Azərbaycanın çoxvektorlu siyasəti: Qərb və Şərqlə balans - ÖZƏL

Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük hansı üstünlükləri təmin edə bilərdi? Azərbaycanın ŞƏT-ə üzv olması real perspektivə malikdirmi, yoxsa bu məsələ uzunmüddətli dondurulmuş gündəmdə qalacaq?

Suallarımızı  cavablandıran  politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib: 

"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyü ölkəyə bir sıra strateji üstünlüklər qazandıra bilərdi. İlk növbədə, təşkilatın üzvləri arasında Çin, Rusiya, Hindistan, Pakistan və Mərkəzi Asiyanın əsas dövlətləri yer alır ki, bu da  Azərbaycanın həm siyasi nüfuzunu, həm də iqtisadi əməkdaşlıq imkanlarını genişləndirə bilər. Xüsusən də enerji, nəqliyyat-logistika və təhlükəsizlik sahələrində ŞƏT platforması əlavə imkanlar aça bilər. Azərbaycanın Orta Dəhliz layihəsində oynadığı rol ŞƏT üzvü olan ölkələrlə daha sıx koordinasiya sayəsində güclənə bilərdi.

Digər tərəfdən, ŞƏT üzvlüyü Azərbaycanın çoxvektorlu xarici siyasətinə uyğun gələrdi. Bakı həm Qərblə, həm də Şərqlə balanslı əməkdaşlıq aparmağa çalışır və ŞƏT bu balansda mühüm mexanizm ola bilər. Təhlükəsizlik sahəsində də təşkilat çərçivəsində radikalizm və terrorizmə qarşı birgə mexanizmlərdən yararlanmaq mümkündür.

Bununla belə, Azərbaycanın ŞƏT-ə tam üzvlüyü real perspektiv kimi hələlik zəif görünür. Bunun bir neçə səbəbi var. Birincisi, təşkilatın daxili qərarları çox vaxt siyasi rəqabət və maraq toqquşmaları ilə yüklənib. İkincisi, Azərbaycan Qərb strukturları ilə, xüsusən Avropa İttifaqı və NATO ilə əlaqələrini də nəzərə almağa məcburdur, çünki bu istiqamətlər Bakının xarici siyasətində vacib yer tutur.

Üçüncüsü, ŞƏT-ə üzvlük Azərbaycanın balanslı siyasətinə müəyyən çətinliklər gətirə bilər, çünki təşkilat daha çox Çin və Rusiyanın təsir dairəsindədir.

Ona görə də, yaxın perspektivdə Azərbaycanın ŞƏT-də müşahidəçi və yaxud dialoq tərəfdaşı statusunu qoruması daha real görünür. Tam üzvlük isə ya uzunmüddətli gündəmdə qalacaq, ya da yalnız yeni geosiyasi şərtlər yarandıqda aktuallaşa bilər."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31