Avropa Komissiyası Zelenskidən SAP və NABU haqqında qanunla bağlı izahat tələb edib - ÖZƏL
23 İyul 19:47 DünyaAvropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynada Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) ilə bağlı vəziyyətə görə Vladimir Zelenskidən izahat tələb edib.
Olaylar xəbər verir ki,bu barədə Avropa Komissiyasının nümayəndəsi Giyom Mersye məlumat verib.
Onun sözlərinə görə, EK rəhbəri fon der Lyayen NABU və SAP ilə bağlı vəziyyətlə əlaqədar Zelenski ilə təmasda olub.
"Fon der Lyayen dəyişikliklərin nəticələri ilə bağlı ciddi narahatlığını ifadə edib və Ukrayna hökumətindən bu məsələyə dair izahat tələb edib", - deyə Mersye "Politico"ya bildirib.
O vurğulayıb ki, hüququn aliliyinə hörmət və korrupsiyaya qarşı mübarizə Avropa İttifaqının əsas dəyərləridir və Ukrayna da namizəd ölkə kimi bu standartlara tam şəkildə riayət etməlidir.
Bundan əvvəl Fransanın Xarici İşlər Nazirliyi bildirib ki, NABU ilə bağlı vəziyyət Ukraynanın Aİ-yə üzvlük prosesi ilə ziddiyyət təşkil edir.
"The Washington Post" qəzeti isə yazıb ki, NABU və SAP ətrafında yaranmış vəziyyət Ukraynaya Qərb silahlarının tədarükünə təhlükə yarada bilər.
İbrahim Məmmədli