Cənubi Koreya XİN rəhbəri ABŞ-də saxlanılan vətəndaşlarla bağlı təcili iclas keçirəcək - ÖZƏL
11:26 DünyaCənubi Koreyanın xarici işlər naziri Ço Hyun ABŞ-də ölkə vətəndaşlarının kütləvi şəkildə saxlanılması ilə əlaqədar təcili iclas çağırıb. Olaylar.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. ABŞ hakimiyyəti ötən gün Hyundai Motor Group və LG Energy Solution şirkətlərinə məxsus elektrik avtomobilləri üçün akkumulyator zavodunun tikinti sahəsində keçirilən əməliyyat zamanı ümumilikdə 457 nəfəri saxlayıb. Onların 300-dən çoxu Cənubi Koreya vətəndaşıdır. Saxlanılanlara qarşı miqrasiya qanunvericiliyini pozmaq ittihamı irəli sürülüb.
Cənubi Koreyanın Xarici İşlər Nazirliyi insidentlə bağlı narahatlıq ifadə edib. Qurumun sözçüsü Li Cae Un bildirib:
"ABŞ-ə sərmayə yatıran şirkətlərimizin iqtisadi fəaliyyətinə, həmçinin vətəndaşlarımızın hüquq və maraqlarına ədalətsiz müdaxilələr yolverilməzdir. Biz narahatlığımızı ABŞ səfirliyinə çatdırmışıq." Məlumata görə, saxlanılan koreyalıların əksəriyyəti ABŞ qısamüddətli səfərlər üçün nəzərdə tutulan B1 işgüzar vizası və ya ESTA vizasız rejimi ilə gediblər. Ço Hyunun rəhbərliyi ilə keçiriləcək iclasda nazir müavinləri, yüksək rütbəli diplomatlar və xaricdəki səfirlik nümayəndələri iştirak edəcək. ABŞ-nin Alkoqollu içkilər, tütün, odlu silah və partlayıcı maddələr üzrə Bürosu (ATF) isə sentyabrın 5-də yaydığı açıqlamada, Gürcüstan ştatının Brayan dairəsində yerləşən zavodda təxminən 450 qanunsuz miqrantın saxlanıldığını təsdiqləyib.