Enerjidən süni intellektə: ABŞ və Azərbaycan əməkdaşlığı genişlənir- ÖZƏL
14:41 İqtisadiyyatABŞ nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycanla ümumi dəyəri 8 milyard dollardan çox olan kommersiya sazişləri imzalanıb. ABŞ rəsmisi Kaleb Orr bildirib ki, Vaşinqton Azərbaycanın enerji sektoruna investisiyaları artırmağı planlaşdırır. O qeyd edib ki, ExxonMobil və Chevron Azərbaycanda yeni kəşfiyyat layihələri üzrə sazişlər bağlayıblar. Həmçinin Azərbaycanın Orta Dəhlizdə strateji rolunun gücləndirilməsinə dəstək veriləcəyi vurğulanıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov isə enerji, investisiya, regional bağlantılar və süni intellekt sahələrinin əməkdaşlığın əsas istiqamətləri olduğunu bildirib.
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" ABŞ ilə Azərbaycan arasında əlaqələrin inkişafı xüsusən son dövrdə daha dinamik və sürətli şəkil alıb. Enerji, süni intellekt və digər sahələrdə, həmçinin regional əlaqələrin inkişafı sayəsində irəliləyiş ölkəmiz üçün yeni imkanlar vəd edir. Əsasən texnologiya, xarici investorların cəlbi, iqtisadi sahənin inkişafı prioritet təşkil edir. ABŞ ilə bağlanan sazişlər Azərbaycan iqtisadiyyatına və xarici investisiya mühitinə real müsbət təsirlər göstərə bilər. Regional bağlantılar iqtisadi inkişaf üçün münbit şərait yaradır ki, ABŞ ilə imzalanan 8 milyard dollarlıq sazişlər də buna nümunədir. Yaranmış yeni reallıq bölgədə yeni iqtisadi, ticari üfüqlər açır, yeni imkanlar yaradır. Xarici investorların cəlb olunması və investisiya yatırımı ölkənin iqtisadi yöndə inkişafına dəstək olmaqla, əhalinin sosial durumunda da tədricən öz müsbət təsirini göstərə bilər".
Zeynəb Mustafazadə