“O filmlər keçmişdə niyə qaldı ?” – Kino dəyişdi, ya biz?

"Teatrla məşğul olan teatrda böyüməlidir. Kino ilə məşğul olan isə kinostudiyada, çəkiliş meydanlarında, montaj otaqlarında, hər bir detala toxunaraq yetişməlidir. " Bu  sözlər müsahibimindir və  çox  xoşum  gəldi...

Hər kəsin yaddaşında xüsusi yeri olan klassik Azərbaycan filmləri var. "Şərikli çörək", "Bəxt üzüyü", "Arşın mal alan", "Nəsimi", "Ögey ana"...

Hər biri təkcə bir film deyil, bir zamanın ruhu idi. O ekranlarda biz təkcə aktyorların oyununu yox, özümüzü, yaşadığımız həyatı, duyğularımızı görürdük.

Azərbaycan kino sənəti uzun və zəngin tarixə malik olsa da, son illərdə üzləşdiyi çətinliklər, yaradıcılıq prosesindəki sarsıntılar və peşəkarlıq problemi bu sənətin ruhunu və gücünü zəiflətdiyi təəssüratı yaradır. O filmlər ki, illər öncə kinosevərlərin yaddaşına həkk olunmuşdu, bu gün nədənsə sanki yalnız nostalji ilə xatırlanır. İndi sual yaranır: "O filmlər niyə keçmişdə qaldı? Kino dəyişdi, yoxsa biz?"

Bu sual Azərbaycan kinosunun gələcəyi, mədəniyyətimizin yaşaması və inkişafı üçün çox önəmlidir. Çünki kino təkcə əyləncə vasitəsi deyil, həm də xalqın tarixi, ideologiyası, mədəniyyətinin əks olunması, nəsillərin yaddaşına işıq salan vacib bir sənət formasıdır. İstənilən ölkənin kino sənəti onun mədəni dəyərlərinin qorunması və təbliği baxımından əhəmiyyət daşıyır.

Bu baxımdan, Azərbaycan kinosunun hazırkı vəziyyəti, qarşılaşdığı problemlər və gələcək perspektivləri barədə dərin və səmimi fikirlərini bölüşmək üçün məşhur kinorejissor, Xalq artisti, ssenarist və aktyor Şeyx Əbdül Mahmudbəyovla müsahibə etdik. O, klassik kinomuzun ruhundan, müasir dövrdə peşəkarlığın vacibliyindən və sənətin inkişafı üçün nə edilməli olduğundan geniş danışdı.

-Əbdül bəy , sizcə, klassik Azərbaycan filmlərinin ruhu nədə idi ki, bu gün onları hələ də sevə-sevə xatırlayırıq?

-Bilirsiniz, o nostalji hisslər... O kinoların arxasında böyük üslub sahibləri dururdu, böyük müəllimlər, böyük rejissorlar, sənət xadimləri, elm adamları dayanırdı. Onlar da böyük məktəb görmüş  peşəkar insanlar idilər. Çox təəssüf ki, biz onları itirdik və bu müasir həyata qarışa bilmədik. Biz bu gün yolun kənarında qalmışıq. Nə Avropaya inteqrasiya edə bilirik, nə Avropa mədəniyyətini, kino elmini götürə bilirik, nə də keçmişimizi dirildə... Qalmışıq ortada. Ona görə də hər şeyi dayandırmaq lazımdır. Bu   günlərdə Cənab Prezidentimizə  böyük bir müraciət etmişəm. Müraciətimin məqsədi də peşəkar kino məbədi olan "Azərbaycanfilm"in bərpası ilə bağldır. Hər şey bu mərhələdə dayandırılmalıdır. Yenidən dövlət səviyyəsində o müqəddəs kino studiyası bərpa olunmalıdır.

Orada böyük sənət əsərləri, böyük ustadlar var. Peşəkar mühit var. Və hər kəs kinostudiyaya qayıtmalıdır. Sərbəst, müstəqil şəkildə fəaliyyət göstərə bilərlər, amma toplaşma nöqtəsi kinostudiya olmalıdır. İş oradan bəhrələnməlidir - qarşılıqlı müzakirələrdən, müqayisələrdən, məsləhətləşmələrdən doğmalıdır. Və hər kəs bilməlidir ki, nəhayət, işi peşəkar insanlara tapşırmaq lazımdır. Kino peşəkarların sənətidir, qızım. Təkcə elm, təkcə istedad deyil.

