“İranın nüvə ehtiyatı Yaxın Şərqdə yeni “oyun qaydaları” yarada bilər” – Əkbər Qoşalı – ÖZƏL

"İranın nüvə ehtiyatları ilə bağlı MAQATE-nin məxfi hesabatı bir yandan bəlkə rəqəmlər toplusu təsiri bağışlayırsa, digər yandan və əslində, bölgənin gələcək taleyinə yönəlmiş ciddi siqnal təssüratı yaradır".

Bu sözləri mövzunu Olaylar.az-a şərh edərkən araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. O bildirib ki, 440 kiloqramdan çox, 60 faizə qədər zənginləşdirilmiş uran - yəni silah səviyyəsinə çatmağa az qalan ehtiyat - təkcə Tehranın içsəl iradəsinin yox, həm də uluslararası münasibətlər sistemindəki gərgin dəngənin - daha doğrusu, dəngə pozuntusunun göstəricisidir:

"Uranın silah həddinə yaxınlaşması Yaxın Şərqdə yeni geosiyasi "oyun qaydaları"nı gündəmə gətirə bilər. İsrailin təhdidləri, ABŞ-nin "qırmızı xət"ləri, Səudiyyə və digər körfəz ölkələrinin rahatsızlıqları - bunların hamısı bir nöqtədə toqquşur; o toqquşmanın adı güvənlik dilemmasıdır. Əgər Tehran həqiqətən də 90 faizlik mərhələyə yaxınlaşsa, bölgədə silahlanma yarışı qaçılmaz görünür. Bu isə artıq diplomatik deyil, hərbi ritorikanın önə keçməsi, təxribatların, lokal qarşıdurmaların, hətta genişmiqyaslı müharibə riskinin artması deməkdir".

Əkbər Qoşalı  qeyd edib ki, MAQATE ilə işbirliyinin dayanması isə dünya güclərinin "təmkin kasası"nı daşıracaq. Çünki MAQATE-nin dənətim imkanlarının məhdudlaşması uluslararası 
hüququn əsas dayaqlarından birinin laxlamasıdır. ABŞ və Avropa İranı yeni sanksiyalarla sıxışdırmağa çalışacaq, Rusiya və Çin isə bir növ dəngəli amma Tehrana dəstək ismarıcları verəcək. Bütün hallarda, İranın özünü təcrid etməsi "nüvə kartını" bir kozır kimi oynamaqla sonuclanacaqdır. Bu isə oyunun gedişini ağırlaşdırmış, gərginliyi çoxaltmış ola bilər.

"Bəli, Yer üzü çoxqütblü düzənə doğru irəliləyir. Bu düzəndə ən böyük aktiv - şaxələnmədir, ən böyük risk isə qeyri-şəffaflıqdı. İranın nüvə məsələsində atacağı hər addım təkcə bölgənin deyil, qlobal siyasətin də yönünü dəyişə bilər. Bütün böyük güclər - Vaşinqtondan Pekinə, Moskva və Brüsseldən Ankaraya qədər - indi daha həssas, daha ehtiyatlı davranmaq zorundadır. Çünki bu rəqəmlərin arxasında sadəcə uran yox, həm də dünyanın sabahkı təhlükəsizlik xəritəsi durur", - deyə Ə. Qoşalı əlavə edib.

Ə. Qoşalı vurğulayıb ki, sözügedən dövlətin ərazisində on milyonlarla soydaşımız öz dədə-baba yurdunda yaşayır və həmin dövlət respublikamızla həmsərhəddir. Üstəlik, hazırda qarşılıqlı münasibətlərdə daha istiqanlı davranış içində olan azərbaycanlının Rəisi-Cümhur olduğu dövlətdən danışırıq. O dövlətin yaşadıqları və yaşatmaq istədikləri sövq-təbii bizim diqqət, maraq dairəmizdədir. Biz nə sərhəddimizdə, nə də digər yaxın-uzaq ölkələrdə münaqişə, qanlı anlaşmazlıq və əlbəttə müharibə istəmirik. Deməli, məsələlərin uluslararası hüquq normaları çərçivəsində çözülməsini istəyirik. - Bu, dünyadakı çərçivələrin, alternativlərin ən yaxşısıdır...

Dövlətimiz zaval görməsin!

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31