Hərbi büdcələr böyüyür, iqlim maliyyəsi yetərsiz qalır- Dünya hansı seçim qarşısındadır?- ÖZƏL
14:36 Siyasət"Dünyada hərbi xərclərin sürətlə artdığı, eyni zamanda iqlim böhranının dərinləşdiyi bir şəraitdə maliyyə prioritetləri məsələsinə yenidən baxmaq zərurəti yaranır. Təbii ki, hər bir dövlət öz müdafiə qabiliyyətini gücləndirməyə və milli təhlükəsizliyini qorumağa məcburdur. Lakin iqlim təhlükəsizliyi də artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Çünki quraqlıq, su qıtlığı, daşqınlar və ekstremal istilər təkcə ekologiyaya deyil, kənd təsərrüfatına, ərzaq təminatına, enerji istehsalına və bütövlükdə iqtisadi artıma ciddi zərbə vurur. Başqa sözlə, dövlətlər hərbi təhlükəsizliyə vəsait ayırmaqla yanaşı, iqlim risklərinin qarşısının alınmasına da investisiya qoymalıdırlar. Burada söhbət hərbi xərcləri tamamilə azaltmaqdan deyil, uzunmüddətli iqtisadi təhlükəsizliyi təmin edən maliyyə balansının yaradılmasından gedir".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"İqlimə uyğunlaşma üçün tələb olunan maliyyənin ayrılmaması gələcəkdə qlobal iqtisadiyyata daha böyük zərərlər vura bilər. Məsələn, su qıtlığı kənd təsərrüfatında məhsuldarlığı azaldacaq, ərzaq qiymətlərinin artmasına, ərzaq idxalından asılılığın güclənməsinə səbəb olacaq. Daşqınlar və ekstremal hava hadisələri isə yolların, elektrik və su təchizatı sistemlərinin, yaşayış məntəqələrinin dağıdılması ilə nəticələnə bilər. Nəticədə dövlətlər əvvəlcədən uyğunlaşma tədbirlərinə xərcləmədikləri vəsaitdən dəfələrlə çoxunu sonradan bərpa işlərinə sərf etməli olacaqlar. Bu, xüsusilə maliyyə imkanları məhdud olan inkişaf etməkdə olan ölkələr üçün ciddi borclanma və iqtisadi geriləmə riski yaradır.
Bu baxımdan COP31-in əhəmiyyəti böyükdür. Antalya şəhərində noyabrın 9-dan 20-dək keçirilən konfransın əsas istiqamətlərindən biri iqlim öhdəliklərinin real maliyyə və investisiya mexanizmlərinə çevrilməsidir. Artıq müzakirələrdə iqlim maliyyəsinin həcmi ilə yanaşı, onun keyfiyyəti, proqnozlaşdırıla bilməsi və inkişaf etməkdə olan ölkələrə əlçatanlığı da diqqət mərkəzindədir.
Ancaq hesab etmirəm ki, bir konfransla bu maliyyə uçurumunu aradan qaldırmaq mümkün olacaq. Bunun üçün inkişaf etmiş ölkələrin üzərinə götürdükləri maliyyə öhdəliklərini yerinə yetirməsi, vəsaitlərin sadəcə kredit deyil, daha çox qrant və güzəştli maliyyələşmə formasında təqdim olunması vacibdir. Əks halda, iqlim fəlakətlərindən daha çox zərər çəkən, lakin maliyyə imkanları məhdud olan ölkələr əlavə borc yükü ilə üzləşəcəklər.
COP31-in real nəticəsi ayrılan vəsaitlərin həcmi, maliyyənin hansı şərtlərlə təqdim edilməsi və həmin vəsaitlərin konkret layihələrə yönəldilməsi ilə ölçülməlidir. Əgər konfransdan sonra maliyyə öhdəlikləri icra mexanizmləri ilə möhkəmləndirilməsə, əldə olunan razılaşmaların praktik təsiri məhdud qalacaq".
Zeynəb Mustafazadə