Mədəniyyət obyektləri, yoxsa restoranlar ?-Tarixi binaların mədəniyyətə deyil, kommersiyaya xidmət etməsi

Bakı qədim şəhərdir. Onun küçələri, binaları, daş divarları uzun illərin izlərini saxlayır. Şəhərin mərkəzində gəzəndə diqqətimizi çəkən o binalar illər öncə teatr olub, kitabxana olub, mədəni tədbirlərə ev sahibliyi edib. İndi isə çoxu restoran, kafe və ya butik kimi fəaliyyət göstərir.
Son vaxtlar paytaxtda belə bir tendensiya müşahidə olunur: tarixi binalar mədəniyyət obyektlərindən çıxarılıb, kommersiya məqsədilə istifadə olunur. Kənardan baxanda bina yerindədir, amma içindəki həyat tamam dəyişib. İndi orada sənət əsəri deyil, menyu təqdim olunur. Buralar əvvəllər maarif və mədəniyyətin ünvanı idisə, indi qazanc və biznesin bir hissəsinə çevrilib.
Bəziləri bunu "yenidən canlandırma" hesab edir. Deyirlər, bina boş qalmır, baxımsız vəziyyətə düşmür. Amma bu yanaşma hamını qane etmir. Çünki məsələ təkcə binanın xarici görünüşü ilə bitmir. İçindəki ab-hava, funksional məqsəd də dəyişirsə, o bina artıq əvvəlki bina deyil. Tarixi binaların kommersiya obyektinə çevrilməsi bəzən mədəni dəyərin itirilməsinə səbəb olur. Axı binanın tarixi təkcə tikildiyi il deyil, orada baş verənlər və cəmiyyət üçün ifadə etdiyi məna ilə ölçülür.
 Mədəni irs dedikdə yalnız divarlar və rəsmi sənədlərdə qeyd olunan "abidə" anlayışı yox, onun daşıdığı məna, tarix və yaddaş nəzərdə tutulur. Və bu yaddaş gündəlik həyatla birgə yaşamalıdır. Əgər bu funksiyanı yalnız qazanc prinsipi əvəz edirsə, o zaman biz sadəcə daşları saxlayırıq, ruhu yox.
Bütün bu suallar və yanaşmalar fonunda maraqlıdır ki, mütəxəssislər bu məsələyə necə baxır? Mədəniyyətin ruhunu və şəhərin tarixi kimliyini qorumaq üçün hansı yanaşmalar doğrudur? 

