Kanak xalqının gələcəyi Parisdə hansısa qapalı danışıqlarda müəyyən edilməli deyil - ÖZƏL

"Bakı Təşəbbüs Qrupunun kanak xalqının öz müqəddəratını təyinetmə hüququ ilə bağlı atdığı addımlar təqdirəlayiqdir. Bu, bir daha ondan xəbər verir ki, Azərbaycan dövləti sadəcə öz xalqının və yaxud da Cənubi Qafqaz xalqlarının müqəddəratı haqqında düşünmür, dünya və bəşəriyyətə töhfələr verərək müxtəlif regionlarda yaşayan xalqların ayaqlar altına alınmış hüquqları ilə bağlı fundamental addımlar atır."

Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:

"Fransa, təəssüflər olsun ki, müstəmləkəçilik siyasətini müasir dövrdə də tətbiq edərək kanak xalqının istəklərini və razılığını, beynəlxalq hüququn fundamental norma və prinsiplərini nəzərə almadan addımlar atır. Atılan yanlış addımlar sadəcə siyasi çərçivə ilə məhdudlaşmır, bu, bilavasitə beynəlxalq hüququn pozulması deməkdir. Bu, xalqların kollektiv hüquqlarının əllərindən alınması deməkdir. Məsələlər kanak xalqının kimliyinin tanınması istiqamətində həll edilməlidir. Numea Sazişi bununla bağlı çərçivə müəyyən edir. Bu çərçivəyə həmçinin geniş muxtariyyətin əldə edilməsi və kanak xalqının öz siyasi gələcəyini müəyyən etməsi də daxildir. Numea sazişi təminatlarının pozulması siyasi və hüquqi tarazlığı pozur Kanak xalqı öz siyasi gələcəyini müəyyən etmək istiqamətində azad qərarlar almalı, buna maneə yaradılmamalı və bu istiqamətdə heç bir məhdudlaşmaya yol verilməli deyil.Təəssüflər olsun ki, Fransa kənardan adaya yerləşdirilən gəlmələr hesabına səsvermə hüququ olan şəxslərin hüquqlarını pozur. Köçürülən şəxslərin hüquqlarının genişləndirilməsi ilə əslində və birbaşa kanak xalqının razılığı olmadan seçki korpusuna müdaxilə edilir. Bununla da yerli xalqın siyasi iradəsi zəiflədilir, demoqrafik balans dəyişdirilir və təbii ki, dekolonizasiya prosesinin nəticələri süni şəkildə təhrif olunur.

Biz eyni addımların 2024-cü ildə də  şahidi olduq. Həmin vaxt baş vermiş etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən qeyri-mütənasib güc tətbiqini gördük. Hətta o qeyd olunmalıdır ki, kanak insan hüquqları müdafiəçiləri, müstəqillik tərəfdarları razılıqları olmadan Fransanın Avropa ərazisindəki müxtəlif həbsxanalarına aparıldı. Onların aqibəti hələ də naməlumdur.
Bu bir daha ondan xəbər verir ki, Fransa müasir dövrdə də müstəmləkəçilik iradəsini, praktikasını, siyasətini davam etdirir. Kanak xalqının gələcəyi Parisdə hansısa qapalı danışıqlarda deyil, məhz xalqın öz real, bərabər və səmərəli iştirakı ilə müəyyən edilməlidir.

Bakı Təşəbbüs Qrupunun qaldırdığı məsələlər, o cümlədən BMT-yə təqdim etdiyi alternativ hesabatda əksini tapan amillər beynəlxalq hüquqa uyğundur və həmin qaldırılan bu məsələlərin əksəriyyəti BMT-nin İrqi Ayrı-seçkiliyin Ləğvi üzrə Komitəsinin Fransaya ünvanladığı xəbərdarlıqda da öz əksini tapır."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31