Azad Məsiyev: “Azərbaycan informasiya cəbhəsində özünü uğurla müdafiə edir” – ÖZƏL

"Mətbuat cəmiyyətdə "dördüncü hakimiyyət" rolunu oynayır. İctimai rəyin formalaşdırılmasında kütləvi informasiya vasitələri (KİV) əsas rol daşıyır. Xüsusilə də ABŞ başda olmaqla Qərb koalisiyası müxtəlif fondlar vasitəsilə ayrı-ayrı ölkələrdə "söz azadlığı", "demokratiya" və "insan hüquqları" kimi ideyalar altında öz agentura şəbəkəsini formalaşdırmağa çalışır. Bu təsir əsasən KİV-lər üzərindən qurulur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, məqsəd həmin cəmiyyətlərə təsir göstərmək və ictimai rəyə yön verməkdir:
"Təkcə regional yox, həm də qlobal miqyasda bu üsul ciddi nəticələr doğurur. Qərbin bəzi dairələrinin maliyyələşdirdiyi beynəlxalq fondlar vasitəsilə KİV-lər üzərində təsir mexanizmləri qurularaq, dünya ictimaiyyətində müəyyən rəy formalaşdırılır.
Azərbaycan isə dünyanın bir parçası olaraq informasiya müstəvisində özünü müdafiə etmə taktikasına üstünlük verir. Bu, Azərbaycanın sülhsevər siyasətindən qaynaqlanır - yəni qonşularla dinc yanaşı yaşama prinsipi, daxili işlərinə qarışmamaq, beynəlxalq hüquq və ədalət prinsiplərinə sadiqlik bu siyasətin əsasını təşkil edir. Azərbaycan digər ölkələrin də daxili işlərinə müdaxilə etməmə mövqeyini prinsipial şəkildə qoruyur. Bu yanaşmanın tərkib hissəsi olaraq Azərbaycan yalnız özünü müdafiə edir və xarici KİV-lərin təsirindən qorunmaq üçün konkret addımlar atır. Prezident İlham Əliyev də KİV-lərə xüsusi diqqət ayırır. Bu yaxınlarda media əməkdaşlarına dövlət mükafatlarının təqdim olunması və jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mənzil verilməsi də bu qayğının bariz nümunəsidir. Ümumilikdə, ictimai rəyin formalaşmasında KİV-lərin rolu danılmazdır. Eyni zamanda bu vasitə ilə cəmiyyətdəki problemlər də dövlət qurumlarına çatdırılır və həll üçün addımlar atılır. Bu səbəbdən Azərbaycanda KİV-lərə dövlət səviyyəsində ciddi diqqət göstərilir.

A. Məsiyev qeyd edib ki, Azərbaycan mətbuatı bu gün həm daxili, həm də xarici informasiya təzyiqlərinə cavab verə biləcək gücdədir: "Ölkədə söz və mətbuat azadlığı dəstəklənir. Bəzi Qərb dairələrinin "azadlıq" adı altında Azərbaycana qarşı təzyiqlər göstərdiyini də görürük, lakin ölkəmiz bu kimi hallara adekvat və vaxtında cavab verir. Azərbaycanda informasiya təhlükəsizliyi məsələsi prioritetlər sırasındadır. Bu gün dünyada informasiya savaşı gedir və KİV-lər bu mübarizədə əsas alətlərdən birinə çevrilib. Bəzi nüfuzlu beynəlxalq informasiya agentlikləri tərəfindən yayılan dezinformasiyalar dünya miqyasında çaşqınlığa və xaosa səbəb olur. Bu özünü xüsusilə iqtisadi sahədə, o cümlədən enerji bazarlarında göstərir. Məhz bu səbəbdən Azərbaycan həm daxili, həm də xarici siyasətini informasiya siyasəti ilə paralel aparmalıdır. Güclü informasiya şəbəkəsinin qurulması regional səviyyədən beynəlxalq müstəviyə çıxmaq baxımından həyati əhəmiyyət daşıyır. Bu gün dünyada ən dəyərli resurs informasiyadır və ona çıxış imkanları ölkənin gücünü müəyyənləşdirən əsas faktorlardan biridir. Azərbaycanın informasiya sahəsində özünü müdafiə taktikasını uğurla tətbiq etdiyini deyə bilərik. Xaricdən yönələn təzyiqlərə cavab verə biləcək kifayət qədər informasiya resurslarımız var və bu imkanlar qlobal müstəvidə də uğurların əldə olunmasına xidmət edə bilər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31