Bir smartfonla ulduz olmaq: Populyarlıq sənətkarlığı əvəzləyirmi? – MÜSAHİBƏ 

İnformasiya əsrinin əsas göstəricilərindən biri də cəmiyyətin gündəlik həyat ritmini formalaşdıran ünsiyyət vasitələrinin dəyişməsidir. Əgər bir vaxtlar qəzet və televiziya əsas informasiya mənbəyi idisə, bu gün sosial şəbəkələr - xüsusilə TikTok, YouTube və Instagram - informasiya istehsalı və yayımında dominant gücə çevrilib. Artıq bir çox insan üçün dünya ilə əlaqə qurma, özünü ifadə etmə və tanınma yolu bu platformalardan keçir. Beləliklə, yeni bir anlayış meydana çıxır: "fenomenlər" - yəni internet və sosial şəbəkələrdə qısa müddətdə böyük izləyici auditoriyası qazanan, təsir dairəsi genişlənən şəxslər.
Bu fenomenlərin artımı, sadəcə texnoloji yeniliklərin nəticəsi deyil, həm də cəmiyyətin mədəni tələbatının dəyişməsi, diqqət iqtisadiyyatı və fərdi görünməyə olan istəkdən qaynaqlanır. Bu gün bir insanın kütlə qarşısında tanınması üçün nə media dəstəyi, nə də ciddi peşə hazırlığı tələb olunur. Yetər ki, onun videosu diqqət çəksin - bir neçə saniyəlik paylaşım, bir bənzərsiz ifadə tərzi və sosial medianın alqoritmi həmin insanı milyonların qarşısına çıxara bilər.
Azərbaycan cəmiyyəti də bu dəyişiklikdən kənarda qalmayıb. Son illərdə ölkədə TikTok və YouTube platformalarında kütləvi izləyici qazanan simaların sayı artmaqdadır. Onlar sadəcə əyləncənin yox, eyni zamanda sosial təhlilin, ictimai münasibətlərin və populyar mədəniyyətin yeni simalarıdır. Rəqəmsal texnologiyaların hər kəsin cibində olması bu dəyişimi sürətləndirib və formalaşmaqda olan rəqəmsal nəsil artıq bu simalarla özünü daha yaxın hiss edir.
Bütün bunlar göstərir ki, sosial media fenomenləri artıq sadəcə "internet məşhurları" deyillər. Onlar yeni dövrün simvollarıdır - ictimai fikri formalaşdıran, davranış modellərini yönəldən və bəzən klassik nümunələri arxa plana keçirən bir gücdürlər. Bu güc, doğru istifadə edildikdə böyük potensiala, nəzarətsiz buraxıldıqda isə ciddi sosial və mədəni problemlərə yol aça bilər.


 
Mövzu ilə bağlı media tədqiqatçısı Səbinə İzzətli suallarımızı cavablandırıb.
 
-Səbinə xanım, YouTube və TikTok fenomenləri yeni dövrün "kütləvi qəhrəmanları"dırmı, yoxsa bu sadəcə sosial media köpüyüdür?

 
-Çox gözəl və yerində bir sualdır. Əslində mən hesab edirəm ki, bu fenomenlər həm yeni dövrün qəhrəmanlarıdır, həm də müəyyən hallarda sadəcə sosial media köpüyüdürlər. Yəni onların arasında keçici, tez unudulan, sadəcə izlənmə və bəyənmə sayına fokuslananlar olduğu kimi, cəmiyyətin gözündə real nüfuz qazanaraq yeni dövrün simvoluna çevrilənlər də var. YouTube və TikTok fenomenləri bu gün artıq milyonlarla dollar qazanan, böyük izləyici kütləsinə sahib olan və bir növ biznes strukturuna çevrilmiş şəxslərdir. Məsələn, dünyada çox məşhur olan "MrBeast" adlı fenomen var - o, öz YouTube kanalını sadəcə kontent platforması kimi yox, media imperiyası kimi qurub. O, illərdir öz brendini formalaşdırır və bu brendin nəticəsi olaraq restoranlar şəbəkəsi, şirniyyat məhsulları, yardım fondları və daha çoxunu yaradıb. Yəni bu şəxslər təkcə kontent istehsalçısı deyil, real iqtisadi gücə çevrilmiş insanlardır.
Ancaq bütün bunlara baxmayaraq, bu sosial media qəhrəmanları klassik mənada qəhrəmanlıq anlayışından xeyli fərqlənirlər. Çünki cəmiyyətin dəyərləri dəyişib. Əvvəllər qəhrəmanlıq bir fədakarlıq, cəsarət və xalqa xidmət aktı idi. Bu gün isə populyarlıq özü artıq bir "dəyər"ə çevrilib. Ona görə də, bəli, bu fenomenləri yeni dövrün qəhrəmanları adlandırmaq olar, amma bu qəhrəmanlıq anlayışı klassik qəhrəmanlıqla eyni deyil. Digər tərəfdən isə sosial media fenomenlərini "sosial media köpüyü" hesab etməyimizin səbəbləri də var. Bu fenomenlər çox sürətlə məşhurlaşa bilirlər, lakin eyni dərəcədə sürətlə də unudula bilirlər. Bir-iki səhv, yanlış söz, ya da izləyicidə qıcıq yaradan bir paylaşım bu insanları dərhal gözdən sala bilər. Halbuki klassik qəhrəmanlar illərlə yaşayır, onların adına dastanlar yazılır, mahnılar bəstələnir, filmlər çəkilir. Tarix dəyişir, nəsillər ötür, amma o qəhrəmanlar yaddaşda qalır. Bir roman qəhrəmanı, bir şair obrazı və ya bir tarixi şəxsiyyət illərlə oxucuların, dinləyicilərin və izləyicilərin qəlbində yaşaya bilir. Amma sosial media qəhrəmanları, xüsusilə də tək məqsədi populyarlıq olanlar bu qədər qalıcı ola bilmirlər. Onları meydana çıxaran platformalar eyni zamanda onları silə də bilir.
 
