Günay Hüseynova: “Turist sayındakı azalma geosiyasi və iqtisadi risklərlə bağlıdır” – ÖZƏL

2025-ci ilin ilk beş ayında Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı 241 min nəfəri ötüb. Lakin bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 13 faiz azalma deməkdir. Oxşar eniş tendensiyası Türkiyə və İrandan gələn turistlərin sayında da müşahidə olunur. Mütəxəssislər bu geriləməni əsasən beynəlxalq vəziyyətin gərginləşməsi və geosiyasi amillərlə əlaqələndirirlər.

"Rusiyadan Azərbaycana gələn və Azərbaycandan Rusiyaya gedən turistlərin sayındakı azalma ilk növbədə geosiyasi amillərlə əlaqədardır. Geosiyasi amillər dedikdə təkcə Rusiya-Ukrayna arasında olan gərginlik deyil, ABŞ-nin Rusiya iqtisadiyyatına tətbiq etdiyi sanksiyalar, bir sıra ölkələrin Rusiya ilə ticari əlaqələrində geri addım atması və bunun nəticəsində də ixrac payının azalması və milli valyutasının dəyərsizləşməsi nəzərdə tutulur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib. Ekspert bildirib ki, 2025-ci ilin ilk beş ayındakı 13%-lik azalma ilk növbədə geosiyasi cəhətdən ölkədən çıxış imkanlarının məhdud olması və iqtisadi cəhətdən milli valyutanın dəyər itirməsi, inflyasiya həddinin yüksəlməsi ilə əlaqədar idi:

"Azərbaycandan Rusiyaya səfər edənlərdə isə bir o qədər də azalma yoxdur. Azərbaycandan Rusiyaya əsasən vətəndaşlarımız iş, təhsil və yaxınlarını ziyarət etmək, sərhədyanı bölgələrin əhalisi isə alış-veriş məqsədi ilə mütəmadi olaraq üz tuturdular. Quru sərhədlərin bağlanmasından sonra bu əlaqələr də kəsildi. Turizm və ya ticari məqsədlə hər hansı bir ölkəyə səfər etmədən öncə vətəndaşlar üçün maraqlı olan həmin ölkədə geosiyası, iqtisadi sabitliyin olması və ən əsas həmin ölkədəki disaspor və səfirliyin fəaliyyətidir".

İqtisadçının sözlərinə görə, Azərbaycandan Rusiyaya gedən turistlərin sayındakı dinamikaya baxdıqda isə son günlərdə baş verən hadisələr, vətəndaşlarımızın kütləvi deportasiyası kimi hallar ümumi məcmunu dəyişə bilər. Rusiyada yaşayan həmvətənlərimizin əksəriyyəti həmin ölkənin vətəndaşıdır. Qanuna əsasən həmin ölkəylə ikili vətəndaşlıq qəbul edilmir. Yəni statistik rəqəmlərdə əks olunan rusiyalı turistlərin müəyyən hissəsi elə öz vətəndaşlarımızdır.
Rusiyada mövcud olan siyasi-iqtisadi münasibətlərin fonunda azalma tendensiyası əgər geosiyasi proseslər uzun müddət davam edərsə, xarici səfərlər üçün iqtisadi imkanlar əlverişli olmayacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31