Ehsan ənənəsi: Savab niyyəti, yoxsa maddi yük? - ÖZƏL

Bir insanın dünyasını dəyişməsi yalnız ailəsi üçün yox, bütün yaxınları üçün sarsıdıcı hadisədir. Yas mərasimlərində mərhumun ruhuna dua oxunması, ailəsinə başsağlığı verilməsi bizim mənəvi dəyərlərimizin bir parçasıdır. Amma illərdir davam edən ehsan vermə adəti bu gün artıq müzakirə mövzusuna çevrilib. Bəzi bölgələrdə bu ənənə ləğv edilir. 

Məsələ ilə bağlı ilahiyyatçı Yaşar Qurbanov Olaylar.az-a açıqlama verib: 

" Artıq bəzi bölgələrdə ehsan ənənəsi ləğv edilir. Ümumiyyətlə, dinimizdə belə bir ehsan yoxdur. Əksinə, dinimiz buyurur ki, kimin  ailəsində bir şəxs  vəfat edibsə,  yardım ehtiyacı olanlara kömək göstərilsin. İnsanlara süfrə açmaq, ehsan yeməkləri vermək bəzən israfçılığa gətirib çıxarır. Hətta elə hallar olur ki, insanlar buna maddi imkanları çatmadığı halda borc alırlar, məhz ehsan vermək üçün. Düşünürlər ki, əgər ehsan verməsələr, dünyadan köçən yaxınlarının ruhuna  pis təsir edər.
Bu, illərdir davam edən bir adət-ənənədir.  Amma Qurani-Kərimdə və Peyğəmbərimizin (s.ə.s) həyatında biz bunun əksini görürük. Məsələn, Həzrət Əlinin qardaşı Cəfər şəhid olanda, Peyğəmbərimiz buyurur: "Onun ailəsinə yardım edin". Əslində, İslamda olan budur - vəfat edən şəxsin ailəsinə yardım etmək.
İslam dininə görə, kiminsə ailəsində vəfat edən varsa, su quyusu çəkməsi, yol çəkdirməsi, kasıba sədəqə verməsi, fağıra yardım etməsi, tələbə oxutdurması daha düzgündür. Ən yaxşı və ən doğru yol budur. Bu gün müşahidə etdiyimiz yas mərasimləri, ehsan süfrələri xarici ölkələrdə yoxdur. Bəzi ölkələrdə isə bu sadəcə adət kimi qalıb.
Maarifləndirmə artdıqca insanlar da anlayırlar ki, ehsan əvəzinə kasıblara yardım etmək, savab niyyəti ilə xeyirli işlər görmək daha məqsədəuyğundur". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31