-Əvvəllər sənətkar olmaq üçün illərlə təhsil, zəhmət və təcrübə lazım idi. Bəs bir smartfon və montaj tətbiqi ilə məşhurlaşan bugünkü fenomenlərə "sənətkar" demək nə qədər doğrudur?
 
-Ənənəvi anlamda sənətkarlıq - bilik, estetik zövq, zəhmət və bacarıq tələb edən bir prosesdir. Bu prosesin arxasında peşəkarlıq dayanır. Ona görə də  hesab edirəm ki, bugünkü sosial media fenomenləri daha çox istehlak yönümlü kontent istehsalçılarıdırlar. Yəni onların əsas məqsədi tamaşaçının maraqlarını qarşılamaq, izləyici sayı və reytinq toplamaqdır. Bəli, bu kontentlərin bəzilərində müəyyən yaradıcılıq da görünə bilər, amma bu, əsl sənətin dərinliklərini əks etdirmir. Hər fenomen bu mənada sənətkar adlandırıla bilməz. Onlar olsa-olsa "mikro sənətkarlar" və ya "rəqəmsal əyləncə ustaları" adlandırıla bilər.
Sənətkar olmaq üçün yalnız platformanın imkanlarından istifadə etmək kifayət deyil. Bunun üçün mütləq şəkildə təhsil, zəhmət, estetik duyum və davamlılıq lazımdır. Bu, bir prosesdir və o prosesdən keçmədən "sənətkar" adını almaq düzgün deyil. Amma, əlbəttə ki, bu sahədə istisnalar da var. Yəni istedadı, bilik bazası və estetik baxışı olan insanlar da sosial media platformalarından istifadə edərək öz sənətkarlıqlarını nümayiş etdirə bilirlər. Belə nümunələr çox təqdirəlayiqdir və cəmiyyətə real fayda verirlər. Lakin qeyd etdiyim kimi, əksər hallarda bu fenomenlərin yaratdığı məzmunlar səthi olur. Bu məzmunlar çox vaxt sadəcə populyarlığa və klik toplamağa hesablanır. Keyfiyyətdən çox, görüntüyə fokuslanır və uzunmüddətli təsir gücünə malik olmur.
 
-Fenomenlərin yaratdığı kontent daha çox əyləncədir, yoxsa yeni növ "kütləvi tərbiyə" modeli?