Mövzu ilə bağlı Azərbaycan Turizm və Menecment Universitetinin professoru, tarix elmləri doktoru, kulturoloq Minəxanım Əsədova Olaylar.az-a açıqlama verib:
" Abidələr əhəmiyyətinə görə üç vacib hissəyə bölünür: yerli əhəmiyyətli, ölkə əhəmiyyətli və dünya əhəmiyyətli.Ölkə əhəmiyyətli və dünya əhəmiyyətli tarixi binalara ümumiyyətlə toxunulmamalıdır. Onların tarixiliyi qorunub saxlanmalıdır. Onlar rekonstruksiya və ya təmir edilməməlidir. Əgər mümkündürsə, bu binalar bərpa olunmalıdır. Konservasiya edilə bilərsə, konservasiya olunmalıdır. Bu prosesdə mütləq peşəkar memarlar layihə hazırlamalıdırlar.
Bu, ümumi komissiyanın qərarı ilə müəyyən olunmalıdır ki, binaya necə təsir edilə bilər və onun qorunması üçün hansı addımlar atılmalıdır. Bərpa - ilkin vəziyyətinə qaytarmaq deməkdir. Yəni ya ilkin vəziyyətinə qaytarmaq, ya da olduğu kimi qoruyub saxlamaq nəzərdə tutulur.
Yəni heç bir müdaxilə etmədən, olduğu vəziyyətdə qorunub saxlanılmalıdır. Bu suala gəlincə, demək istəyirəm ki, hətta yerli əhəmiyyətli bina olsa da, hər hansı əhəmiyyətli binanı kafe, restoran və ya digər kommersiya obyektinə çevirmək düzgün deyil. Bu, peşəkar memarlıq baxımından da, mədəni və kultural baxımdan da düzgün deyil. Nəyə görə? Ona görə ki, binanın məzmunu, onun tarixi-mədəni əhəmiyyəti itir, əgər o, restoran, kafe və digər kommersiya obyektinə çevrilərsə. Amma təcrübədə bəzi tarixi binaların muzeyə çevrilməsi özünü müsbət mənada doğruldur.
Məsələn, Hacı Zeynalabdin Tağıyevin malikanəsi indi həm Tağıyevin həyat və fəaliyyətini əks etdirən muzey kimi, həm də Azərbaycanın Tarix Muzeyi kimi fəaliyyət göstərir. 
Və yaxud mən nümunə kimi məşhur memarlar Hüseynov və Dadaşovun layihəsi ilə işlənmiş Ədəbiyyat Muzeyini göstərə bilərəm. Gənc memar Abdul Hüseynovun layihəsi ilə hazırlanmış Rüstəm Mustafayev adına İncəsənət Muzeyi də buna bir misaldır. Məsələn, mən "layihəsi ilə işlənmiş" deyəndə onu nəzərdə tuturam ki, bu muzeylərin binaları əvvəlcə muzey üçün deyil, başqa məqsədlə tikilmişdi.
Tutaq ki, Ədəbiyyat Muzeyinin binası əvvəllər mehmanxana olub. İncəsənət Muzeyinin binasının bir hissəsi Qızlar Gimnaziyası, digər hissəsi isə De Burun Sarayı olub. Bu binaların sonradan məşhur memarların layihəsi əsasında işlənməsi o deməkdir ki, muzey binasının bünövrəsinin möhkəmləndirilməsi, eyni zamanda binanın muzeyə uyğunlaşdırılması prosesi peşəkar memarların layihəsi əsasında həyata keçirilib. Bu mənada binanın tarixiliyi qorunub saxlanılır. Bina həm görkəmi etibarilə tarixi binadır, həm də həmin bina muzey kimi fəaliyyət göstərirsə, bu, onun məzmun baxımından da uyğun olduğunu göstərir. Ona görə də tarixi binaların mədəni obyekt kimi, mədəni turizm obyekti kimi fəaliyyət göstərməsi məqsədə uyğundur. Hərtərəfli - həm forma, həm də məzmun baxımından uyğundur.

Tarixi binaların kafe və ya restoran kimi fəaliyyət göstərməsi isə binanın məzmununu korlayır. Bu zaman onun forması ilə məzmunu arasında uyğunsuzluq yaranır. İkincisi, restoranın təşkili, orada yeməklərin bişirilməsi, qoxuların yayılması, gediş-gəlişin çoxalması - bütün bunlar binanın həm forması, həm də məzmununu korlayır. Amma burada bir istisna hal ola bilər. Əgər bina yerli əhəmiyyətli tarixi binadırsa və turizm sahəsində yerləşirsə, burada yüngül formada, məsələn, bir kafe fəaliyyət göstərə bilər - bir şərtlə ki, ətrafda yaşayan insanlardan icazə alınsın. Çünki orada musiqi səsləri narahatlıq yarada, yeməklərin qoxusu və texniki məsələlər maneçilik törədə bilər.
Dünya təcrübəsində də bu özünü göstərir: yerli əhəmiyyətli tarixi binada, binaya ziyan vermədən, ətraf əhali ilə razılaşdırılaraq, yüngül formada kafe və ya oxşar obyekt fəaliyyət göstərə bilər. Amma bu, istisna hal kimi qəbul edilməlidir. Ümumilikdə isə binanın mədəniyyət baxımından zədələnməsidir 
Mən hesab edirəm ki, tarixi abidələr dəyişdirilməməlidir. Onlar kommersiya məqsədilə, məsələn, restoran və ya kafe kimi fəaliyyət göstərməməlidirlər - buna imkan verilməməlidir. Ən azından ona görə ki, bizim mədəniyyətimiz, tarixi binalarımız qorunub saxlanmalıdır.
Bu mənada mən "Bayır Şəhər"lə bağlı fikirlərimi bölüşmək istəyirəm. Hazırda İçərişəhərin ətrafı "Bayır Şəhər" adı ilə tanınır - yəni qala divarlarından kənarda yerləşən sahə. Hal-hazırda Bayır Şəhər mövzusu gündəmdədir. Ölkə Prezidenti İlham Əliyevin imzaladığı 2040-cı ilədək olan şəhərin Baş Planında Bayır Şəhər qorunması və mühafizə zonası kimi saxlanması nəzərdə tutulur.
Hazırda Bayır Şəhərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Bayır Şəhər dedikdə, əsasən, Təzəpir məscidinin ətrafı nəzərdə tutulur. Bu ərazidə çox sayda tarixi abidə var - həm yerli, həm ölkə, həm də dünya əhəmiyyətli tarixi binalar.
Bu tarixi binalar eyni bünövrə üzərindədir, Memarlar İttifaqının rəsmi tarixi abidələr siyahısına daxildir. Amma başqa binalar da var ki, onlar da tarixi əhəmiyyət daşıyır, lakin Memarlar İttifaqının siyahısında yer almadıqları üçün tarixi bina kimi tanınmırlar. Əslində isə bu binalar da tarixi əhəmiyyətlidir - orada tanınmış şəxslər yaşayıb, hər birinin öz tarixi var, mədəniyyətə xidmət edib. İndi isə belə bir fikir irəli sürülür ki, Bayır Şəhərdə Memarlar İttifaqının siyahısında olan binalar saxlanılsın, digərləri isə dəyişdirilsin, sökülsün və onların yerində yaşayış binaları, restoran və ya kafelər tikilsin.