Ona görə də mən təklif edirəm və qətiyyətlə bildirirəm ki, əgər biz bu gün klassik filmlərə nostalji ilə yanaşırıqsa, bu günkü yanaşma ilə, bu günkü formada işləməyimiz mümkün deyil. Mütləq o müqəddəs məbəddən - Peşəkar "Azərbaycanfilm" kinostudiyasından başlamalıyıq.

- Bu günkü rejissorlar nəyə görə "Dəli kür" və ya "Şərikli çörək " kimi yaddaşlarda qalan filmlər çəkə bilmirlər? Halbuki texnologiya da inkişaf edib, imkanlar daha çoxdur...

- Adını çəkdiyin hər iki filmin iştirakçısıyam. Ona görə də bu sualına xüsusi önəm verirəm. Və mən bütün danışığımı peşəkarlıq üzərində qururam. Peşəkarlıq, peşəkarlıq, peşəkarlıq!

Rejissorluq məktəbdir. Bu məktəb mərhələ-mərhələ formalaşır. Kino mədəniyyəti səviyyəsinə qalxır. Kino əsəri yaratmaq üçün rejissor - müqəddəs bir şəxs - bu sənətin dəyişməz sahibi, beyni, rəhbəri  mütləq formalaşmalı və peşəkar səviyyəyə çatmalıdır.

Kino sintetik sənətdir. Rejissor yalnız kino bilikləri ilə kifayətlənməməlidir. Musiqidən də başı çıxmalıdır, aktyorluqdan da, texnikadan da, kostyumdan da, dekorasiyadan da... Kino ilə bağlı bütün sahələri bilməlidir ki, o sahələrin insanlarına düzgün istiqamət verə bilsin.

Bu gün bu peşəkarlıq yoxdur. Peşəkarlar yoxdur. Məktəb yoxdur. Yalnız adı olan bir "İncəsənət Universiteti" var. Guya orada kino fakültəsi var. Bəs niyə bu qədər il keçib, ortada bir normal kino rejissoru yoxdur?

Kino rejissoru auditoriyada deyil, studiyada hazırlanır. Və mən həmişə demişəm: teatrla məşğul olan teatrda böyüməlidir. Kino ilə məşğul olan isə kinostudiyada, çəkiliş meydanlarında, montaj otaqlarında, hər bir detala toxunaraq yetişməlidir.

Auditoriyada oturub "Kurosava belə deyirdi", "Bergman belə deyirdi", "Antonioni belə deyirdi" deməklə rejissor olunmur. Onlar 30-40 il əvvəl nə deyiblərsə, düzdür, amma bu gün onu yaşamaq, onu görmək, onu etmək lazımdır. Yoxsa alınmır.

Ona görə də kino sənəti üçün ayrıca fakültə yaradılmalıdır. Kinostudiya nəzərə alınmalıdır. Kino aktyorları, kino rejissorları mütləq peşəkar təhsil almalıdır - praktik şəkildə, əyani şəkildə və istehsalat içində formalaşmalıdır. Auditoriyada yalnız şifahi biliklə peşəkar olmaq mümkün deyil.

- Azərbaycan kinosunda hansı mərhələ sizə görə qırılma nöqtəsi oldu? O ruh nə vaxt itib, və niyə?

- Biz 20-ci əsrin sonunda, 21-ci əsrin əvvəllərində iki möhtəşəm tarix yaşadıq. Birincisi, müstəqilliyimizə nail olduq. Qanımızla, canımızla, balalarımızın qanı ilə, qeyrətimizlə. Təbii ki, bütün tarixi inqilablar qan tələb edir. Biz də o qanı verdik.

Nəticədə müstəqil dövlətimizi bərqərar etdik. Bu gün məxsus olduğumuz Azərbaycan Respublikası tarixdə sayca 17-ci müstəqil dövlətimizdir. Və biz bu dövlətin vətəndaşı olmaqla fəxr edirik.

