniz. Yalana nifrət etdiyinizi bildiyim üçün bu sözə ürəkdən inanmışdım. İçimdə bir nigarançılıq olsa da, öz-özümə deyirdim ki, "Əlimusa müəllim söz veribsə, mütləq əməl edəcək, sağalacaq, bu ağır və kritik vəziyyəti dəf edəcək."
Amma ilk dəfə verdiyiniz sözü tuta bilmədiniz...
Taleyin acı hökmünə bax ki, mənim dünyaya göz açdığım gündə siz bu dünyaya gözlərinizi əbədi yumdunuz. Dostlarımız sizə olan hörmətimi və məhəbbətimi bildiklərindən bu ağır xəbəri mənə yalnız gecə çatdırdılar. Həm də göz yaşları içində, hönkürə-hönkürə...
Bu xəbəri eşidəndə elə sarsıldım ki, sanki içimdə bir dünya dağıldı. O gündən bəri bu ayrılığın, bu itkinin ağırlığı qəlbimdən çəkilmir. İndi də həmin acı xəbərin yükü altında əzilir, sizi dərin kədər və sonsuz ehtiramla xatırlayıram.
Əlimusa müəllim ,boynuma alım ki,dostlarım arasında sizin kimi mütaliəçi yoxdur.Hər dəfə yeni bir kitabdan söhbət açır,təhlil edirdiniz.Hərdən mənə elə gəlirdi ki,sizin oxumadığınız kitab qalmayıb.Tez-tez yeni kitabların mübadiləsini edirdik.Hər söhbətimizdə öz intellektual səviyyənizlə məni heyrətləndirirdiniz.
Kübarlığınızla,zadəganlıgınızla nümunə idiniz.Ehtiyacı olanların yanında olmaq ən sevdiyiniz Missiya idi.
Siz Sabirabadda sadə və zəhmətkeş bir ailədə dünyaya göz açmışdınız. Uşaqlıq illəriniz çətinliklər və məşəqqətlərlə keçmişdi. Lakin həyatın sərt sınaqları sizi nə qorxutdu, nə də yolunuzdan döndərə bildi. Əksinə, bütün maneələri əzmlə aşaraq ali təhsilli hüquqşünas kimi ölkənin ən məsuliyyətli və çətin sahələrində çalışdınız. Uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət göstərərək general-mayor rütbəsinə qədər yüksəldiniz.
Təqaüdə çıxdıqdan sonra da Vətən sevgisi, vətəndaşlıq məsuliyyəti və dövlətə sədaqət sizin həyat amalınız olaraq qaldı. Bu dəyərlər sizin xarakterinizin ayrılmaz hissəsi, ömür yolunuzun əsas simvolu idi.
Bu gün sizin yoxluğunuz ən çox da övladlarınızın qəlbini dağlayır. Hər biri ilə fəxr ediləsi övladlarınız - Leyla, Əsmər, Natəvan və İsmayıl bu ağır itkinin acısını yaşayırlar. Ata itkisi heç vaxt doldurulmayan bir boşluqdur. Ancaq inanıram ki, zaman onların yaralarına məlhəm olacaq, sizdən aldıqları güc, tərbiyə və mənəvi dəyərlər sayəsində onlar bu ağrının qarşısında dik durmağı bacaracaqlar.
Ruhunuz şad olsun, əziz dostum. Sizin kimi mərd, ləyaqətli, Vətəninə və dövlətinə sədaqətlə xidmət etmiş insanlar unudulmur. Sizin şərəfli ömrünüz, yüksək insanlığınız və nəcib əməlləriniz sizi tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah sizə rəhmət eləsin, qardaş. Məkanınız cənnət olsun.
Əminə Yusifqızı
əməkdar jurnalist