Təbaşirdən planşetə: Məktəblər dəyişirmi?
20:21 SosialTəhsil hər bir cəmiyyətin inkişafını müəyyən edən əsas amillərdən biridir. Tarix boyu dövlətlərin gücü və sosial rifahı bilik səviyyəsi yüksək olan insan kapitalının formalaşdırılmasından asılı olub. Məhz buna görə də təhsil sistemi zamanın tələblərinə uyğun olaraq daim yenilənir, müasir dövrün çağırışlarına cavab verəcək yeni yanaşmalar tətbiq edilir. XXI əsrdə informasiya texnologiyalarının sürətli inkişafı həyatın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də köklü dəyişikliklərə səbəb olub. Ənənəvi tədris üsulları tədricən rəqəmsal həllərlə tamamlanır, müəllim, şagird və valideyn münasibətləri yeni platformalar üzərindən qurulur, tədris resurslarına çıxış daha çevik və əlçatan xarakter alır. Müasir dünyada rəqəmsallaşma artıq seçim deyil, zərurət hesab olunur. İnternet texnologiyalarının geniş yayılması, elektron xidmətlərin həyatın ayrılmaz hissəsinə çevrilməsi və süni intellekt əsaslı həllərin sürətlə inkişaf etməsi təhsil sisteminin də bu prosesdən kənarda qalmamasını şərtləndirir.
Azərbaycanda da son illər təhsil sahəsində rəqəmsal transformasiya istiqamətində mühüm addımlar atılır. Məktəblərdə elektron xidmətlərin tətbiqi genişləndirilir, təhsil idarəetməsində rəqəmsal həllərin payı artırılır və müasir texnologiyalardan istifadəyə xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də son günlər yenidən gündəmə gələn "Rəqəmsal Məktəb" layihəsidir. Məlumata görə, layihə ümumilikdə 1 milyona yaxın şagirdi əhatə edəcək genişmiqyaslı rəqəmsal təhsil platforması kimi nəzərdə tutulub. Layihənin əsas məqsədinin tədris prosesini daha müasir və rəqəmsal mühitə uyğunlaşdırmaq, məktəb idarəetməsini təkmilləşdirmək, müəllim-valideyn-şagird əlaqələrini daha operativ şəkildə qurmaq və təhsil resurslarına çıxışı asanlaşdırmaq olduğu bildirilir.
Lakin hər bir yenilik kimi, təhsilin rəqəmsallaşdırılması prosesi də müxtəlif müzakirələr doğurur. Bir tərəfdən rəqəmsal texnologiyaların tədris keyfiyyətinin yüksəlməsinə, vaxt itkisinin azalmasına və idarəetmənin sadələşməsinə töhfə verəcəyi qeyd olunur. Digər tərəfdən isə texniki infrastrukturun yetərli olub-olmaması, regionlarda internetə çıxış imkanları, müəllimlərin rəqəmsal bacarıqları və şagirdlərin texnologiyalardan düzgün istifadəsi kimi məsələlər də gündəmə gətirilir.
"Rəqəmsal Məktəb" layihəsi Azərbaycanda təhsil sistemində hansı əsas dəyişikliklərə səbəb ola bilər? Rəqəmsallaşma təhsilin keyfiyyətini real olaraq artırır, yoxsa daha çox texniki yenilənmə xarakteri daşıyır?Region və şəhər məktəbləri arasında texnoloji imkan fərqləri bu layihənin uğuruna necə təsir edə bilər?