İkincisi, hər bir ictimai-siyasi dəyişiklik müəyyən çətinliklər yaradır. İlk zərbə elmə və mədəniyyətə dəyir. Çünki təhsil sistemi, elm-mədəniyyət strukturu dəyişir. Yeni quruluşun bərpası üçün zaman lazımdır. Təəssüf ki, biz bu mərhələni peşəkar səviyyədə keçə bilmədik. Düşünürəm ki, bəzi günahlara görə biz müasir dünya mədəniyyətində, ideologiyasında dövlətimizin apardığı siyasət səviyyəsinə laiq ola billməmişik . Baxın, Cənab Prezident bizə ikinci böyük tarixi yaşatdı - 200 illik əsarətdən, rüsvayçılıqdan xilas olduq. Bu gün biz dünyaya söz deyirik. Dünya bizi qəbul edir. Amma içəridə vəziyyətimiz necədir? Təhsilimizin, elmimizin, təşkilatçılığımızın səviyyəsi necədir? Yerlə göy qədər fərq var.

Bunları aradan qaldırmaq üçün təsadüfi adamlara yox, ürəyi yanan, namuslu, iş bilən, nəfsinə sahib olan insanlara ehtiyac var. Çox təəssüf ki, mədəniyyət və təbliğat sahəsində bu gün bu cür insanlar çox azdır.

- Sizcə, kino sənətində nostalji hissi yaradacaq yeni filmlər çəkmək mümkündür, yoxsa bu artıq keçmişin möcüzəsidir?

- Atalar sözü var- su gələn arxa yenə də su gələr. Bu xalq istedadlı xalqdır. Allahın rızası ilə bu millət istedadlı doğulub. Bizim film çəkmək üçün mənəviyyatımız, tariximiz, milli dəyərlərimiz, folklorumuz, şifahi və yazılı xalq yaradıcılığımız var ki, min illər çəksən bitməz.

Amma məsələ ondadır ki, bunları peşəkar səviyyədə ortaya qoymaq üçün bayaq dediyim şərtlər lazımdır. Biri olsa, digəri olmasa, heç nə alınmaz. Bu sənətin də adı rejissor sənətidir. Ona görə də rejissor məktəbi yüksək səviyyədə formalaşmalıdır.

Bu günlərdə Özbəkistanda idim. Orada da nəsillərin dəyişməsi prosesi gedir. Orada müsabiqə   keçiriblər. Amma çox maraqlı, çox doğru  bir sistem qurublar. İstedadlı uşaqları bütün sahələr üzrə seçiblər: rejissorluq, operatorluq, rəssamlıq, dekorasiya, səs, musiqi, hər sahədən. Necə ki bunu vaxtında Türkiyə və İran etdi və bu gün Türkiyə və İran kino sənəti dünyaya meydan oxuyur. Bunu indi bizim özbək və qazax qardaşlarımız edirlər.   Onları dünyanın inkişaf etmiş kino ölkələrinə göndəriblər. Bu uşaqlar orada peşəkarlığı öyrənib geri qayıdacaqlar və milli kinolarını quracaqlar. Necə ki, bir vaxtlar bizim böyük sənətkarlarımız - Səməd Mərdanovlar, Əlisəttar Atakişiyevlər, Tofiq Tağızadələr, Həsən Seyidbəylilər, Mikayıl Mikayılovlar böyük məktəblər görüb gəliblər və bu gün danışdığımız, nostalji hisslərlə danışdığımız böyük kino mədəniyyətimizi yaratdılar.  Mən inanıram ki, əgər biz gələcəkdə nostalji ilə deyil, fəxrlə öz filmlərimizə baxmaq istəyiriksə, ilk növbədə kadr potensialı formalaşmalıdır.Bütün sahələr üzrə.

-Siz həm aktyor kimi sevilən filmlərdə rol almısınız, həm də rejissor kimi dəyərli ekran əsərlərinə imza atmısınız. Bugünkü aktyor və rejissor nəslinə hansı məsləhəti verərdiniz?

- Birmənalı şəkildə, tədris sistemi peşəkarlar səviyyəsində yenidən formalaşdırılmalıdır. Sistemli şəkildə tədris qurulmalıdır. Əvvəla, oradakı "incəsənət" və "rejissor" sözləri çıxarılmalıdır. Onun yerinə "teatr-kino aktyoru" kimi konkret ixtisas adları qoyulmalıdır. Üstəlik, əlavə olaraq tar, saz, klarnet çalan musiqiçilər, musiqantlar konservatoriyalara yönləndirilməlidir. Onsuz da Azərbaycanda iki konservatoriya var: biri Avropa musiqisi üzrə, digəri isə Milli musiqi üzrə fəaliyyət göstərir. Onların teatr institutunda nə işi var axı? Adını qoyublar "İncəsənət". Nə incəsənət? İncəsənət dediyin - teatr, kino, rejissor, aktyor ixtisası olmalıdır. Bu ixtisaslar isə ayrıca və fərdi şəkildə universitetdə tədris olunmalıdır.

