Ermənistan TRIPP layihəsində fəallaşır: İqtisadi dividendlər və siyasi maraqlar-ÖZƏL
15:05 İqtisadiyyatErmənistan Zəngəzur dəhlizi- ABŞ-ın təşəbbüsü ilə irəli sürülən TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsinin reallaşdırılması üçün birgə Amerika-Ermənistan şirkətinin fəaliyyətini gözləmədən ilkin preparatory işlərə başlayır. Baş nazir Nikol Paşinyanın bu addımı marşrutun İrəvan üçün strateji əhəmiyyətini və vaxt amilinin kritik vacibliyini göstərir. Zəngəzur istiqamətində nəqliyyat kommunikasiyalarının açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaradacaq və regionun xəritəsini köklü şəkildə dəyişəcək.
İrəvanın ABŞ-Ermənistan birgə şirkətini gözləmədən TRIPP layihəsi üzrə tələsik işə başlaması nəyi göstərir? Marşrutun reallaşmasında vaxt amili niyə Ermənistan üçün bu qədər kritikdir?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Ermənistan layihə ilk gündəmə gələndən indiyədək müəyyən tərəddüdlər nümayiş etdirir. Sanki işlərin digər ölkələr tərəfindən görülməsi və maliyyə məsələləri ön plana çəkilirdi. Lakin sonradan Ermənistan öz məsuliyyətini gec də olsa dərk edərək, müəyyən mənada öz maraqlarına uyğun şəkildə bu işlərə başlamalı olduğunu anladı. Çünki Azərbaycan artıq demək olar ki, işləri yekunlaşdırmaq üzrədir.
Eyni zamanda, burada vaxt amili də mühüm əhəmiyyət daşıyır. Belə ki, ilkin hazırlıq işlərinə başlamadan layihənin həyata keçirilməsi olduqca çətindir. Ermənistan da anlayır ki, bu nəqliyyat marşrutlarının açılması onun öz tranzit imkanlarından gəlir əldə etməsinə, o cümlədən Azərbaycan vasitəsilə regional iqtisadi əlaqələrin genişlənməsinə şərait yarada bilər. Bu isə həm iqtisadi, həm də siyasi maraqlar baxımından İrəvan üçün əhəmiyyətlidir.
Lakin qeyd etdiyim kimi, burada Ermənistanın əsas məsələlərindən biri üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi idi. Əvvəllər Ermənistan bu məsələyə daha çox neytral yanaşır, layihənin reallaşdırılması üçün lazımi siyasi iradəni və fəallığı tam şəkildə nümayiş etdirmirdi. İndiki mərhələdə isə öz öhdəliklərinə daha ciddi yanaşmağa başlayıb görüntüsü var.
Təbii ki, digər mühüm məqam ABŞ-nin təşəbbüsü və siyasi təsiri ilə bağlıdır. Ermənistan özünü layihənin həyata keçirilməsində maraqlı olan əsas tərəflərdən biri kimi təqdim edir. Çünki layihənin genişlənməsi və reallaşması prosesindən kənarda qalmaq İrəvanın öz maraqlarına da zərər vura, potensial iqtisadi və siyasi dividendlərdən məhrum olmasına səbəb ola bilər. Əksinə layihənin indidən başlanması və sürətləndirilməsi Ermənistanın özü üçün də müəyyən faydalar vəd edir.
Digər məsələ Ermənistanın ABŞ-nin regiondakı iqtisadi və siyasi iştirakını möhkəmləndirmək istəyi ilə bağlıdır. Çünki Ermənistan Qərbyönümlü siyasətinin nəticəsi olaraq ABŞ-ni özü üçün xüsusi əhəmiyyət daşıyan strateji tərəfdaş hesab edir. Vaşinqtonun bu layihədə iştirakı isə Cənubi Qafqazda İrəvanın maraqlarının və mövqelərinin möhkəmlənməsinə töhfə verə bilər.
Eyni zamanda, hazırda regionda müəyyən geosiyasi fürsət yaranıb. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşmalar və regional kommunikasiyaların açılması istiqamətində atılan addımlar yeni imkanlar formalaşdırır. Ermənistan da bu fürsətdən istifadə etməyə çalışır. Çünki regional əməkdaşlığın inkişafı təkcə Ermənistan üçün deyil, bütövlükdə region ölkələri üçün faydalı ola bilər.
Digər əsas məqamlardan biri Ermənistanın iqtisadi blokadadan çıxmaq istəyidir. Bu layihə region ölkələrinin, xüsusilə Azərbaycan və Ermənistanın iqtisadi maraqlarına cavab verir. Ermənistan uzun müddətdir məhdudlaşmış nəqliyyat imkanlarının genişləndirilməsində, yeni yolların açılmasında və regional iqtisadi əlaqələrə qoşulmaqda maraqlıdır.
Burada Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmin olunması məsələsi də xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə, regional rəqabət, alternativ nəqliyyat marşrutlarının şaxələndirilməsi və genişləndirilməsi də mühüm amillərdəndir. Azərbaycan artıq öz nəqliyyat və logistika imkanlarını böyük ölçüdə genişləndirib. Ermənistan isə bu proseslərdən kənarda qalmamaq və formalaşmaqda olan yeni regional nəqliyyat arxitekturasında özünə yer tutmaq istəyir".
Zeynəb Mustafazadə