“Bu gün son günündür”: 13 yaşlı məktəblinin müəmmalı ölümü – “Mavi Balina” qayıdır?

Bakının Binəqədi rayonunda baş verən dəhşətli hadisə cəmiyyəti silkələyib. 143 nömrəli məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı Kəmalə Rəsulzadənin meyiti ailə üzvləri tərəfindən yaşadıqları mənzildə aşkarlanıb. İlkin ehtimallara görə, polis olmaq arzusu ilə yaşayan və dərslərində ciddi, sakit davranışı ilə seçilən yeniyetmə qız intihar edib. Hadisə təkcə bir ailənin faciəsi deyil, son illər uşaqlar arasında artan psixoloji problemləri, təhlükəli rəqəmsal tendensiyaları və nəzarətsiz informasiya axınının yaratdığı riskləri yenidən gündəmə gətirib.
Hadisədən sonra açıqlama verən ata qızının son aylarda gecələr gizli şəkildə mobil telefonda qorxu dolu videolara - cin, şeytan, paranormal hadisələr və qəbiristanlıq səhnələrinə baxdığını deyib. Valideynin sözlərinə görə, Kəmalə eyni zamanda dəftərinə basdırılmış üzü, qanlı gözləri, qaranlıq fiqurları xatırladan rəsmlər çəkir, özünə qapanır, qəribə davranışlar sərgiləyirdi. Ailənin bu əlamətləri "yeniyetməlik dövrünün adi halı" kimi qəbul etməsi isə faciənin qarşısının alınmasına mane olub.
Ən sarsıdıcı məqam isə aparılan ilkin araşdırmalar zamanı üzə çıxıb. Yeniyetmənin mobil telefonunda dünyada onlarla uşağın ölümünə səbəb olduğu iddia edilən məşhur "Mavi Balina" ("Blue Whale") oyununun izlərinə rast gəlinib. Bu oyun sosial şəbəkələr vasitəsilə uşaqları müxtəlif tapşırıqlarla psixoloji təzyiq altına alır, onları özlərinə zərər yetirməyə, ailədən uzaqlaşmağa və son mərhələdə intihara sürükləyir. Məlumata görə, Kəmalə intihardan əvvəl aldığı sonuncu mesajda "Bu gün son günündür" sözlərini görüb - faciənin ən dondurucu detallarından biri də məhz budur.
Hadisə bir daha göstərir ki, yeniyetmələr rəqəmsal platformalarda təhlükəli məzmunlarla üz-üzə qalır, psixoloji manipulyasiyalara açıq olurlar və zamanında müdaxilə olunmadıqda nəticələr fəlakətli ola bilir.
Bu hadisə təkcə bir yeniyetmənin həyatı ilə bitmir, həmçinin cəmiyyətə ciddi mesajdır. Suallar isə çoxdur: Uşaqlar internetdə nə ilə qarşılaşır? Valideynlər onları kifayət qədər dinləyirmi? Məktəblər psixoloji dəstək sistemlərini gücləndirirmi? Və ən əsası növbəti belə faciənin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Olaylar.az-a danışıb. Sosioloq bildirib ki, əslində, hər iki faktın arxasında müəyyən qədər təhsil amili dayanır. Burada valideyn-məktəb münasibətlərindəki boşluqlar özünü göstərir. Kəmalənin intihar faktı ilə bağlı isə bir çox mübahisəli məqamlar var. Onun dəqiq şəkildə intihar edib-etmədiyi, buna təhrik olunub-olunmadığı, yaxud sosial şəbəkələrdə yayılan müəyyən oyunların və ya "mavi balina" tipli təhlükəli kontentin təsiri altında bu addımı atıb-atmadığı araşdırılıb dəqiqləşdirilməlidir.
Atanın danışığı da göstərir ki, valideynlər məsələyə həssas yanaşsalar da, telefon istifadəsində ciddi məhdudiyyət qoymayıblar. Görünür ki, həm məhdudiyyətlərin olmaması, həm də valideynlərin yetkinləşmə prosesində olan övladlarına düzgün istiqamət verməməsi mühüm amildir. Yeniyetmələrin və uşaqların sosial təsirlər altına düşməsi, o cümlədən mənfi və psixoloji təsir yaradan kontentə məruz qalması real təhlükədir.
Telefonunda "cin", "şeytan", qorxulu səhnələr və ya qəbiristanlıq təsvirlərinin olması onun izlədiyi kontenti göstərir. İstisna deyil ki, bu görüntülər subliminal şəkildə altşüura təsir edib və intihar qərarına gətirən amillərdən biri rolunu oynayıb. Bəzi hallarda mistik təsirlərin yeniyetmələrdə psixoloji davranışa təsiri də nəzərdə tutulmalıdır.
Digər tərəfdən, onun telefonunda "Blue Whale" - "Mavi Balina" oyunu ilə bağlı izlərin tapılması, "Bu, sənin son günündür" kimi mesajların görünməsi böyük narahatlıq doğurur. Bu, yeniyetmələrin sosial şəbəkələrdə davranışı, telefon istifadəsi və texnoloji mühitdə yönləndirilməsinin nə qədər vacib olduğunu göstərən ciddi siqnaldır.
Təsadüfi deyil ki, problemli kreditlərə, sələmçilərə aldananların bir qismi məhz 18 yaşına yenicə çatmış və ya yeniyetməlikdən çıxmış gənclər olur. Bu da sosial-psixoloji boşluğun, valideyn nəzarətinin zəifliyinin və texnologiyanın təsir gücünün nəticəsidir.