Əgər bu belə olsa, həmin ərazidə restoran və kafelərin tikilməsi, yanındakı tarixi binanın görünüşünü də korlaya bilər - bu, bir tərəfi. Digər tərəfdən isə bu tarixi binaların restoran və ya kafe kimi, kommersiya obyekti kimi fəaliyyət göstərməsi ümumiyyətlə Bakının qədimliyini, mental dəyərlərini məhv edə bilər. Bu isə qədim mədəniyyətin itirilməsi deməkdir. Buna heç cür yol vermək olmaz.
Məsələn, mən hesab edirəm ki, Bayır şəhər olduğu kimi qorunub saxlanmalıdır. Özünün tarixi abidələri, Memarlar İttifaqının tarixi memarlıq abidələri siyahısına daxil olan binaları və siyahıya daxil olmayan binaları bərpa olunmalı, restavrasiya edilməlidir. Tarixi abidələr konservasiya olunmalı, olduğu kimi qorunub saxlanmalıdır.
Yəni, əgər bura prezidentin imzaladığı şəhərin baş planına əsasən mühafizə zonasıdırsa, orada tam mühafizə bərqərar olmalıdır, tam bərpa təmin edilməlidir. Bayır şəhər olduğu kimi qorunmalıdır, ora turizm obyekti kimi fəaliyyət göstərməlidir - eynilə İçəri şəhər kimi. Mən inanıram ki, Bayır şəhərin bu şəkildə qorunub saxlanması və bərpa olunması mümkün olsa, o zaman bu ərazi UNESCO-nun maddi irs siyahısına daxil ola bilər.

