Ermənistanın Qərbə dönüşü: Yeni təhlükəsizlik təminatı, yoxsa yeni risklər?-ÖZƏL
16:18 SiyasətErmənistanın xarici siyasətində Rusiyadan uzaqlaşma və Qərbə inteqrasiya prosesi sürətlənir. İrəvan 2024-cü ildən KTMT-də iştirakını faktiki dondurub və təşkilatı təhlükəsizlik öhdəliklərini yerinə yetirməməkdə ittiham edir. Ermənistan hüquqi olaraq hələ də KTMT üzvü olsa da, təşkilatın tədbirlərində iştirak etmir. Noyabrın 11-də Moskvada keçiriləcək KTMT sammitində Ermənistanın gələcək statusunun müzakirəsi gözlənilir. Bu fonda əsas sual İrəvanı Rusiyanın təhlükəsizlik çətirindən çıxdıqdan sonra kimin qoruyacağıdır.
Ermənistanın KTMT-dən tamamilə uzaqlaşaraq Avropaya inteqrasiya siyasəti ölkənin təhlükəsizliyinə hansı riskləri yarada bilər?
İrəvan Rusiyanın təhlükəsizlik zəmanətindən imtina edərsə, Avropa və ya NATO Ermənistan üçün real təhlükəsizlik alternativi ola bilərmi?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Ermənistanın Avropaya inteqrasiya ilə bağlı qəbul etdiyi və həyata keçirməyə çalışdığı qərar onun müstəqil dövlət kimi suveren hüququdur, hərçənd, bu ölkənin Rusiya ilə bağlı sabiq hakim siyasi elitasının dönəmində belə bir mövqenin sərgilənəcəyi gözlənilən deyildi, zira bu ölkədə 2018-ci ildə Qərbin maliyyə və siyasi dəstəyi ilə həyata keçirilən inqilabda məqsəd məhz Ermənistanın Rusiyanın təsir dairəsindən qurtulması olmuşdur. Bu, hesablanmış dəsti-xətt idi və dəsti-xəttin həyata keçirilməsinə Qərbin qlobalist dairələri qarşısında məsul olan Paşinyan seçilmişdi.
Hazırda Paşinyan iqtidarının Avropaya inteqrasiya ilə bağlı həyata keçirməyə çalışdığı siyasət geosiyasi zəmində olub, bölgədə Qərb və Rusiya arasında qarşıdurmanın reallıqlarından irəli gəlir. Bu reallıqlar yeni dəhlizlər vasitəsilə yükdaşımalar, habelə enerji resurslarının Rusiyadan yan keçilməsi ilə bağlı amilləri ehtiva edir, lakin məlum dəhlizlərin rentabelliyinin təmin edilməsi məqsədilə Qərb bölgəyə özünün hərbi kontingentini cəlb etməyə çalışır. Məqsəd postsovet ərazisindən Rusiyanın sıxışdırılması, bölgəyə, logistik marşrutlara Qərbə məxsus şirkətlərin nəzarət imkanlarının genişləndirilməsini təmin etməkdən ibarətdir.
Oxşar ssenari Ukraynada da oynanılmış və bu zaman Ukraynaya Rusiya tərəfindən ola biləcək təhdidlərə görə onun qısa zamanda Qərbin təhlükəsizlik sisteminə inteqrasiyasının təmin ediləcəyi ilə bağlı vədlər verilmişdir.
Rusiya ilə başlanmış müharibənin Ukrayna dövlətçiliyinə, xalqına neçəyə başa gəldiyi göz qabağındadır. NATO və Avropa Birliyi tərəfindən olan hərbi, siyasi və maliyyə dəstəyinə baxmayaraq, rəsmi Kiyev işğal altında olan torpaqlarını hələ də azad edə bilməyib, onun 1 milyondan artıq əhalisi qırılıb, dövlət borcu 200 milyard dolları ötüb, iqtisadiyyatına, infrastrukturuna dəyən ziyanın aradan qaldırılması üçün illərlə vaxt lazımdır.
Ermənistan belə bir təhdidlə üzbəüz qalacağı təqdirdə onun tab gətirməyəcəyi şübhə doğurmur, NATO-nun ona birbaşa dəstək verməyəcəyi və müdafiə etməyəcəyi bəllidir. Ən yaxşı halda Ermənistanı Gürcüstanın 2008-ci ildə Rusiya ilə hərbi qarşıdurmada yaşadığı aqibət gözləyir. Üstəlik, Qərbin- NATO-nun bölgəyə nüfuzuna İranın necə yanaşacağı da bəllidir, bu halda Ermənistanın iqtisadi və geosiyasi məngənəyə düşəcəyini onu yönəldən siyasi elita nəzərə almalıdır. Üstəlik, Azərbaycan və Türkiyə ilə münasibətlərdə problemlərin qaldığı şəraitdə Paşinyanın həyata keçirməyə çalışdığı siyasət Ermənistan üçün "sizif daşının" məhrumiyyətlərini doğuracaq".
Zeynəb Mustafazadə