2030-cu ilə qədər neft və qazdan imtina planı: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı necə dəyişəcək? – ÖZƏL
14:40 İqtisadiyyat"İqlim dəyişiklikləri ilə bağlı xərcləri dövlətlərin hərbi xərclərinin artması ilə müqayisə etmək və ya bir-birini əvəz edən istiqamətlər kimi qiymətləndirmək düzgün yanaşma deyil. Çünki hərbi təhlükəsizlik dövlətlərin əsas prioritet vəzifələrindən biridir və gələcəkdə də bu prioritet olaraq qalacaq".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı Razi Abbasbəyli deyib. İqtisadçının sözlərinə görə, iqlim dəyişiklikləri fonunda ən ciddi təhlükənin ərzaq təhlükəsizliyinin pozulması ilə bağlı olduğunu müşahidə edə bilərik. İnkişaf etmiş Avropa ölkələri artıq bununla bağlı konkret planlar üzərində işləyirlər. Düzdür, COP31 çərçivəsində hazırkı danışıqlarda maliyyə məsələləri ilə bağlı fikir ayrılıqları mövcuddur, lakin Avropa İttifaqı ölkələri arasında müəyyən razılıqlar əldə olunub. İlk hədəf neft və qazdan asılılığı aradan qaldırmaqdır. Bununla əlaqədar yaşıl enerjiyə keçidlə bağlı meqa layihələrin icrasına başlanılıb, investisiyalar ayrılır. 2030-cu ilə qədər Avropa ölkələrində neft və qazdan asılılığın 40 faizə qədər azaldılması planlaşdırılır. Yaşıl enerjiyə keçid proqramları istiqamətində ciddi maliyyə vəsaitləri ayrılır. 2030-cu ildən sonrakı 10-20 il ərzində isə neft və qazdan asılılığın tamamilə aradan qaldırılması nəzərdə tutulur. Yalnız sənaye sahələrində müəyyən qədər tələbatın qalacağı ehtimal edilir. Belə proqnozlar mövcuddur. Burada əsas məsələ iqlim dəyişiklikləri ilə bağlı yönəldilən investisiyaların nə dərəcədə geri dönüşünün olması və nə qədər səmərəli nəticələr verməsidir. Həmin vəsaitlərin həcminin əsas hədəf kimi götürülməsi, mütləq 300 milyard və ya 400 milyard dollar olması ilə bağlı yanaşma artıq əvvəlki kimi müzakirə edilmir. Çünki 2035-ci ilə qədər hər il təxminən 305 milyard dollar maliyyə vəsaitinə ehtiyac duyulur. Hazırda inkişaf etmiş ölkələrdə beynəlxalq dövlət adaptasiya maliyyəsinin həcmi isə 28-31 milyard dollar təşkil edir. Bu fərq gələcəkdə qlobal iqtisadiyyat üçün bir sıra ciddi risklər yaradır. Lakin daha böyük risklər aqrar sektorla bağlı müşahidə olunur. İqlim dəyişiklikləri əsasən su ehtiyatlarının azalmasına, quraqlığa və ekstremal istilərə səbəb olur ki, bu da kənd təsərrüfatında məhsuldarlığa mənfi təsir göstərir. Nəticə etibarilə, kənd təsərrüfatında maya dəyəri artır, ərzaq təchizatında fasilələr yarana və dünya bazarında qiymət artımları müşahidə oluna bilər. Bu baxımdan hazırda əsas hədəf aqrar sektorun dayanıqlılığının artırılması və iqlim dəyişikliklərinə uyğunlaşdırılmasıdır. Bu istiqamətdə elmi tədqiqatlar aparılır, araşdırmalar həyata keçirilir. Müvafiq institutlar yeni toxum sortlarının hazırlanması istiqamətində fəaliyyət göstərirlər. Ənənəvi əkin-biçin metodlarından yeni metodlara keçid prosesi də başlayıb. Eyni zamanda, fəsillərin əvvəlcədən proqnozlaşdırılan qaydada təzahür etməməsi halları müşahidə olunur. Məsələn, bəzən yay aylarında yağıntılar müşahidə edilir, bəzən planetimizin uzun illər qar yağmayan ərazilərinə qar yağır, bəzən isə ümumiyyətlə kəskin istilər qeydə alınır. Bütün bunlar artıq iqlim göstəricilərinin dəyişdiyini göstərir. İqlim şəraiti dəyişirsə, dünyanın əsas hədəfi də aqrar sektoru bu dəyişikliklərə uyğunlaşdırmaq olmalıdır. Toxumçuluqdan tutmuş maldarlıq və quşçuluq təsərrüfatlarına qədər müxtəlif sahələrdə yeni texnologiyalar hazırlanır, işlənib tətbiq olunur. Əlbəttə ki, bu istiqamətdə uğurlu nəticələr əldə edən dövlətlər qarşıdakı illərdə ciddi çətinliklərlə üzləşməyəcəklər. Lakin heç bir tədbir görməyən, yalnız mövcud resurslarına arxalanan, neft və qazdan əldə etdiyi gəlirlərlə yaşamağa davam edən dövlətlər üçün bu, ciddi problemə çevrilə bilər. Gələcəkdə həmin ölkələrin ərzaq təhlükəsizliyi ciddi təhdid altına düşə bilər. Bu təhdidlər eyni zamanda idxaldan asılılığın formalaşmasına səbəb ola bilər. Bu isə, əlbəttə ki, hərbi təhlükəsizlik məsələsi qədər vacib və təhlükəli bir tendensiyadır. Avropa İttifaqı ölkələri də bu istiqamətdə müəyyən addımlar atırlar, müvafiq hazırlıq işləri həyata keçirirlər. Bir daha qeyd edirəm ki, burada əsas məsələ maliyyənin həcmi deyil, onun nə qədər faydalı və həmin investisiyaların nə dərəcədə səmərəli olmasıdır. Əsas hədəflərdən biri də aqrar sektorun inkişaf etdirilməsi və yeni iqlim şəraitinə uyğunlaşdırılmasıdır.
Səidə Ramazanova