Ekspertin sözlərinə görə, valideynlərin edə biləcəyi ən vacib iş yeniyetmələri texnologiyanın mənfi təsirlərindən qorumaqdır. Yaşından asılı olmayaraq, övlad internetdə özünü ifadə etməyi tam bacarmayana qədər ona nəzarət edilməlidir. Yeri gələndə valideynlərin özləri də təsir altına düşə bilir. Sosial mühit, yaş faktoru, yaxın çevrə - bunlar da təsir edən amillərdəndir.
Müasir cəmiyyətdə yeniyetmələr arasında "Mavi balina" kimi oyunların yayılması böyük təhlükə siqnalıdır. Düzdür, hamı bu oyunları oynamır, amma texniki imkanları geniş olanlar - bahalı telefon istifadə edən, müxtəlif tətbiqlər yükləyə bilən uşaqlar - bu risklərlə daha çox qarşılaşırlar. Bu oyunlara meyilin əsas səbəblərindən biri yeniyetmələrin özünü təsdiq və macəra axtarışıdır. Daha ağır sosial səbəb isə valideyn-övlad münasibətlərində yaranmış tərbiyə və nəzarət boşluğudur. Valideynindən məsləhət almaq əvəzinə, yeniyetmə telefonu hədəf seçir, algoritmin təqdim etdiyini norma kimi qəbul edir. Bu, əvvəl virtual həyata, sonra virtual reallığa, daha sonra isə real davranışa çevrilir. Bu real davranış intihar da ola bilər, cinayət də, təhrikedici hərəkətlər də. Sosial mediada yaradılan qrupların təsiri, müxtəlif təhlükəli çağırışlar da bu prosesin tərkib hissəsidir.

"Məktəblər də bu sosial təsirləri, texnologiyanın insanların həyatına müdaxiləsini, texnologiya vasitəsilə edilən psixoloji müdaxilələri nəzərə almalıdır. Sosiallaşmanın görünməyən tərəfi, məhz texnologiyanın yönləndirici təsiridir. Buna görə də preventiv tədbirlərin görülməsi zəruridir.
Valideynlər həm ailə daxilində, həm də cəmiyyət münasibətlərində övladlarının düzgün tərbiyəsinə diqqət yetirməlidirlər. Övlad tərbiyəsi bütün dövrlərdə vacib olub. Valideyn bunu yalnız o zaman düzgün bacara bilər ki, övladının qarşılaşa biləcəyi riskləri əvvəlcədən görsün və qabaqlayıcı addımlar atsın. Heç bir ailə yüz faiz riskdən sığortalanmayıb, amma riskləri minimuma endirmək mümkündür.
Təəssüf ki, bir çox ailədə hər kəs öz telefonunun arxasında fərdiləşmiş həyat yaşayır. Ümumi masa, ümumi söhbət, birgə fəaliyyət kimi ənənələr kölgədə qalıb. Bu, ailəni bir-birindən uzaqlaşdırır," - deyə sosioloq əlavə edib.