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Olaylar.az-a açıqlama verib:
" XXI əsrin təhsilində, süni intellekt dövrünün təhsilində rəqəmsal məktəb tipli layihələrin olması artıq seçim deyil, zəruri bir tələbdir. Təsəvvür edin ki, bu gün demək olar hər həftə yeni bir süni intellekt aləti meydana çıxır və əvvəlkiləri geridə qoyur. Belə bir dövrdə məktəblərimizi rəqəmsal dünyadan və rəqəmsallaşmadan kənarda saxlamaq mümkün deyil. Bu, sadəcə olaraq yol verilməzdir. Təhsil dövrün diktə etdiyi istiqamətdə hərəkət etməli olan çox ciddi bir sahədir. Ona görə də dəyişikliklərdən əvvəl qəbul etməliyik ki, bu proses artıq qaçılmazdır. Təbii ki, bu dəyişikliklərlə birlikdə bir çox detallar da dəyişəcək. IT erasının metodları və imkanları təsir göstərdiyi hər bir sahədə yeniliklər yaradır və bu sahələrin başında məhz təhsil gəlir. Bu dəyişikliklər özünü şagird-müəllim münasibətlərində, şagirdlərin və müəllimlərin məktəbə baxışında göstərəcək. Ümumiyyətlə, məktəb mexanizminə olan yanaşma dəyişəcək. Klassik məktəb mühiti tamamilə yeni bir düşüncə və fərqli bir aspektdən dəyərləndiriləcək. Rəqəmsal məktəbin gətirəcəyi ilk böyük dəyişiklik məhz budur. Rəqəmsallaşmanın təhsilin keyfiyyətini artırıb-artırmamasına gəlincə, hesab edirəm ki, burada əsas məsələ təhsilin dəyişən mühitlə ayaqlaşmasıdır. Təhsil bir prosesdir və mühit hansı istiqamətdə inkişaf edirsə, təhsil də onunla uyğunlaşmalıdır. Əks halda ya geridə qalar, ya da öz aktuallığını itirər. Təhsil rəqəmsallaşma ilə ayaqlaşırsa, bu onun keyfiyyətini qorumağa və inkişaf etdirməyə çalışdığını göstərir. Rəqəmsallaşma məhz bu baxımdan təhsili qoruyur.
Burada vacib məqam ondan ibarətdir ki, təhsil sistemində olan insanlar rəqəmsallaşmaya səmimi yanaşsınlar. Bu səmimiyyət və rəqəmsallaşma-təhsil tandemi birlikdə çox ciddi keyfiyyət göstəriciləri yarada bilər. Texniki yenilənmələr isə bu inkişafın yalnız bir hissəsidir. Region və şəhər məktəbləri arasında texnologiya imkanları baxımından müəyyən fərqlər olacağı şübhəsizdir. Reallığı nəzərə alsaq, ölkədə məktəblərin əksəriyyəti internet və kompüterlə təmin olunsa da, böyük şəhər məktəbi ilə ucqar kənd məktəbi arasında texnoloji inkişaf fərqləri qalmaqdadır. Bu fərqlərin mövcud olduğu şəraitdə hər şeyin eyni səviyyədə olacağını düşünmək doğru olmaz. Şəhər məktəbləri yalnız texniki imkanlarına görə deyil, həm də şagirdlərin texnologiyadan istifadə bacarıqlarına görə fərqlənəcəklər. Böyük şəhərlərdəki şagirdlər IT avadanlıqları ilə işləməyə daha çox alışdıqları üçün onlar üçün adaptasiya prosesi daha asan olacaq. Digər məktəblərdə isə vəziyyət fərqli ola bilər. Bununla belə, mən bu fərqlərin çox böyük və keçilməz olacağını düşünmürəm. Rəqəmsal platformaların genişlənməsi müəllimin ənənəvi rolunu da ciddi şəkildə dəyişəcək. Çünki məktəbin özünün ənənəvi rolu dəyişir. Məktəb yenə də bilik verən bir institut olaraq qalacaq, lakin forma və metodlar dəyişəcək. Forma və metodlardakı dəyişiklik isə məzmuna da təsir göstərəcək. Məktəbin rolu dəyişdiyi kimi, müəllimin rolu da dəyişəcək. Şagirdin müəllimə və biliyə münasibəti fərqli olacaq. Müəllim rəqəmsal dünyada daha çox istiqamətverici və bələdçi funksiyasını yerinə yetirəcək. O, artıq yalnız klassik auditoriya modeli çərçivəsində fəaliyyət göstərməyəcək, həm də virtual mühitdə öz təsir imkanlarını nümayiş etdirəcək. Bu məqamların xüsusi vurğulanması vacibdir".

