Xankəndinin sözü var- Əkbər QOŞALI yazır
25 İyul 11:09 SiyasətBəzən bir coğrafiya sözün öz doğma yerinə - fikrin, baxışın, ruhun təcəssümünə çevrilir. Şuşa artıq yalnız mədəniyyətin, tarixin yox, həm də qlobal medianın ruhani platformuna dönüb. 3-cü Şuşa Qlobal Media Forumu bunu bir daha təsdiqlədi. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı, müxtəlif suallara cavabları, vətəndaş mövqeyi ilə ifadə olunan dövlət təfəkkürü təkcə zalda deyil - dünyanın dörd tərəfində rezonans doğurdu.
Ən diqqətçəkən məqamlardan biri - ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidentinin məhz 3-cü Şuşa Qlobal Media Forumunda, məhz Xankəndidə səsləndirdiyi fikrindən birini rəsmi sosial media hesabında paylaşması oldu. Bu, sıradan diplomatik jest deyil, Şuşanın, Xankəndinin artıq fiziki yüksəklik və məzmunla yanaşı, medial yüksəklik statusu və məzmunu qazanmasının sübutudur. Vaxt vardı ABŞ Səfiri Şuşaya getməkdən çəkinirdi, vaxt vardı ATƏT-in Minsk Qrupunun digər həmsədrləri kimi ABŞ-ın da rəsmi qurumları qondarma Stapanakert yerinə xalis Xankəndi yazmağa, işlətməyə can çəkirdi... Nəcib Fazil üslubunda desək, Rəbbim istədi sular büklüm- büklüm buruldu, sırtına "Stapanskert"in Xankəndi və Azərbaycan tarixi vuruldu...
Mediada mövqelər:
sözün yayğın səsi
3-cü Forum yalnız siyasətçilərin və jurnalistlərin iştirak platformu olmayıb - medial yaddaşın quruculuğu üçün bir mühərrik idi.
"Reuters"dən TRT-yə, "Anadolu" Agentliyindən
"El Periodista"ya, "Economyfirst Limited"dən
"Gordon"na, "Sinxua"dan "Berliner Verlag"a,
TASS-dan Euronews-a qədər fərqli ideoloji platformlar bu Forumda oldu, Forumdan istinad kimi istifadə etdi.
Azərbaycanın təqdim etdiyi informasiya yanaşması - faktların bəzəksiz, lakin dərinlikli təqdimatı - çoxlarını heyrətləndirdi. Prezidentin suallara cavab vermək tərzi - özünəgüvənli, prinsipial və arqumentativ - qlobal mediada Azərbaycana qarşı münasibətdə yeni bir tonal dəyişiklik yaratdı.
Bir sıra media qurumlarının yayımladığı incələmələrdə Azərbaycanın artıq yalnız enerji deyil, informasiya sabitliyi aktoruna çevrilməsinə də diqqət yetirilir.
Batı yorumları:
dəyişən yanaşmalar və ikiüzlülüklər
Batı mediasının bir qismi hələ də köhnə şablonlardan qopa bilmir. Amma bu Forum bəzi "doqmatik" dairələrdə belə sual doğurdu, düşüncəni silkələdi.
"Deutsche Welle" (Almaniya) və EFE (İspaniya)
agentlikləri Prezident Əliyevin ötən ilin son ayında Rusiya Federasiyası ərazisində vurulan AZAL uçağı ilə bağlı beynəlxalq məhkəməyə dosyenin hazırlanması haqqında fikirlərinə özəl yer verib.
Azərbaycan Prezidentinin Ukraynanı təslim olmamağa çağırması da beynəlxalq gündəmə düşüb ("Bankier" (Polşa) və "Quds" (İran), Ukrayna mediası və b.).
İranın "Javan"ı İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyini geniş şəkildə incələyib.
Ermənistan ilə Azərbaycan arasında barışın yaxın olduğunu vurğulayan "Europa Press" (İspaniya) Prezidentin sitatlarına geniş yer ayırıb.
Digər tərəfdən, bəzi "azad media" qurumları Forumun azad sözə xidmətini qəsdən görməzdən gəldi. Onlar öz ideoloji qapanmalarında "azad medianın sınırları"nı təyin etməyə çalışsa da, Şuşa onlara azadlığın hüquqla yanaşı, məsuliyyət olduğunu xatırlatdı.
Türk dünyasının iştirakı:
Ruhun, Özün və Sözün qardaşlıq təntənəsi
Türkiyənin media nəhəngləri - TRT, "Anadolu", "Daily Sabah", Qazaxıstan, Özbəkistan və b. qardaş ölkə media orqanları Forumun ruh qardaşlığı hissini tamamladı. Bu Forumda söz vasitə olmaqdan daha üstün - milli kökün adilliyinin ifadəsi, kulturoloji yansıma, qardaşlığın informasiya halı idi.
İştirakçı türk jurnalistlər Şuşanı doğa mənzərəsi olmaqdan daha ziyadə, mədəniyyətin və ruhun sözə çevrildiyi yer kimi gördü. Türk dünyasının media strateqləri Forumun sonuclarını gələcəkdə ortaq informasiya platformlarının qurulması üçün zəmin saydı.
İnformasiya təhlükəsizliyi:
sözə yiyə durmaq - ruhuna sahib olmaqdır
Şuşadan dünyaya yayılan əsas ismarıclardan biri də bu idi: informasiya təhlükəsizliyi texnologiya olmaqla birgə, mənəviyyat məsələsidir. Prezidentin çıxışında bu yöndə verdiyi siqnallar - "azadlıq" pərdəsi altında yayılan yalanların və pozucu təsirin qlobal sabitliyə necə təhlükə yaratdığı - jurnalist auditoriyası tərəfindən aydın şəkildə dərk olundu.
Azərbaycan bu Forumda göstərdi ki, informasiyanı qorumaq - sınırını qorumaq qədər önəmlidir. Və Şuşa bu mübarizədə həm simvol, həm platform, həm də tribunadır.
Dördüncü Foruma doğru...
3-cü Şuşa Qlobal Media Forumu - bir sonuca vardı - bu, öz yerində; eyni zamanda, üzü 4-cü Foruma doğru yola çıxıldı - desək qüsur olmasın gərək. 4-cü Foruma gedən yol, Şuşa, Xankəndi və bəlkə Xocalıyla yanaşı - haqqa, həqiqətə, dürüst sözə, qardaşlığa aparan yol olacaq.
Şuşa danışır... Xankəndi adından bəhs etdirir... Qarabağ qurulur... Azərbaycan ucalır... Və bu dəfə daha qlobal, daha aydın, daha uca və ulu ünümüz, sözümüz yayılır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI