TRIPP ətrafında siyasi vədlər və geosiyasi maraqlar: İranın mövqeyi nə olacaq? ÖZƏL
15:10 Siyasət"Ermənistanın TRIPP layihəsi ilə bağlı İrana verdiyi təminatlar ilk növbədə Tehranın təhlükəsizlik narahatlıqlarını azaltmağa və layihənin regional geosiyasi qarşıdurma predmetinə çevrilməsinin qarşısını almağa hesablanıb. Lakin burada əsas məsələ İrəvanın verdiyi siyasi vədlərdən daha çox, layihənin real idarəetmə mexanizminin, təhlükəsizlik arxitekturasının və gələcək fəaliyyət modelinin necə qurulacağıdır".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
" Ermənistan şirkətlərinin tikinti prosesində iştirak etməsi və ABŞ hərbçilərinin layihə ərazisində yerləşdirilməməsi İran üçün müəyyən təminat sayıla bilər. Bununla belə, ABŞ-nin hərbi kontingentinin olmaması onun layihədə siyasi, iqtisadi və strateji təsir imkanlarının olmayacağı anlamına gəlmir. Müasir geosiyasətdə təsir mexanizmləri təkcə hərbi mövcudluqla məhdudlaşmır. İnfrastrukturun idarə olunması, investisiya, texnoloji təminat və təhlükəsizlik standartları da ciddi siyasi təsir vasitələridir.
İranın narahatlığını tamamilə aradan qaldırmaq isə daha mürəkkəb məsələdir. Çünki Tehranın mövqeyində iki fərqli yanaşma müşahidə olunur. İran Xarici İşlər Nazirliyi və diplomatik dairələr Ermənistanla münasibətləri qorumağa, kommunikasiya xətlərinin açılmasına və TRIPP ətrafında dialoqu davam etdirməyə üstünlük verirlər. Bununla yanaşı, İranın siyasi elitasının müəyyən nümayəndələri ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsini strateji təhlükə kimi qiymətləndirirlər. Bu fərqli yanaşmalar göstərir ki, Ermənistanın verdiyi təminatlar İran daxilindəki bütün narahatlıqları eyni dərəcədə aradan qaldırmır.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, İranın əsas həssaslığı nəqliyyat əlaqələrinin inkişafı deyil, regionda yeni güc mərkəzinin formalaşması ehtimalıdır. Tehran Azərbaycanla Naxçıvan arasında maneəsiz kommunikasiyanın yaradılmasına prinsip etibarilə qarşı çıxmamalıdır. Əksinə, regional nəqliyyat imkanlarının genişlənməsi İranın da iqtisadi və tranzit maraqlarına xidmət edə bilər. Mən hesab edirəm ki, TRIPP layihəsi ətrafında müzakirələrin əsas istiqaməti təhlükəsizlik narahatlıqlarından daha çox regional əməkdaşlıq imkanlarına yönəlməlidir. Azərbaycanın əsas gözləntisi Naxçıvanla maneəsiz bağlantının təmin olunması, kommunikasiya xətlərinin açılması və regional iqtisadi inteqrasiyanın genişlənməsidir. Azərbaycanın suveren hüquqlarının, Naxçıvanla maneəsiz əlaqənin və region dövlətlərinin təhlükəsizlik maraqlarının təmin olunması isə bu prosesin uğurunun başlıca şərtidir".
Zeynəb Mustafazadə