Burada dünya əhəmiyyətli, çox maraqlı binalar var, qədim hamamlar, qədim tikililər mövcuddur. Buranın çox zəngin və maraqlı tarixi var və biz bu tarixi qoruyub saxlamalı, təbliğ etməliyik. Azərbaycan mədəniyyətini, bizim memarlıq irsimizi, milli arxitekturamızı bütün dünyaya tanıtmalıyıq. Əgər bunlar dağılsa, ümumilikdə o mənəvi dəyərlər, milli keyfiyyətlər də yox ola bilər.
Buranın sakinləri çox məşhur insanlardır. Burada vaxtilə böyük alimlər, memarlar, incəsənət xadimləri yaşayıb. İndi onların övladları, nəvələri həmin insanların yolunu davam etdirirlər. Hazırda burada yaşayan gənclərin arasında da mədəniyyəti, incəsənəti dünyada təbliğ edən insanlar var və həmin şəxslər burda olmaqla bu mədəniyyəti yaşadır və tanıdırlar.
Bu insanları buradan köçürmək, onların yerində restoran, kafe, iaşə obyektləri tikmək - bu, elə bil ki, mədəniyyətin üstündən xətt çəkməkdir. Bu, Azərbaycanın mental dəyərlərinin, mənəvi keyfiyyətlərinin üzərindən xətt çəkmək deməkdir.
Tarixi binaların, restoran, kafe və digər kommersiya məqsədli üçün istifadə olunmağı mədəniyyət baxımından mənfi qiymətləndirirəm. Buna yol verilməməlidir. Bu mədəni yaddaşın yaşamasına kömək etmir, əksinə onu zəiflədir. Tarixi abidələri olduğu kimi qoruyub saxlamaq, bizim mədəniyyətimizə, mədəni ruhun qorunmasına , inkişafına daha çox kömək edər.
Mədəni ruhun qorunması üçün ilk növbədə bizim milli adət-ənənəmizi, mədəniyyətimizi görüntülü şəkildə, forma baxımından insanlara göstərmək lazımdır. Bunun birinci yolu - istər İçərişəhər olsun, istərsə də bayır şəhər - orada yaşayan insanların həyat tərzidir. Yəni, insanlar əgər həmin məkanlarda yaşayacaqlarsa, o zaman qonşuluq mədəniyyəti, ünsiyyət mədəniyyəti, qonaqpərvərlik kimi milli-mənəvi dəyərlərimiz də təbii şəkildə ortaya çıxacaq. Məsələn, bizim qonaqpərvərliyimizi yalnız həmin yerin sakini ifadə edə bilər. Mən bayır şəhərlərdə bunu çox müşahidə etmişəm. Hələ də küçədə hər hansı bir xarici qonaq görəndə, buranın köklü sakini ona "xoş gəldin" deyir, üzünə gülümsəyir, xoş söz söyləyir.
Əgər orada yaşayan evlər hər hansı bir kommersiya məqsədilə, məsələn, dükan və ya restoran kimi fəaliyyət göstərsə, bu ruh qorunub saxlanmayacaq. Bu məsələnin bir tərəfidir. İkincisi, dünya təcrübəsində həmin hadisələri konservasiya olunmuş şəkildə, olduğu kimi göstərmək nümunələri var. Məsələn, bayaq dediyim qonşuluq ənənəsi - evin qarşısında oturub söhbət etmək kimi vərdişlər. Xarici təcrübədə görürük ki, köhnə formada bərpa olunmuş evin qarşısında bir skamya qoyulur. Həmin skamyanın qarşısında isə heykəl formasında iki qadın söhbət edir, ya da bir neçə nəfər domino və ya nərd oynayır. Bunu həmin küçədə bu şəkildə - heykəl formasında göstərmək müasir gənclərə və turistlərə aydın şəkildə göstərir ki, vaxtilə burada insanlar ünsiyyət qurur, birlikdə vaxt keçirirdilər.
Tutaq ki, Bayır şəhərin özünün açıq səma altında muzey formasında təşkili - məzmunca qədim, formaca isə müasir üsullarla - milli ruhun qorunmasına səbəb ola bilər.
Tarixi məkanlar formasına görə sadəcə baxmaq üçün də qala bilər. Məsələn, hər hansı bir qala, hər hansı bir tarixi məkan - bunlar yalnız baxış üçün saxlanıla bilər. Əgər tarixi məkan istifadəyə uyğundursa, o da mütləq mədəniyyətin təbliği üçün lazım olan, mədəniyyətin təbliğinə xidmət edən fəaliyyət üçün istifadə olunmalıdır. Dediyim kimi, hər hansı bir tarixi bina muzey ola bilər. Hər bir tarixi məkanda nədən istifadə olunacaqsa, bu, onun məzmununa uyğun olmalıdır.
Hər binanın öz hekayəsi var, hər məhəllənin öz hekayəsi var. Həmin hekayəyə uyğun olaraq müxtəlif vasitələrdən istifadə etmək olar. Məsələn, həmin məkanda vaxtilə burada necə yaşayıblarsa, onu göstərən slayd təqdim oluna bilər. Və ya halogram vasitəsilə insan ora daxil olanda, o məkanda vaxtilə necə yaşanıldığı, buranın milli adət-ənənəsinin necə olduğu canlandırıla bilər.