 
-Bu suala cavab verərkən bir neçə aspekti nəzərə almaq lazımdır. Əvvəlcə onu qeyd etmək lazımdır ki, bu gün fenomenlərin yaratdığı kontent əsasən əyləncəyə yönəlib. Bu, təəssüf doğuran bir reallıqdır və biz bunu açıq şəkildə müşahidə edirik. Lakin bu əyləncə kontentinin içində gizli və ya açıq şəkildə tərbiyəvi mesajlar da yer ala bilir. Yəni burada yalnız gülüş və şou yoxdur. Bəzən kontentin içində həyat tərzi, dəyər sistemi, görünüş standartları, estetik meyarlar kimi məsələlər də ötürülür. Məsələn, hansı geyim normaldır, necə davranmaq daha "cool" sayılır, kim hansı markanı geyinməlidir və s. Bu, bir növ sosial kodlar sistemidir və fenomenlər vasitəsilə yayılır. Bəzən isə fenomenlər tərəfindən maarifləndirici, fəlsəfi və sosial məsələlərə toxunan paylaşımlar da təqdim olunur. Bu səbəbdən mən hesab edirəm ki, fenomenlər yeni dövrün qeyri-rəsmi tərbiyə modellərinə çevrilə bilirlər. Onlar məktəb, ailə və cəmiyyətin verdiyi tərbiyəni tam əvəzləməsələr də, yeniyetmə və gənclərin davranışlarına, seçimlərinə, hətta dəyərlərinə birbaşa təsir edə bilirlər. Ancaq bu təsir bəzən zərərli də ola bilir. Məsələn; Zorakılığın normallaşdırılması, materializmin təşviqi, süni həyat tərzinin təbliği, həyatdakı dərinlik və mənanın itirilməsi.
Bu hallarda fenomenlər gənclərə fayda vermək əvəzinə, onların dünyagörüşünə və psixoloji sağlamlığına mənfi təsir göstərə bilirlər. Məsələn, daim lüks həyat tərzi göstərilməsi insanlarda qeyri-real gözləntilər yaradır, öz həyatından narazılıq formalaşdırır və bu da sosial narahatlıq, depressiya kimi problemlərə yol aça bilər.
 
-Gənc izləyicilər üçün fenomenlər artıq müəllim və ya valideyn nüfuzunu əvəzləyirmi? Bu sizcə təhlükədir, yoxsa yeni reallıq?
 
-Təəssüf ki, bu, artıq inkarolunmaz bir reallıqdır. Bir çox gənc üçün fenomenlər real həyatdakı nüfuz fiqurlarını, müəllim və valideynləri əvəz etməyə başlayıb. Xüsusilə də ailə nəzarətinin zəif olduğu, məktəb və ev arasında psixoloji boşluq olan mühitlərdə bu proses daha da sürətlənir. Gənclər, onların psixologiyası və davranışları formalaşmaqda olan dövrdə, tez təsir altına düşürlər. Nəticədə fenomenin fikirləri, davranış tərzi və dəyərləri gəncin əsas örnəyinə çevrilir. Bu vəziyyət həm təhlükəlidir, həm də inkarolunmaz bir dövr gerçəyidir. Biz bu reallığı gözardı edə bilmərik. Bunun əvəzinə düzgün yanaşma axtarmalıyıq. Bu sahədə atılacaq ən real və effektiv addım - maarifləndirici, faydalı, pozitiv kontent yaradan fenomenlərin dəstəklənməsidir. Gəncləri tamamilə bu sahədən ayırmaq mümkün deyil. Onlar texnologiyaya maraqlıdılar, sosial şəbəkə onların gündəlik həyatının bir hissəsinə çevrilib. Odur ki, bu platformaları boş buraxmaq əvəzinə, orada düzgün və dəyərli məzmunla fəal iştirak etmək lazımdır. 
Biz, həm izləyici, həm də ictimaiyyət olaraq daha çox seçici olmalıyıq. Keyfiyyətli, maarifləndirici, insanlara bir şey öyrədən məzmunlara baxmalı, onları paylaşmalı və bu yolla dəstəkləməliyik. Əksinə, zərərli, mənasız, aqressiv və yalan məlumat yayan kontentləri ictimai qınaq obyektinə çevirmək lazımdır. Bu həm hüquqi, həm də sosial baxımdan vacib məsələdir.
 
-Fenomenlər sosial şəbəkələrdə hansı etik sərhədləri keçirlər və sizcə bu sərhədsizlik onları daha cazibədar, yoxsa daha təhlükəli edir?