N. Niftəliyev qeyd edib ki, bütün bu amillər ailəni "ailəlikdən", övladı "övladlıqdan", valideyni "valideynlikdən" uzaqlaşdırmamalıdır. Valideynlər yeni dövrün tələblərinə uyğunlaşmalı, övladlarını risklərdən qorumağı bacarmalıdır. Əks halda nə məktəb, nə də cəmiyyət bunu edə bilər. Çünki cəmiyyət özü də bu təsirlərin hədəfindədir. Bu mexanizmi neytrallaşdırmaq çətin olsa da, yollar mövcuddur. Sadəcə olaraq, təhlükəli tendensiyalardan uzaq durmaq, ağıllı və ölçülü addımlar atmaq, riskləri minimuma endirmək lazımdır. Şagirdlərin maarifləndirilməsi vacibdir, amma bununla yanaşı sosial təsirə qarşı psixoloji və sosial müdaxilə mexanizmləri də işlənməlidir.

Sosioloq sonda vurğulayıb: "Bu amillər nəzərə alınaraq çoxfaktorlu preventiv fəaliyyət strategiyası hazırlanmalı və tətbiq edilməlidir. Yeniyetmələrin təhlükəli oyunlara maraq göstərməsi onların psixoloji ehtiyaclarından qaynaqlanır və bu marağı təhlükəsiz istiqamətə yönləndirmək lazımdır. Əgər qorxu varsa, bunu pozitivə çevirmək mümkündür. Əks halda, sosial təcrid, özünəqapanma və psixoloji uçuruma yuvarlanma riski yaranır.
Cəmiyyətin uçuruma aparan sosial risklərin qarşısını almaq üçün təhsil sistemi sosial iş təcrübəsini genişləndirməli, məktəblər gerçək mənada şagirdin dostuna çevrilməlidir. Şagirdlər bütün təhsil pillələrində texnologiyanın etik və düzgün istifadəsi baxımından dəstəklənməlidir. Məqsəd odur ki, uşaqlar texnologiyanın əsiri olmasın, əksinə, texnologiya onlara dəstək vasitəsinə çevrilsin.
Yollar bəllidir - sadəcə onları sistemli şəkildə işləyib tətbiq etmək qalır".

Mövzunu Ahəng Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin rəhbəri, "Ahəng psixoloji inkişaf və dəstək" ictimai birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova da şərh edib. Psixoloq bildirib ki, "Mavi balina" oyunu haqqında ilk məlumatlar 10-12 il əvvəl geniş şəkildə yayılmağa başlamışdı və cəmiyyətdə ciddi narahatlıq yaratmışdı. Həmin dövrdə bu oyunun təhlükəli olması barədə müxtəlif mütəxəssislər danışırdı və mən də bir psixoloq olaraq praktiki fəaliyyətimdə bunun real nəticələri ilə üzləşmişəm. Xüsusilə yeniyetmələrlə işlədiyim zaman onların qollarında gördüyüm kəsik izləri, müxtəlif işarələr, simvollar çox zaman təsadüfi olmur; araşdırdıqda məlum olur ki, bu izlər mavi balina kimi manipulyativ oyunların birbaşa nəticəsidir. Hərçənd yeniyetmələrin bəziləri bunu gizlətməyə çalışır, lakin davranış və emosional durumlarına baxaraq səbəbi müəyyən etmək mümkündür.

