“Çin və Rusiya yeni güc mərkəzi yaradır, bu isə ABŞ-ni ciddi narahat edir” – ŞƏRH – ÖZƏL
5 Sentyabr 14:55 Siyasət"ABŞ-də kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, istənilən siyasi partiya ABŞ-nin müəyyənləşdirdiyi strategiyanı qoruyur və həyata keçirir. ABŞ-nin "dərin dövləti"nin ortaya qoyduğu bir strategiya var: dünyada birqütblü sistem yaratmaq və bu sistemi idarə etmək, eyni zamanda ABŞ "imperiyasına" təhlükə yaradan amilləri aradan qaldırmaq".
Bu sözləri mövzunu Olaylar.az-a şərh edərkən Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, ABŞ üçün üç əsas təhlükə mənbəyi mövcuddur:
• Rusiya - hərbi gücünə görə,
• Çin - iqtisadi potensialına görə,
• Avropanın pul vahidi olan avro - maliyyə gücünə görə.
ABŞ-də kim hakimiyyətə gəlsə də, bu strategiyaya xidmət edir, sadəcə taktiki yanaşmalarda fərqli addımlar atıla bilər.
A. Məsiyev qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın son açıqlamaları, Çində keçirilən paradla bağlı bəyanatları ABŞ-ni ciddi şəkildə narahat edir: "ABŞ üçün təhlükə mənbəyi olan Rusiya Ukrayna münaqişəsinə cəlb edilərək həm iqtisadi, həm də hərbi baxımdan zəiflədilmək, Avropa ilə əlaqələri kəsilmək məqsədi güdülüb. Rusiya-Ukrayna münaqişəsi Amerika strategiyasının tərkib hissəsi kimi nəzarət altında idarə olunur. Bu şəraitdə Uzaq Şərqdə Çinin güc nümayişi təbii ki, Vaşinqtonu narahat edir. Çin həm hərbi, həm texnoloji gücünü genişləndirərək ABŞ-yə mesaj göndərir: əgər ona düşmən kimi yanaşılarsa, adekvat cavab veriləcək.
Çinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində böyük iqtisadi və siyasi güc mərkəzi yaratması ABŞ strategiyasına təhlükə hesab olunur. ABŞ dəfələrlə Çinlə münaqişə yaratmaq, onu qarşıdurmaya çəkmək istəmiş, Tayvan məsələsini gündəmə gətirməklə Pekini hərbi münaqişəyə sürükləməyə çalışmışdır. Lakin Çin hakimiyyəti emosiyaya qapılmadan, soyuqqanlı davranaraq ABŞ-nin təxribatlarına getməyib. Çin iqtisadi güc olaraq həm Avropaya, həm də ABŞ və NATO blokuna mesaj göndərir ki, dünya siyasətində artıq güclü bir mərkəzə çevrilir".
Siyasi şərhçinin sözlərinə görə, ŞƏT ətrafında aparılan proseslər göstərir ki, Çin tək deyil - Rusiya, Hindistan kimi böyük dövlətlər də bu birliyin inkişafına töhfə verir. ŞƏT ortaq pul vahidi və ödəniş sistemi yaratmağa nail olarsa, bu birlik ABŞ və onun müttəfiqi NATO-ya qarşı real alternativ blok kimi çıxış edəcək. Çin kimi böyük iqtisadi və hərbi potensiala malik dövlət, Rusiya kimi təbii sərvətləri və nüvə gücü olan dövlət, eləcə də Hindistan kimi böyük bir ölkə ŞƏT ətrafında yaxın əməkdaşlıq münasibətləri qurarsa, bu, yeni güc mərkəzi deməkdir. Əgər ŞƏT gələcəkdə iqtisadi birlikdən siyasi və hərbi ittifaqa çevrilərsə, ABŞ strategiyasına ciddi təhlükə yaranacaq. Trampın narahatlığı da buradan qaynaqlanır. Avropa mediası və ekspertlərinin təhlilləri göstərir ki, ŞƏT-də təmsil olunan ölkələrin vahid mövqe sərgiləməsi, qarşılıqlı sərmayə və iqtisadi əməkdaşlığı genişləndirməsi Avropanı da narahat edir. Avropa İttifaqında Çin siyasəti ilə bağlı fikir ayrılıqları dərinləşir, bu da Pekinin nüfuzunun artdığını göstərir.
Siyasi şərhçi əlavə edib ki, Rusiya-Çin birliyi dünyada yeni güc mərkəzidir və bu, təbiidir ki, ABŞ-ni narahat edir. ABŞ-nin narahatlığını başa düşmək olar, çünki uzun illər ərzində ABŞ və Avropa hegemonluq və birtərəfli hərəkətlərlə beynəlxalq arenada aqressiv siyasət yürüdüb, hərbi xaos fonunda öz maraqlarını təmin etməyə çalışıb. ABŞ tez-tez dövlətləri iqtisadi rıçaqlarla şantaj edərək, məsələn, əlavə dəyər vergiləri tətbiq etməklə öz maraqlarına tabe etdirməyə çalışıb. Belə siyasət təbii olaraq əks reaksiya doğurur və beynəlxalq mühitdə həm hərbi, həm iqtisadi xaos yaradır.
Azad Məsiyevin sözlərinə görə, dünyada sabitlik və təhlükəsizlik üçün beynəlxalq qanunlar əsasında idarəetmə mexanizmləri güclənməlidir. Ədalətli beynəlxalq nizam qurularsa, stabillik də təmin oluna bilər. Təəssüf ki, ABŞ uzun illər beynəlxalq hüquqa əsaslanmaq əvəzinə, güc tətbiq edərək öz diktəsini həyata keçirməyə çalışıb. Demokratiya şüarı altında bəzi dövlətlər işğal edilib, onların təbii sərvətləri mənimsənilib. "Ərəb baharı" adı altında ərəb ölkələrində baş verən hadisələr, eləcə də MDB məkanında müxtəlif dövlətlərin insan haqları və demokratiya adı altında ABŞ təsirinə salınması buna nümunədir. Bugünkü Ukrayna hadisələri də ABŞ-nin beynəlxalq hüquqa deyil, maraqlarına üstünlük verdiyini göstərir. Belə şəraitdə Çin kimi dövlətlər ABŞ və NATO blokuna qarşı əks addımlar atmağa başlayıb.
"Çinin iqtisadi gücü hərbi potensiala çevrilməkdədir. Çin həm nüvə silahına, həm də müasir texnologiyalara sahibdir, iqtisadi və texnoloji baxımdan sürətlə inkişaf edir. Bu səbəbdən dünyada yeni güc mərkəzi kimi Çinin hərbi, iqtisadi və siyasi gücü etiraf olunmalıdır. ABŞ və onun mövcud rəhbərliyi isə təbii olaraq bundan narahatdır", - deyə siyasi şərhçi sonda əlavə edib.
Sevda Dəniz