Rusiya-Azərbaycan: təyyarə məsələsi həll olunmadan həbs məsələsi ön plana çıxmamalıdır – ÖZƏL
14:03 SiyasətRusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Bakıda həbs olunan Rusiya vətəndaşlarının azad edilməsi Moskva-Bakı münasibətlərinin normallaşması istiqamətində mühüm addım ola bilər. Onun sözlərinə görə, Rusiya XİN hüquq-mühafizə orqanları, məhbusların yaxınları ilə əlaqə saxlayır, vəkillərin maliyyələşdirilməsinə yardım edir və konsulluq əməkdaşlarının onlarla görüşünü təmin edib.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib:
" Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Bakı, yəni, Azərbaycan, Rusiya vətəndaşlarının azad olunmasına hazırlaşır. Ancaq vəziyyət elə deyil, burada istintaq aparılır. Onların azad olunması təbii ki, müsbət jest ola bilər, amma Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasına ən yaxşı töhfə beynəlxalq hüquq normalarına uyğun olaraq Rusiya rəhbərliyinin Azərbaycandan uçan təyyarənin vurulmasına görə üzr istəməsi, kompensasiya ödəməsi və təyyarəni vuran insanların cəzalandırılmasıdır.
Beynəlxalq hüquq bunu tələb edir və biz də bunu tələb etmişik. 44 günlük müharibə dönəmində Rusiya təyyarəsinin vurulması ilə bağlı bütün tədbirlər yerinə yetirilib. Həm ölənlərin ailələrinə kompensasiya ödənilib, həm Azərbaycan Prezidenti üzrxahlıq edib, həm də təyyarəni vuran şəxslər cəzalandırılıb. Bunlar beynəlxalq hüquq normalarıdır. Ancaq Rusiya hələ də istintaqı uzadır və münasibətlər getdikcə soyuyur.
Rusiya Azərbaycanla, eyni zamanda, Azərbaycan da Rusiya ilə normal və xoş münasibət qurmaq istəyir, çünki Rusiyada 3 milyondan çox vətəndaşımız, soydaşımız yaşayır. Vəziyytin gərgin olduğu dövrdə, onların başına oyunlar açıldı, hüquqları pozuldu, biznesləri əlindən alındı, həbs olundular. Bu doğrudan da ürək ağrıdan məsələlərdir. Azərbaycan bir neçə Rusiya vətəndaşını törətdikləri cinayətə görə həbs edib, amma Rusiya yüzlərlə Azərbaycan vətəndaşını qanunsuz həbs edib, bizneslərini əlindən alıb, bir qismini ölkədən çıxarıb. Buna görə də onların arqumentləri yetərli deyil.
Çində, Pekində Rusiya Prezidenti jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, Rusiya ilə Azərbaycan arasında hər bir ölkədə olduğu kimi müəyyən məsələlər, gərginliklər və problemlər olur. Ancaq fundamental məsələlərdə Azərbaycan və Rusiya razılığa gələcək. Biz də hesab edirik ki, Rusiya buraxdığı səhvləri aradan qaldıracaq. İlk növbədə təyyarənin vurulması ilə bağlı məsələ həll olunacaq və bundan sonra Azərbaycanda həbs olunmuş Rusiya vətəndaşlarının məsələsinə baxıla, münasibətlər düzələ bilər. Sırf onları Azərbaycandan buraxmaq isə düzgün deyil.
Azərbaycan daim beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edib və özünə qarşı da bu çərçivədən çıxılmamasını istəyir. Azərbaycan Rusiyanın əlaltısı və ya vilayəti deyil. Azərbaycan müstəqil dövlətdir, milli siyasəti və varlığı var və beynəlxalq hüquq normalarına riayət olunmasını tələb edir.
Putinin Pekində Azərbaycan Prezidenti ilə ayaqüstü görüşü və jurnalist suallarına cavabı göstərir ki, Rusiya Azərbaycan ilə münasibətlərin qaydasına düşməsini istəyir. Yaxın zamanda Rusiyada gedən istintaq başa çatacaq, təyyarə məsələsi həll olunacaq, cinayətkarlar cəzalandırılacaq və kompensasiya ödəniləcək. Bundan sonra münasibətlərdə addımlar atılacaq və Azərbaycan-Rusiya əlaqələri düzələcək".
Zeynəb Mustafazadə