Psixoloqun sözlərinə görə, bu oyunun ən təhlükəli məqamlarından biri onun psixoloji manipulyasiya üzərində qurulmasıdır. Oyun yaradıcıları və ya bu prosesi idarə edən şəxslər əvvəlcə uşaqlar haqqında müəyyən məlumatlar toplayırlar: onların ailə vəziyyəti, şəxsi problemləri, qorxuları, həssas nöqtələri və s. Daha sonra həmin məlumatlar vasitəsilə uşaqları psixoloji təzyiq altında saxlayır, onlarda günahkarlıq və qorxu hissi yaradırlar. Bu, yeniyetmənin iradəsinə, psixoloji dayanıqlığına və özünəinamına ciddi zərbə vurur. Çünki yeniyetməlik dövrü elə bir mərhələdir ki, burada şəxsiyyət hələ tam formalaşmayıb, emosional dalğalanmalar güclüdür, xarici təsirlər isə daha dərindən nüfuz edir. Belə həssas vəziyyətdə olan yeniyetmə təhdidlərlə üzləşdikdə çox zaman valideynləri ilə danışmağa cəsarət etmir. Onlar hesab edirlər ki, valideynləri onları anlamayacaq, danlayacaq və ya məsələ daha da böyüyəcək. Son illər müşahidə olunan başqa bir tendensiya isə yeniyetmələrlə valideynlər arasında artan gərginlik və inciklik hallarının çoxalmasıdır. Ünsiyyətsizlik, ailədaxili soyuqluq və diqqət çatışmazlığı nəticəsində uşaqlar özlərini tənha hiss edir və içlərinə qapanırlar. Bu qapanma onları təhlükəli mənbələrə, şübhəli qruplara, destruktiv sosial media trendlərinə və mavi balina tipli oyunlara daha açıq edir. Onlar bu mühitlərdə guya "anlayan" və "dəstək olan" insanlar gördüklərini düşünürlər və özlərini aldatmaqla belə platformalarda bir növ sakitlik tapdıqlarına inanırlar. Əslində isə bu, dırnaqarası sakitlikdir və uşaqlar qısa müddətlik təsəlli ilə özlərini daha böyük təhlükəyə atmış olurlar.

"Mobil oyunların və ümumiyyətlə, nəzarətsiz rəqəmsal məzmunun uşaqların həyatına mənfi təsiri danılmazdır. Sonsuz informasiya axını, agresiv kontent, sosial media təzyiqləri və onlayn manipulyasiyalar uşaqların sosial bacarıqlarını zəiflədir, real ünsiyyətdən uzaqlaşdırır. Uşağın davranışında çəkilmə, qapanma, emosional dəyişikliklər, aqressivlik və ya qeyri-adi davranışlar müşahidə edən valideynlər mütləq psixoloqa müraciət etməlidirlər. Amma bu, yalnız mütəxəssisə həvalə ediləcək məsələ deyil, valideynin özünün də uşaqla müntəzəm şəkildə söhbət etməsi, onu dinləməsi, gündəlik həyatına maraq göstərməsi əsas şərtdir. Çünki emosional rahatlıq və güvən mühiti yalnız ailədə formalaşa bilər," - deyə ekspert əlavə edib.

V. Əmiraslanova qeyd edib ki, uşaqların və yeniyetmələrin kiçik yaşlardan dinə həddindən artıq dərindən yönəlməsi də bəzən onların düşüncə tərzinə təsir edir. Burada dinin özündən deyil, onun düzgün olmayan şəkildə qavranılmasından söhbət gedir. Çünki yeniyetməlik dövründə hələ məntiqi təhlil, kritik düşüncə tam formalaşmadığı üçün onlar müxtəlif dini mətnləri, fikirləri və ya interpretasiyaları tam anlayıb dərk etməyə bilər. Nəticədə hər hansı bir fikirə, inanışa və ya təsirə həddindən artıq bağlana, radikal və ya reallıqdan uzaq təfəkkür formalaşdıra bilərlər. Hər an yeni təsirlərə açıq olmaları onları həm dini, həm psixoloji, həm də sosial baxımdan manipulyasiyalara meylli edir. Bu səbəbdən uşaqların dini mövzulara marağı varsa, bu maraq onların yaş səviyyəsinə uyğun, balanslı və sağlam şəkildə yönləndirilməlidir.

"Həm mavi balina kimi təhlükəli oyunlar, həm də ümumi rəqəmsal və sosial təsirlər göstərir ki, yeniyetmələrə emosional dayaq, düzgün ünsiyyət mühiti və ardıcıl psixoloji dəstək vacibdir. Valideyn diqqəti və sevgi dolu münasibət bir çox riski daha yaranmadan aradan qaldıra bilər," - deyə ekspert vurğulayıb.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31