Səssiz zəhmətin səsi

Bu gün Naxçıvanın səmasında bir ulduz daha parladı. Əməkdar Jurnalist adı Şəhla Şirəliyeva Kifayət qızına verilmiş bir mükafatdan daha çox onun illərlə çəkdiyi zəhmətin, gecələrin işıqlı sabahlara çevrildiyi ömrünün, minlərlə tələbənin həyatına toxunan sətirlərin parlaq təntənəsidir.1976-cı ilin ilk günündə Naxçıvanda dünyaya gələn Şəhla müəllimə sanki o andan etibarən bu torpağın işığını gələcəyə daşımaq üçün yaradılmışdı. Orta məktəb illərində kitab səhifələrində axtardığı hər bir misra onu Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinə gətirdi. Burada aldığı bakalavr və magistr təhsili Şəhla müəllimənin jurnalistika ilə ədəbiyyatın yollarının kəsişdiyi möhtəşəm bir tale ilə qovuşmasına zəmin yaratdı.
Elmi axtarışlara olan sevgisi onu filologiya elmləri namizədi dərəcəsinə yüksəltdi. "Naxçıvanda radio-televiziya və ədəbi mühit" mövzusunda müdafiə etdiyi dissertasiyası Naxçıvanın ədəbi nəfəsini və media ruhunu gələcək nəsillərə ötürmək üçün atılmış mühüm bir addım oldu.
2008-ci ildən Naxçıvan Dövlət Universitetinin "Jurnalistika və dünya ədəbiyyatı" kafedrasında baş müəllim kimi fəaliyyətə başlayan Şəhla müəllimə, auditoriyaya daxil olduğu hər gün ora həm bilik , həm də sevgi, ümid və inam gətirdi. Onun dərs dediyi otaqlar dinlənmək, başa düşülmək, bir öyüd, bir dua eşidilmək üçün sığınacaq oldu.
Şəhla müəllimə tələbələrini heç vaxt sadəcə tələbə kimi görmədi. Bəzən onlara ana kimi qayğı göstərdi, əhvalı pozulan tələbəsinin halını soruşub könlünü açdı, bəzən isə ən yaxın dost kimi onların qayğılarını dinlədi. Onun mehriban baxışları, sakit və ümidverici səsi çox zaman bir gəncin taleyində dönüş nöqtəsinə çevrildi.
Tələbələri imtahanlardan yüksək bal alanda və ya ilk məqalələri dərc olunanda onun gözləri qürurdan işıq saçırdı. Bu sevinc bir ananın övladına baxışındakı məhəbbətlə eyni idi.
2012-ci ildə dosent vəzifəsinə seçilməsi, 2018-ci ildə isə dosent elmi adının verilməsi onun pedaqoji fəaliyyətinin yüksək qiymətləndirilməsinin göstəricisi oldu. 2013-cü ildən kafedranın müdiri kimi çalışaraq Naxçıvanın media məkanına istedadlı gənclər qazandırmaqla həm də jurnalistika məktəbi yaratdı.
Onun 30-dan çox elmi məqaləsi, iki monoqrafiyası illərin fədakarlığının, gecələrin səssizliyində qələmə alınan fikirlərin, jurnalistikaya və tələbələrinin gələcəyinə sərf etdiyi ömrün dəyərli nəticəsidir. Hər bir əsəri gənc qələm sahibləri üçün bələdçi, yol işığıdır. 
Bu gün Şəhla müəlliməyə verilən Əməkdar Jurnalist adı onun peşəsinə olan sadiqliyinin, sevgisinin, insanlara duyduğu məhəbbətin və zəhmətlə yoğrulmuş ömrünün ən yüksək qiymətidir. Bu ad onun tələbələrinin uğurlarında sevincini bölüşən ürəyinin, auditoriyada yaratdığı işıqlı dünyanın təntənəsidir.
Şəhla müəllimə! Siz həm obyektiv və prinsipial bir jurnalist , həm də ürəyi sevgi ilə dolu bir müəllim, insanlığın dəyərini qoruyan bir qadın, yüzlərlə tələbənin yolunda işıq saçan bir mayaksınız. Sizin tələbələrinizin uğurları ilə sevincdən parlayan gözləriniz, onlara ürəklə verdiyiniz dəstək, insan kimi insan olmağın nə demək olduğunu göstərir.
Bu yüksək ada layiq görülməyiniz münasibətilə sizi ürəkdən təbrik edir, uzun ömür, sağlamlıq və qələm yolunuzda yeni uğurlar arzulayırıq. Azərbaycan jurnalistikası sizin kimi sönməz çıraqlarla həmişə irəliləyəcək.

İlahə Allahverdiyeva
Jurnalist

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31