Peşəkar insanlar burada dərs deməlidirlər. Amma təəssüf ki, incəsənət adı ilə oraya hər kəsi doldururlar. Az qala istedadlıları sıxışdırıb  oradan çıxarırlar. Bu, çox yanlışdır. Ona görə də, kino-teatr yönümlü təhsil və tədris sistemi sıfırdan qurulmalıdır. Bu istiqamətdə ciddi şəkildə təmizlik aparılmalıdır.

Hətta mən bir neçə nüfuzlu dövlət rəhbərlərinə demişəm ki, gəlin bu "incəsənət" sözünü oradan götürək. Tar, qaval, nağara digər musiqi alətləri ilə məşğul olanları konservatoriyaya yönləndirək. Buranı isə sırf peşəkar teatr-kino rejissoru və aktyoru fakültəsi kimi formalaşdıraq. Peşəkar səviyyədə!

Orada laboratoriyalar yaradılsın, çəkiliş studiyaları qurulsun, peşəkar insanlar dərs desinlər. Tələbələr əyani şəkildə təcrübə keçsinlər, tamaşalar hazırlansın, kürsülər açılıb müzakirələr keçirilsin. Beynəlxalq səviyyəyə çıxarılsın, peşəkar kino studiyaları ilə ünsiyyət qurulsun. Zaman-zaman peşəkar mütəxəssislər dəvət olunsun. Qarşılıqlı inkişaf əsasında bu universitet formalaşdırılsın.

İndi isə baxırsan, aktyor kimi ora gələnlərin çoxu qeyri-ciddi, gülməli bir vəziyyətdədir. Hər şey zarafata çevrilib. Millət də bunu belə qəbul edir - harada yeyib-içmək var, oxuyub-oynayan varsa, elə onu çağırırlar. Harada səviyyəsiz sənətçi varsa, onu çıxarıb min bir hörmətlə təqdim edirlər, başına pul yağdırırlar. Bu, soykökümüzə zidd, tam qərəzli bir yanaşmadır.

Bu qərəzçilik aradan qaldırılmalıdır. Hər şey praktiki, əyani şəkildə və gündəlik səmərə verməlidir. Əlbəttə ki, dövlət nəzarəti altında olmalıdır. Ciddi şəkildə nəzarət və hətta cəza tədbirləri də tətbiq olunmalıdır. Bütün bunlar həyata keçirilərsə, üç ilə biz istədiyimiz nəticəyə çata bilərik.

Sonda mən də sənə təşəkkür edirəm. Aqsaqqal kimi deyirəm - mənim 81 yaşım var, 67 ildir bu sahədəyəm. Mənim həyatım kino sənətinə həsr olunub. Dörd-beş il xüsusi kino təhsili almışam, həmin sahədə fəaliyyət göstərmişəm. Böyük ustadlarla çalışmışam -Əlisəttar Atakişiyev, Mikayıl Mikayılov və digərləri.

Mənim tanış olmadığım iki şəxs qalıb - Cəfər Cabbarlı və Abbas Mirzə Şərifzadə. Mən Rza Təhmasibdən başlayaraq böyük məktəb keçmişəm. Müəllim-tələbə, tərəf-müqabil kimi böyük sənətkarlarla birgə işləmişəm. Bu səbəbdən də deyirəm ki, bu gün kinonun problemi təkcə xalqın problemi deyil. Bu, həm ümumixalq problemi, həm də dövlət səviyyəsində - birinci şəxs səviyyəsində həll olunmalı məsələdir.

Bizim milli kino mədəniyyətimiz bərpa olunmalıdır. Kino tarixdir, mədəniyyətdir, ideoloji və təbliğat vasitəsidir. Kino həm də böyük gəlir gətirən sahədir. Bütün bunlar xalqın və dövlətin birinci şəxsi səviyyəsində xüsusi diqqətə və nəzarətə götürülməlidir. Və mən inanıram ki, mənim bu müsahibəmə başqa sənətkarlarımız da qoşulacaq.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31