Göy məscid ətrafında yeni mübahisə: Azərbaycan hansı addımları atmalıdır?- ÖZƏL
17:15 SiyasətErmənistanın paytaxtı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adı verilib. Növbəti mərhələdə burada şairin büstünün də quraşdırılması planlaşdırılır. Bu barədə İranın Ermənistandakı səfirliyi açıqlama yayıb. Məlumata görə, İrəvana işgüzar səfər edən İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi mərasimdə iştirak edərək şairin adının əks olunduğu lövhənin açılışını edib. Səfirlik bildirib ki, növbəti mərhələdə mərasim zalında Çarentsin büstü də qoyulacaq.
Bəs Azərbaycan bu məsələyə necə reaksiya verməlidir? Rəsmi Bakı diplomatik kanallarla etirazını bildirməli, beynəlxalq təşkilatları məsələyə cəlb etməli, yoxsa Göy məscidin tarixi və milli kimliyi ilə bağlı daha geniş beynəlxalq kampaniya aparmalıdır?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Burada əsas nüans kimi İranın hərəkətlərinə diqqət etməliyik. İranın bu məsələdəki mövqeyi heç də birmənalı deyil. Özünü İslam mədəniyyətinin, İslam sivilizasiyasının bir parçası və davamçısı, qurucusu elan etmiş bir ölkənin bu gün gəlib ən qədim tarixi abidələrimizdən birinin adının dəyişdirilməsini və yaxud adının dəyişdirilmədən onun kiminsə adına adlandırılmasını qəbul etməsi və həmin tədbirdə iştirak etməsi özünün elan etdiyi xarici siyasətə və əqidəsinə heç də uyğun gələn məsələ deyil. İndi İran tərəfi gərək oturub özü də fikirləşsin ki, niyə belə bir təşəbbüsə həvəs göstərir və ya buna hazırdır? İran hakimiyyəti kimdir ki, buna həvəs göstərir? Belə bir tədbirdə niyə iştirak edir, məqsədləri nədir? Aydın məsələdir ki, bu, Azərbaycana qarşı atılmış, Azərbaycanın Ermənistanla bağlı tarixi haqlarını və həqiqətlərini silmək, unutdurmaq üçün atılan bir addımdır. Təəssüf olsun ki, İran tərəfi də bu kampaniyaya qoşulmuş oldu.
Bəs Azərbaycan nə etməlidir? Azərbaycanın üzərinə düşən öhdəlik nədir? Biz əslində bu məsələ ilə bağlı xeyli iş görmüşük. Azərbaycan dövlətinin tarixi, onun qədim kimliyi və keçmişi hər kəsə bəllidir. Ermənistana da, İrana da, digər dünya dövlətlərinə də. Biz bu məlum həqiqəti artıq daha geniş ictimaiyyətə, dünya ictimaiyyətinə daha planlı şəkildə çatdırmalıyıq.
İranın bugünkü dövlət adının heç də minillik tarixi əhatə etmədiyini bütün dünyaya bəyan etməliyik. Çünki son min il ərzində, hətta min ildən çox böyük bir zaman kəsiyində bugünkü İran ərazisində mövcud olan dövlətlərin böyük əksəriyyəti Azərbaycan dövlətləri olub. Hazırkı İran tarixinin, İran rejiminin milli sərvətimiz, tarixi abidələrimiz adlandırdığı abidələrin çoxu da elə həmin dövrdə ucaldılmış, Azərbaycan türklərinin Türk-İslam sivilizasiyasına qazandırdığı abidələrdir. Biz bu istiqamətdə işlər görməli, mövqeyimizi formalaşdırmalı, dövlətçilik tariximizi düzgün təbliğ etməliyik. Eyni zamanda, Göy məscidin, məsələn, Azərbaycan dövlətçilik tarixinin önəmli səhifələrindən olan xanlıqlar dövrünün bir parçası olduğunu, İrəvan xanlığına məxsusluğunu, dolayısı ilə Azərbaycan xalqına, biz azərbaycanlılara aid olduğunu düzgün şəkildə hər kəsə çatdırmalıyıq. Burada söz sahibinin də əslində Ermənistan və ya İran deyil, Azərbaycan dövlətinin olduğunu bildirməliyik. Yəni Göy məscidlə bağlı hər hansı qərar qəbul olunacaqsa, fərqi yoxdur, burada İrandan və Ermənistandan daha çox Azərbaycanın rəyi alınmalı, Azərbaycanın fikri öyrənilməlidir. Bu bizim tariximizdir, bu bizim mədəniyyətimizdir. Bu abidəni biz tikmişik, biz ucaltmışıq.
Orada onilliklər ərzində ibadət edən, öz kimliyini qoruyub saxlayan, öz mədəniyyətini yaşadan biz azərbaycanlılar olmuşuq. Bu, bizim qədim Azərbaycan yadigarımızdır və bunu dünya ictimaiyyətinə daha geniş və hərtərəfli səviyyədə çatdırmalıyıq".
Zeynəb Mustafazadə