İranın NPT-dən çıxması və müdafiə doktrinasına yenidən baxması qaçılmazdır – Ekspertlər Şurası

İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən (NPT) çıxmasının araşdırılması qaçılmazdır.

Bu, İranın Ekspertlər Şurasının bəyanatında öz əksini tapıb.

"İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən çıxmasının araşdırılması, ölkənin müdafiə doktrinasına yenidən baxılması və lazımi önləyiciliyin yaradılması qaçılmaz zərurətdir. Bu isə milli tələbə çevrilib", - deyə bəyanatda qeyd olunub.

Bəyanatda bildirilib ki, ölkə rəsmilərinin İranın Ali Lideri Seyid Müctəba Xameneinin istiqamətləndirməsindən faydalanaraq bu istəyə diqqət yetirəcəyi gözlənilir.

Bəyanatda əlavə olunub ki, qarşı tərəflər yenidən İrana hücuma başlamaq istəyərlərsə, İranın Ali Liderinin bildirdiyi kimi, qətiyyətli və effektiv cavab coğrafi məhdudiyyət olmadan həyata keçiriləcək. İranın Xarici işlər Nazirliyi də bu istiqamətdə addım atmalı və İranın qətiyyətli cavabını bütün ölkələrə, xüsusilə qonşu ölkələrə çatdırmalıdır.

"Qonşu ölkələr minlərlə kilometr uzaqdan gələn əcnəbi ölkələrin iştirakının regiona xeyri olmadığını bilir. Əcnəbi ölkələr regionun təhlükəsizliyinə kömək etməməklə yanaşı, destabilliyin əsas səbəbidir", -deyə bəyanatda qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31