Azərbaycanlılar kütləvi deportasiya oluna bilər – Almaniya sərt addımlara hazırlaşır

Almaniyanın miqrasiya siyasətində yeni və mübahisəli bir mərhələ başlayır. Belə ki, Bundestaqda qəbul olunan dəyişikliklər ölkəyə miqrant axınının idarə olunmasını daha sərt çərçivəyə salır və sığınacaq qaydalarında ciddi yeniliklərə yol açır. Qanun həm siyasi spektrin müxtəlif partiyalarını qarşı-qarşıya qoyub, həm də xarici vətəndaşlar üçün gələcək prosedurların necə dəyişəcəyi ilə bağlı suallar yaradıb.

Bəs bu dəyişikliklər Almaniyada mühacirət etmiş azərbaycanlıların deportasiya olunmasına səbəb ola bilərmi?

Globalinfo.az-a danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, verilən qərarlar Almaniyanın daxili işidir və buna kimsə mane ola bilməz:

"Azərbaycan hökuməti də illərdir eyni mövqedə dayanır. Məsələn, hansısa ölkə Azərbaycanın daxili siyasətinə dair fikir söyləyəndə, rəsmi Bakı dərhal bildirir ki, bu, ölkənin daxili işidir və kənar müdaxilə yolverilməzdir. Burada əsas məsələ Almaniya hökumətinin bunu hansı əsasla müzakirə etməsidir. Maraqlıdır, nə üçün miqrasiya məsələsi bu qədər narahatlıq doğurur? Vaxtilə kansler Angela Merkel dəfələrlə vurğulamışdı ki, Almaniya iqtisadiyyatının inkişafı üçün miqrantların qəbulu hətta müəyyən kvotalar çərçivəsində olsa belə zəruridir. Çünki yeni iş yerləri açılır və işçi qüvvəsinə ehtiyac artır. Bu baxımdan məsələnin incə detallarına diqqət yetirmək vacibdir. Miqrasiya ilə bağlı atılan addımlar yalnız sosial və iqtisadi sferaya deyil, həm də ölkənin daxili siyasi proseslərinə təsir göstərir. Buna görə də müzakirələrin dinamikasını diqqətlə izləməliyik".

Miqrasiya məsələləri üzrə ekspert, hüquqşunas Əlövsət Əliyev isə bildirib ki, Bundestaq və hökumətin qəbul etdiyi dəyişikliklər ümumilikdə deportasiya proseslərini sürətləndirmək və icrasını asanlaşdırmaq məqsədi daşıyır:

"Bu, artıq qanuni əsaslara görə geri qaytarılmalı olan şəxslər üçün riskləri artırır. Qanun sərtləşditilməkdə davam edir. Azərbaycan vətəndaşlarının kütləvi deportasiyası yalnız əlavə siyasi və hüquqi addımlar (məsələn, "təhlükəsiz mənşə ölkə" kimi təsnifat və ya xüsusi readmissiya razılaşmaları) nəticəsində daha real olar. Hazırkı vəziyyətdə əsas təsir fərdi hallara yönəlib. Yəni bu, kütləvi deportasiyaya yol açmır".

Ə.Əliyevin sözlərinə görə, son illər Azərbaycandan Avropaya üz tutanların böyük əksəriyyəti Fransaya gedir:

"Artıq Almaniyaya gələnlərin də, qaçqın statusu üçün müraciət edənlərin də sayı əvvəlki illərlə müqayisədə azalmaqda davam edir. Buna görə də təbii ki, Almaniyadan deportasiya olunanların da sayı azalmaq istiqamətinə yönələcək.

Müsahibimiz başqa məqama da diqqət çəkib:

"Azərbaycandan Almaniyaya gələnlərin böyük əksəriyyəti qaçqın statusu almaq üçün müraciət edənlər deyil. Əksəriyyət əsasən tələbə vizası ilə təhsilini davam etdirmək istəyənlər, iş vizası ilə gələn mütəxəssislər, iş axtarma vizası ilə gələnlər və ailə birləşməsi əsasında Almaniyaya köçən şəxslərdir. Bu kateqoriyaya aid insanlar kütləvi deportasiyaya məruz qalanlar deyil. Onların hər birinin işi fərdi qaydada araşdırılır və fərdi şəkildə qərar verilir. Bu səbəbdən hesab edirəm ki, 2026-cı ildən Almaniyada qanunların sərtləşdirilməsi fonunda belə, ölkə qaçqın statusunun verilməsi, əcnəbilərin qəbulu, mütəxəssislərin, sahibkarların və iş adamlarının cəlb edilməsi istiqamətində siyasətini davam etdirəcək. Çünki Almaniya daha da inkişaf etmək üçün ixtisaslı kadrlara ehtiyac duyur. Elə buna görə də Azərbaycandan gələnlərin sayı getdikcə artır və artmaqda davam edəcək. Deportasiya riski isə əvvəlki illərlə müqayisədə daha aşağıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31