“Tramp bölgənin öz barış modelini tapmasına imkan verir” – Əkbər Qoşalı – ÖZƏL

"Bəzən siyasətdə neytrallıq təsiredici aktivlik, qeydsizlik - niyyət, səssiz davranış - mövqe olur. ABŞ Prezidenti Donald Trampın ikinci dönəminin ilk 6 ayına baxınca, Güney Qafqaza münasibətdə belə bir "səssiz strategiya" müşahidə edirik. O açıq mətnlə danışmır, amma öz sosial mediasında Azərbaycan Prezidentinin Xankəndidəki - 3-cü Şuşa Qlobal Media Forumundakı çıxışından anlamlı paylaşım edir; gedişata qarışmır - amma Türkiyədəki Səfiri Zəngəzur dəhlizinə dair ilginc açıqlama verir...".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, CASCFEN İH üzvü Əkbər Qoşalı deyib. O bildirib ki, "Bakı və İrəvan barışa heç vaxt bu qədər yaxın olmayıb"şəklində açıqlama, əslində, şüuraltıdan dilaltına keçmiş bir ismarıcdır:
"Tramp, görünür, Amerikanın dərin dövlətinin Bayden dönəmində oynadığı "erməni kartı"ndan uzaq durmağa qərar verib. Və bu, bölgədəki sabitlik üçün - ilk dəfədir ki - ABŞ-nin çıxarlarının yox, çıxarsızlığının sabitlik yaratdığı bir modeldir. Sual olunur: bu, Azərbaycan-Ermənistan barış sürəcinə necə təsir edir? - Cavab sadə, amma dərindir: ABŞ-nin təzyiqsizliyi, bölgənin öz iradəsinə daha çox yer buraxır. Daha doğrusu, Tramp bu oyunda "hakim" olmaqdan imtina edib, tərəflərə öz barış modellərini tapmaq imkanı yaradıb. Bu, özəlliklə Azərbaycanın diktəedilən yox, əksinə, təşəbbüs sahibi olduğu bir zamanda faydalı görünür. Vaşinqtonun belə demək mümkünsə, passiv aktivliyi - Rusiyanın və Fransanın dəngəsiz mövqelərinə fon verir, Avropa Birliyinin səmərəsiz təşəbbüslərini kölgə altına salır. Bütün bunların fonunda Azərbaycanın barış gündəmi daha aydın, daha rasional və daha bölgəsəl görünür".

Trampın Güney Qafqaz siyasəti nədir? 

Bu, "qərarsızlıq siyasəti"ndən fərqli - obrazlı çıxmasın, "qərəzsizlik strategiyası"dır. Bir çox geosiyasi səhnədə Tramp özünü açıq oyunçu kimi aparır: Çinlə rəqabətdə sərt, 
NATO ilə münasibətdə tənqidçi, Yaxın Doğuda selektiv... 
Amma Güney Qafqaz onun üçün, sanki "qazanmaq yox, pozmamaq bölgəsi"dir.
Bu 6 ayda nə qondarma "erməni soyqırımı" ritorikası eşidildi, nə də Azərbaycana qarşı sanksiya və ya qərəzli aktlar meydana çıxdı. Əvəzində barışçıl çağırışlar, neytral diplomatik jestlər və necə deyərlər, susqun müdriklik nümayiş olundu. Tramp bəzən sanki susaraq mövqe bildirir. Və bunda bir sabitlik, istiqrar havası var. Azərbaycan bu gerçəkliyi düzgün oxuyur. Barışçıl təşəbbüslərini irəli aparır, Ermənistanla şərti dövlət sınırının delimitasiyası və Zəngəzur dəhlizi kimi strateji məsələlərdə irəliləyir. Tramp dönəminin çəkilməyən Amerikan kölgəsi bölgə ölkələrinə öz işıqlarını yandırmaq imkanı verir.
Bəli, bu, Trampın "qələmsiz yazılan diplomatiyası"dır; amma bəzən tarix vurğudan çox, aydın yön tələb edir. Qələmin olub-olmaması deyil, yönün dəqiqliyi həlledici olur. Bu yöndə Trampın qərarsız deyil, qərəzsiz qalması Güney Qafqaz üçün bir şans sayıla bilər. İndi Trampın ABŞ Prezidentliyinin ikinci dönəminin ilk 6 ayından danışırıq, eyni zamanda, onun birinci dönəminin son 6 ayını da məmnunluqla xatırlaya bilirik...

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31