“ABŞ konqresmenlərinin çağırışı bölgədə sabitliyi pozur” – Şakir Ağayev – ÖZƏL
25 İyul 14:06 SiyasətAzərbaycan QHT-ləri ABŞ dövlət katibi Marko Rubioya müraciət ünvanlayıblar. Müraciətdə bir qrup konqresmenin Azərbaycanın suverenliyinə və sülh prosesinə qarşı atdığı addımlar sərt şəkildə tənqid olunur. Bildirilir ki, bu şəxslər erməni lobbisinin təsiri altındadır və bölgədə gərginlik yaratmağa, sülhə əngəl olmağa çalışırlar. QHT-lər bu çağırışların ABŞ-Azərbaycan əlaqələrinə zərər verdiyini və Tramp administrasiyasının Cənubi Qafqazda apardığı sülh siyasəti ilə ziddiyyət təşkil etdiyini vurğulayırlar.
"87 konqresmenin bu cür müraciəti, səviyyəsindən asılı olmayaraq, əhəmiyyətli hadisədir. Belə bir çağırışın Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallıqlar, ölkəmizin formalaşdırdığı kövrək sabitlik və sülh prosesi fonunda - xüsusilə də Azərbaycan və Ermənistanın yaxınlaşdığı bir vaxtda - gündəmə gətirilməsi özü-özlüyündə sülh prosesinə bir təhdiddir".
Olaylar.az xəbər verir ki, bu barədə siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, ABŞ-də idarəetmə sistemi prezident, dövlət departamenti, konqres və senatdan ibarətdir. Prezidentin səlahiyyətləri ilə yanaşı, konqresin və senatın da mühüm rolu var: "ABŞ kimi ölkədə konqresmenlərin və senatorların irəli sürdüyü qanun layihələri bəzən icra hakimiyyətinin fəaliyyətinə əngəl törədir və ya prosesləri ləngidir. Əgər idarəetmə strukturları arasında fikir ayrılığı yaranarsa, bu, qəbul olunmuş qərarların həyata keçirilməsini çətinləşdirir. Biz bunun şahidini 2016-2020-ci illərdə Trampın prezidentliyi dövründə də olmuşuq. Bu baxımdan, Cənubi Qafqazla bağlı bəzi konqresmenlərin belə birtərəfli və anti-Azərbaycan mövqe tutması, təəssüf ki, regionda gedən sülh prosesini yavaşıda və ya zədələyə bilər. Ən pisi isə odur ki, bu konqresmenlər uzun müddətdir Azərbaycana qarşı qərəzli mövqedədirlər və bu, açıq-aşkar görünür. Məsələn, onlar ermənilərin geri qayıtmasını tələb etdikləri halda, azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtmasından ümumiyyətlə danışmır, bu məsələni dilə gətirmir və görməzlikdən gəlirlər. Bu isə onların niyyətinin nədən ibarət olduğunu aydın göstərir".
ABŞ-də bu cür konqresmenlərin mövqeyi rəsmi siyasətə təsir göstərə bilərmi?
"Bəli, müəyyən dərəcədə təsir edə bilər. Unutmayaq ki, ABŞ-nin müxtəlif strukturlarında erməni əsilli şəxslər mövcuddur və onlara simpatiyası olan yüksək vəzifəli şəxslər də var - məsələn, Milli Təhlükəsizlik Şurasının bəzi nümayəndələri. Biz hələ yalnız tanıdıqlarımızdan danışırıq. Belə bir müraciət, konqresmenlərin təşəbbüsü bəhanə kimi istifadə edilə və Cənubi Qafqazda Azərbaycanın təşəbbüskarı olduğu sülh prosesinə mane olmaq üçün vasitəyə çevrilə bilər. Tramp çalışır ki, bu prosesləri yekunlaşdırsın, amma idarəetmə orqanları arasında fikir ayrılığı olduqda bu istiqamətdə irəliləyiş çətinləşir. Unutmayaq ki, erməni lobbisi ABŞ-də kifayət qədər güclüdür. Təəssüf ki, bu təsirlər nəticəsində 1992-ci ildən bəri Amerikanın bəzi konqresmenləri daim Azərbaycana qarşı qərəzli mövqe tutublar və Ermənistanı dəstəkləyiblər. Bu 30 il ərzində bir dəfə də olsun Azərbaycanın işğal altında olan torpaqları və həmin ərazilərdən qovulmuş azərbaycanlıların hüquqları müdafiə olunmayıb. Onlar bu məsələyə ya səssiz qalır, ya da ümumiyyətlə toxunmurlar.
Səidə Ramazanova