TRIPP Ermənistanın xarici siyasətində yeni mərhələ açır- Moskva və Tehran nə edəcək?- ÖZƏL

Ermənistan prezidenti Vaaqn Xaçaturyan noyabrın 10-da ölkəsi ilə ABŞ arasında "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Rəsmi məlumatlara görə, bundan əvvəl Ermənistan parlamentində keçirilən səsvermədə 63 deputat layihənin lehinə, 32 deputat isə əleyhinə səs verib. Prezidentin imzası ilə rəsmi İrəvanın sözügedən strateji infrastruktur və tranzit əməkdaşlığı sənədi üzrə daxili ratifikasiya prosesi tam yekunlaşıb.

Bu Ermənistanın xarici siyasət vektorunda hansı dəyişikliklərdən xəbər verir? TRIPP layihəsi Cənubi Qafqazdakı mövcud regional nəqliyyat və kommunikasiya xətlərinə necə təsir göstərə bilər? İrəvanın bu addımı regionun digər əsas aktorları- Rusiya və İran tərəfindən necə qarşılanacaq?

Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:

" Düşünmürəm ki, bu hansısa ciddi bir addımdır. Ona görə ki, bu, gözlənilən idi. Daha doğrusu, formal bir mərhələ idi ki, Ermənistan bu sazişlə bağlı sənədləri ratifikasiya etsin və baş nazir onu imzalasın ki, qüvvəyə minsin. Artıq bu məsələlərin hamısı həll olunub. Bundan əvvəl Vaşinqtonda geniş müzakirələr aparılıb. ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında görüş keçirilib. Ona görə də TRIPP layihəsi ilə bağlı hətta belə deyə bilərdim ki, Ermənistan bunu istəməsəydi belə, məcburiyyət qarşısında həyata keçirməli idi. Geosiyasi tələblər və Azərbaycanın qətiyyəti Ermənistanı bu layihəni reallaşdırmağa məcbur etdi. Amma Ermənistanın özü də maraqlıdır. Çünki Ermənistan çalışır ki, özünü daha müstəqil dövlət kimi təqdim etsin və mümkün qədər Rusiyanın təsir imkanlarından çıxsın. Eyni zamanda, İranın təsirini də məhdudlaşdırsın. TRIPP layihəsi həm iqtisadi, həm də siyasi baxımdan Ermənistana bu imkanları yaradır. ABŞ-nin dəstəyini artırmaq, Azərbaycanın, Türkiyənin, Mərkəzi Asiya ölkələrinin, Çinin və Avropanın maraqlarını nəzərə almaq baxımından bu layihə mühüm əhəmiyyət daşıyır. Çünki sadaladığım dövlətlərin hamısı Orta dəhlizin inkişafında maraqlıdır.
Ermənistan artıq öz xarici siyasət vektorunu müəyyənləşdirib. Biz bunu görürük. Hər mərhələdə müəyyən addımlar atır, konkret işlər həyata keçirir. Bu baxımdan, TRIPP layihəsinin də reallaşmasına artıq başlanılıb. Hələlik bu layihədə nə Ermənistan, nə də Rusiya maraqlıdır. Hətta parlamentdə səsvermə zamanı Rusiyanın təsiri altında olan müxalifət nümayəndələri layihənin əleyhinə çıxış edirlər. Halbuki bu layihə Ermənistanın dövlət müstəqilliyinin möhkəmlənməsi üçün çox ciddi dəstək ola bilər.
Rusiya da, İran da bununla bağlı müxtəlif təzyiqlər göstərəcəklər. Artıq bu istiqamətdə müəyyən bəyanatlar eşidirik. Lakin buna baxmayaraq, yuxarıda sadaladığım dövlətlərin maraqları və imkanları Rusiya ilə İranın təsir imkanlarından daha güclüdür. Hər zaman dediyim kimi, bir daha vurğulayıram ki, bu layihə reallaşacaq və biz onun fəaliyyətinin şahidi olacağıq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31