Təhsilin idarə olunması üzrə mütəxəssis, fəlsəfə doktoru Qoşqar Məhərrəmov Olaylar.az-a açıqlama verib:
"Rəqəmsal Məktəb" layihəsi Azərbaycan təhsil sistemində əsaslı dəyişikliklərə səbəb ola bilər. Ümumiyyətlə, təhsilin rəqəmsallaşdırılması şəffaflığı, çevikliyi və hesabatlılığı artıracaq. İşlər daha asan və daha səmərəli şəkildə həyata keçiriləcək. Lakin bunun üçün bir neçə vacib şərt var. Bütün təhsil müəssisələri yüksək sürətli internetlə təmin olunmalıdır. Müəllimlərin kompüterə çıxışı olmalı, eyni zamanda onlar kompüterdən fundamental səviyyədə istifadə etməyi bacarmalıdırlar. Kompüter gündəlik həyatın və məktəb fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməlidir.
"Rəqəmsal Məktəb" vasitəsilə müəllimlər tapşırıqları şagirdlərə göndərə, onların işlərini qiymətləndirə biləcəklər. Qiymətlər valideynlərə dərhal təqdim olunacaq. İllik və rüblük nəticələr, ümumi hesabatlar sistemdə əks olunacaq. Eyni zamanda müəllimlər valideynlərlə daha operativ əlaqə saxlaya biləcəklər. Şagirdlərin həm müsbət, həm də mənfi davranışları, eləcə də akademik göstəriciləri rəqəmsal platformada qeydiyyata alınacaq və arxivləşdiriləcək. Bu məlumatlar təhsilin bütün maraqlı tərəfləri ilə şəffaf şəkildə paylaşılacaq. Bu, uzun müddətdir gözlənilən və müasir təhsil sisteminə uyğun bir addımdır. Hazırda bir çox özəl məktəbdə tətbiq olunan bu modelin dövlət məktəblərində də istifadəsi mühüm boşluğu aradan qaldıracaq. Rəqəmsallaşma təhsilin keyfiyyətini birbaşa artırmır, lakin prosesləri asanlaşdırır və daha səmərəli edir. Məsələn, əvvəllər uzun vaxt tələb edən işlər indi daha qısa müddətdə yerinə yetirilə bilir. Bu da ümumi səmərəliliyi artırır. Əgər müəllimlər rəqəmsal alətlərdən düzgün istifadə etməyi bacarsalar, onlar vaxt qazanacaqlar. Uzun müddət dərs icmalları hazırlamaq, tapşırıqları yoxlamaq və müxtəlif işlərlə məşğul olmaq əvəzinə, tədris prosesini daha rahat idarə edə biləcəklər. Bu isə müəllimlərin iş keyfiyyətinə müsbət təsir göstərəcək. Müəllim daha az stress yaşayacaq, enerjisini daha vacib məsələlərə yönəldə biləcək. Rəqəmsal platformaların genişlənməsi müəllimin ənənəvi rolunu da dəyişəcək. Müəllim artıq əsasən prosesi idarə edən şəxsə çevriləcək. O, bütün materialları özü hazırlamaq əvəzinə, dünyanın qabaqcıl mütəxəssisləri tərəfindən hazırlanmış tapşırıqları, oyunları və simulyasiyaları şagirdlərə təqdim edəcək, onların nəticələrini izləyəcək və valideynlərlə əlaqə saxlayacaq.
Beləliklə, müəllim şagirdin inkişafını idarə edən bir mentor və ya məşqçi rolunu yerinə yetirəcək. Tədris prosesi yalnız müəllimin üzərində qurulmayacaq. Müəllim daha çox istiqamətverici, dəstəkçi və məsləhətçi funksiyasını daşıyacaq. Bu dəyişiklik həm müəllimin işini yüngülləşdirəcək, həm də tədrisin daha səmərəli təşkilinə imkan verəcək. Şagirdlərin uzun müddət ekran qarşısında qalması ilə bağlı müəyyən risklər mövcuddur. Xüsusilə aşağı və orta siniflərdə gündəlik ekran vaxtının iki saatı keçməməsi məqsədəuyğundur. Yuxarı siniflərdə bu müddət müəyyən qədər arta bilər. Burada valideyn nəzarəti mühüm rol oynayır. Valideyn diqqət etməlidir ki, şagird kompüterdən hansı məqsədlə istifadə edir: dərs oxuyur, yeni biliklər əldə edir, layihələr hazırlayır, yoxsa vaxtını oyun və ya əyləncə məzmununa sərf edir. Düzgün nəzarət və istiqamətləndirmə olduğu halda rəqəmsal təhsilin şagirdlər üçün ciddi problem yaradacağını düşünmürəm".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31