 
-Bu sual bu gün cəmiyyətin ən aktual məsələlərindən birinə toxunur. Sosial şəbəkələrdə fenomenlər bəzən elə sərhədləri keçirlər ki, bu sərhədsizlik bir tərəfdən bəzi izləyicilər üçün "azadlıq" və "orijinallıq" kimi cazibədar görünür, digər tərəfdən isə cəmiyyətin əsas dəyərlərinə zərər verəcək qədər təhlükəlidir. Bu kontekstdə xüsusilə bir neçə vacib məsələnin altını cızmaq vacibdir: Şəxsi həyatın nümayişi və kommersiyalaşdırılması, dezinformasiyanın yayılması, aqressiyanın, təhqir və zorakılığın normallaşdırılması, uşaq fenomenlərinin istismarı, psixoloji təzyiqlər və neqativ təsir.
Fenomenlərin şəxsi həyatlarını sərhədsiz şəkildə paylaşması, bu həyatın süni şəkildə ideal göstərilməsi və ya dramatikləşdirilməsi izləyicilərdə, xüsusilə də yeniyetmələrdə, qeyri-real gözləntilər və özünə qarşı narazılıq yaradır. Şəxsi həyatın bu formada kommersiyalaşdırılması isə sadəcə fenomenin həyatını deyil, eyni zamanda ailə üzvlərini, uşaqları da istismara açıq vəziyyətə gətirir. Son illərdə xüsusilə TikTok, Instagram və YouTube kimi platformalarda bir çox kontent aqressiv davranışları, qışqırıq, təhqir və hətta fiziki zorakılığı əyləncə kimi təqdim edir. Bu isə şiddətin cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də yeniyetmələr arasında "məzəli" və "normal" bir davranış forması kimi qəbul olunmasına səbəb olur. Bu, çox təhlükəlidir. Çünki normallaşan hər bir zorakılıq forması gələcəkdə daha ağır sosial nəticələr doğura bilər.
Fenomenlərin paylaşdığı məlumatlar çox zaman elmi, tibbi və ya sosial mövzularda olur. Lakin bu məlumatların nə dərəcədə düzgün olub-olmadığı çox zaman yoxlanmır. Misal üçün, sağlamlıq, arıqlama, təhsil və psixologiya ilə bağlı paylaşılan yanlış məlumatlar bir çox insanın həyatına mənfi təsir edə bilər. Bu tip dezinformasiyalar sadəcə yanlış bilgilərlə kifayətlənmir, bəzən maddi itkilərə, hətta insan sağlamlığında fəsadlara yol aça bilir. Bu problemlərin ciddiliyi bir çox ölkələrdə artıq hökumət səviyyəsində müzakirə olunur. Sosial media tənzimləmələrinə dair qanunlar hazırlanır, platformalara məzmun məsuliyyəti ilə bağlı öhdəliklər qoyulur. Azərbaycanda da bu mövzu getdikcə gündəmə gəlməkdədir və ciddi şəkildə müzakirə olunmalıdır. Çünki bu proses artıq qarşısıalınmaz həddə çatıb.
 
-Azərbaycan reallığında TikTok və YouTube fenomenləri ictimai rəyə təsir edə biləcək qədər güclüdürmü, yoxsa bu təsir hələ də paytaxt mərkəzli, lokal bir dalğadır?

 
-Bu sual da olduqca önəmlidir. Mənim şəxsi fikrimə görə, fenomenlərin cəmiyyət üzərində xüsusilə gənclər arasında çox ciddi təsir gücü var. Bu təsir ilk növbədə paytaxt və iri şəhərlərdə daha çox hiss olunur. Mən öz müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, hazırda bu təsirin mərkəzi Bakı və digər böyük şəhərlərdir. Əlbəttə ki, bu, elmi tədqiqatla ölçülməyib. Bildiyim qədərilə bu istiqamətdə genişmiqyaslı sosioloji araşdırma aparılmayıb. Əgər aparılıbsa, bu sualı birbaşa tədqiqatçılara ünvanlamaq daha doğru olardı. Lakin şəxsi müşahidə və təcrübə əsasında deyə bilərik ki, fenomenlərin təsiri regionlardan daha çox şəhər mühitində özünü göstərir. Bu təsir siyasi və ictimai fikrə deyil, daha çox sosial davranışa, geyim tərzinə, dilə və gündəlik mədəniyyətə yönəlmiş şəkildə formalaşır. Fenomenlər birbaşa olaraq insanların həyat tərzinə, sosial davranışlarına təsir göstərirlər. Belə təsirlərə misal olaraq gənclərin danışıq üslubundakı dəyişiklikləri, bədən dili və görünüş meyarlarını göstərmək olar. Hazırda bu təsir lokal və paytaxt yönümlü xarakter daşıyır. Amma bu o demək deyil ki, regionlarda yoxdur. İnternetin əhatə dairəsi genişləndikcə, bu təsirin regionlara da yayılacağı qaçılmazdır. Genişzolaqlı internetin əlçatanlığı, mobil texnologiyaların yayılması fenomenlərin təsir gücünü daha da artıracaq. Bununla paralel olaraq, bu təsirlərdən yalnız mənfi şəkildə danışmaq düzgün olmaz. Çünki internetin və sosial medianın müsbət tərəfləri də var. Gənclər bu platformalar vasitəsilə özlərini ifadə etməyi öyrənirlər, məlumatlara çıxış əldə edirlər, maariflənirlər. Amma burada əsas məsələ məzmuna seçimli yanaşmadır.
 
Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31