Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla sülh danışıqlarını müzakirə ediblər

Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub. Bununla yanaşı, regional və beynəlxalq müstəvidə müşahidə olunan təhlükəsizlik problemləri nəzərdən keçirilib.

Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib.

Nazir Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi və onun müxtəlif aspektləri, sülh sazişi üzrə cari vəziyyət və perspektivlər, habelə mövcud maneələr və onların həlli istiqamətində səylər barədə ətraflı məlumatlandırıb.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31