Tehranın Avropa hədəfləri: Çəkindirmə, yoxsa təhlükəli macəra? – ÖZƏL
16:01 Siyasət"Tehranın Almaniya və İtaliyadakı ABŞ hərbi bazalarını hədəfə alması son dərəcə ağır hərbi-siyasi sonuclar doğura bilər. Belə addımlar artıq ABŞ ilə qarşıdurmanın davamı olmaqdan çıxaraq, savaşın Avropa coğrafiyasına daşınması və NATO üzvü olan dövlətlərin suverenliyinə birbaşa təhdid sayılacaq. Hələ Tehranın Almaniya və İtaliya ərazilərindəki hərbi bazaları vurmaq imkanının olub-olmadığını bir yana qoyaq...".
Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib: "Burada başqa hansı mühüm hüquqi-siyasi məqam vardır? - Gəlin birlikdə diqqət edək. NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi avtomatik savaşa qoşulma mexanizmi sayılmasa da, Almaniya və ya İtaliya ərazisinə silahlı hücumun baş verməsi həmin maddənin tətbiqi məsələsini gündəmə gətirə, müttəfiqlərin İrana qarşı birgə hərbi-siyasi tədbirlər görməsinə yol aça bilər. Beləliklə, Tehran indiyədək münaqişəyə birbaşa qoşulmayan yaxud tərəddüdlü Avropa dövlətlərini də özünə qarşı birləşdirmək riski ilə üzləşər.
Düşünürəm ki, Tehran bu təhlükəni yetərincə yaxşı anlayır. Ona görə də Avropadakı Amerika bazalarının hədəfə alınacağı barədə xəbərdarlıqları, ilk növbədə, hərbi əməliyyatların coğrafiyasını genişləndirmək niyyətindən daha çox, çəkindirmə və psixoloji təzyiq vasitəsi kimi görürəm. Lakin hərbi-siyasi ritorikanın təhlükəli cəhəti ondadır ki, bəzən təhdidlər hadisələrin məntiqini dəyişir və tərəfləri öz açıqlamalarının girovuna çevirir. Tehranın belə bir addımı Avropanın mövqeyini sərtləşdirməklə yanaşı, diplomatik manevr imkanlarını da ciddi şəkildə məhdudlaşdıra bilər. Bu isə beynəlxalq qarşıdurmanın daha genişmiqyaslı savaşa çevrilməsi gümanını artırar. Bəli, Tehran savaşın coğrafiyasını genişləndirməklə təhlükəsizliyini artırmayacaq, əksinə, özünə qarşı qüvvələrin coğrafiyasını genişləndirəcək. Məncə, əsas məsələ də elə budur. Çağdaş geosiyasətdə hərbi güc zərbə endirmək yetənəyindən savayı, həmin zərbənin doğuracağı sonucları öncədən hesablamaq bacarığı ilə də ölçülür. Biz, əlbəttə, beynəlxalq hüququn qorunması, ədalətli sülhün bərqərar olması və danışıqların alternativlərin ən yaxşısı olduğunu vurğulayırıq".
Səidə Ramazanova