Əgər tarixi məkan hər hansı bir məqsəd üçün istifadəyə yararlıdırsa, onun məzmununa uyğun istifadə olunmalıdır. Yəni, sıradan bir dükan, restoran, kafe yox - məhz həmin tarixi məkanın ruhuna uyğun, məhəllənin və ya binanın hekayəsinə uyğun fəaliyyət göstərməlidir. Məsələn, XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakı milyonçularının inşa etdirdikləri çox məşhur, dünya əhəmiyyətli tarixi binalar var. Bu binaların hər birinin öz hekayəsi var. Həmin bina hansı şəraitdə, hansı səbəblə inşa olunub? Bəzən hansısa bir mübahisənin, bir hadisənin nəticəsində yaranıb. Məsələn, Səadət Sarayının, Opera və Balet Teatrının tikilməsi - bunların hər birinin öz tarixçəsi var. Bu hekayələri hansısa formada təqdim etmək olar. İstər İçərişəhərdə, istər Bayır şəhərdə olsun, hər hansı bir tarixi memarlıq abidəsinin yaranma tarixçəsini interyerində əks etdirmək mümkündür.
Yəni, binanın təbliğinə onun içindən - interyerindən istifadə etmək lazımdır. Bu, həm binanın öyrənilməsinə xidmət edir, həm də onun təbliğinə. Həmçinin peşəkar səviyyədə, hansı üsulla tikildiyi, kimlər tərəfindən inşa olunduğu, hansı memarların layihələndirdiyi və s. kimi detallar göstərilməlidir. Bütün bu məlumatlar halogramla, slaydlarla, yaxud mum heykəllərlə təqdim oluna bilər. Qısası, binanın forması və məzmunu uzlaşmalı, onun interyerindən binanın ruhuna uyğun istifadə olunmalıdır.

Kommersiya məqsədi deyəndə də, elə bunlar müəyyən mənada kommersiyadır. Yəni, mədəni turizm obyektlərinin əksəriyyəti ödənişlidir. Mənim verdiyim təkliflər də təbii ki, həmin binaya ödənişli giriş şəklində həyata keçirilə bilər. Muzeylər ödənişlidir - bu da müəyyən qədər kommersiya məqsədi daşıyır. Amma burada söhbət nəyinsə satılmasından yox, məhz binanın məzmununa uyğun kommersiya məqsədilə istifadəsindən gedir". 


Kulturoloqun yanaşması məsələnin mədəni dəyər tərəfini ortaya qoyur. Amma bu, təkcə mədəniyyətlə bağlı deyil, həm də şəhərin planlaşdırılması, şəhər həyatının necə qurulduğu ilə bağlıdır. "İnsan yönümlü şəhərlər" layihəsinin təsisçisi, urbanist Anar Əliyev Olaylar.az-a açıqlama verib:

" Mən ümumilikdə tarixi binaların başqa məqsədlərlə, o cümlədən kommersiya məqsədilə istifadəsini normal hesab edirəm. Yalnız burada iki vacib faktor nəzərə alınmalıdır.
Birincisi, binanın daxilində olan orijinal strukturu dəyişməməlidir. Bu, çox vacibdir və mütləq qorunmalıdır. İstər pilləkənləri, istər otaqları, istərsə də divarları - bunları söküb müasirləşdirmək olmaz. Atmosfer baxımından da, tarixi struktur baxımından da bütün elementləri qorumaq vacibdir.
Belə nümunələr də var. Məsələn, Avropada və digər şəhərlərdə kafelər yerləşdirilir, amma bütün interyer qorunur. Bu baxımdan, binanın bir funksiyadan digər funksiyaya çevrilməsi, əgər düzgün aparılarsa, tamamilə məqbuldur.
İkinci məsələ isə - bu, daha da önəmlidir. Binanın xarici görünüşüdür. Xarici görünüşlə bağlı iki vacib məqam var. Birincisi, istər reklam növləri, istərsə də digər əlavələr - bunların hamısı səliqəli şəkildə nəzərə alınmalıdır və binanın fasadını korlamamalıdır. 
Əgər bu faktorlar nəzərə alınsa və məsələn, binanın funksionallığı, kommunikasiya sistemi saxlanılaraq bərpa edilsə, prinsipcə bu, məqbuldur. Amma, təəssüf ki, Bakıda bu cür uğurlu nümunələr çox azdır. Amma prinsip etibarilə mümkündür - sadəcə qeyd etdiyim faktorlar nəzərə alınmalıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31