Dünyada çörək, süd və ət ucuzlaşıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı Ərzaq Qiymətləri İndeksinə əsasən, oktyabr ayında dünya ərzaq qiymətlərinin əsas göstəricisi bir qədər azalıb.

FAO-nun dünya bazarında ərzaq məhsulları səbətinin beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri əks etdirən indeksi oktyabr ayında orta hesabla 133,9 bənd təşkil edib. Bu, sentyabr ayı üzrə yenilənmiş göstəricidən 1,6 bənd (1,2%) aşağıdır.

Təşkilatın məlumatına görə, azalma tələbin zəif olması fonunda baş verib. Belə ki, taxıl məhsullarının qiymətləri sentyabr ayı ilə müqayisədə 4,5%, ət və süd məhsullarının qiymətləri isə müvafiq olaraq 1,2% və 1,1% ucuzlaşıb.

Oktyabr ayında indeksin azalmasına baxmayaraq, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% yüksəkdir. Bununla belə, indeks 2022-ci ilin mart ayında qeydə alınmış pik səviyyədən 16,4% aşağı olaraq qalır.

FAO sentyabr ayında bir sıra regionlarda logistik problemlər və quraqlıq fonunda qiymətlərin 2022-ci ilin noyabr ayından bəri ən yüksək səviyyəyə çatdığını qeydə almışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31