Hikmət Hacıyevdən regionla bağlı müjdə – 47 illik model işə düşür
14:04 Siyasət"Tarixi Vaşinqton razılaşması Cənubi Qafqaz regionunu tamamilə dəyişəcək".
APA xəbər verir ki, bunu Qətərdə keçirilən Doha Forumunda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Cənubi Qafqazda son 30 il ərzində münaqişə və müharibənin hökm sürdüyünü söyləyən Hikmət Hacəyev nəhayət, buna son qoyulduğunu qeyd edib:
"Mən bunu tez-tez Cənubi Qafqaz üçün "Kemp-Devid sülh modeli" adlandırıram. Əlbəttə, hər bir münaqişə fərqlidir. Hər bir geosiyasi kontekst də fərqlidir. Amma əminəm ki, bu sazişin təsiri də oxşar olacaq".
Prezidentin köməkçisi Azərbaycanın 30 ildir ki, sülhü gözlədiyini vurğulayıb.
Qeyd edək ki, "Kemp-Devid sülh modeli" ifadəsi insanların 1978-ci ildə imzalanmış Kemp-Devid sazişinə və onun sülh yaratma nümunəsinə istinad etməsi məqsədilə istifadə etdiyi metaforik bir ifadədir. Yəni bu model uzun illər davam etmiş münaqişə vəziyyətində olan dövlətlər arasında - diplomatiya, vasitəçilik (3-cü tərəf kimi), kompromis və beynəlxalq hüquq çərçivəsində sülhün bərqərar olması nümunəsidir.
Xatırladaq ki, Kemp-Devid sazişi 1978-ci ilin 17 sentyabrında imzalanıb. Bu, Misir prezidenti Ənvər Sadat ilə İsrail prezidenti Menaxem Begin arasında 12 gün davam edən gizli danışıqların ardından Kemp-Deviddə imzalanan və ABŞ prezidenti Cimmi Karterin nəzarətində reallaşan bir müqavilədir.