ABŞ B variantını həyata keçirməyi planlayır
11:23 SiyasətABŞ inflyasiyanı aşağı salmaqla faizləri də endirmək, büdcə kəsirini azaltmaq üçün neft qiymətlərini 50-55 dollar ətrafında olmasını istədiyi barədə OPEC+ ölkələrinə mesajlar verdi. OPEC+ hasilatı nisbətən artırsa da, neft qiymətlərini 65-70 dollar ətrafında saxlamağa çalışdı. ABŞ son 1 ildə qeyd etdiyim B variantına keçməyi planlayır. Yəni, Venesuelada hakimiyyəti devirib neft hasilatını artırıb Venesuela neftini dünya bazarına çıxartmaq. Bu halda neft qiymətlərini 45-50 dollara endirib öz iqtisadi məsələlərini, problem, risk və qayğılarını azaltmaq əsas məqsədlərdən biridir.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Çinin hərbi paradını ABŞ və Qərb asanlıqla həzm etməyəcək. Latın Amerikası ölkələrini tam nəzarəti altına almaq üçün ABŞ konkret addımlar atacaq. Ehtimal yüksəkdir.
Trump anladı ki, Nobel Sülh Mükafatını ona verməyəcəklər. Məsələ aydındır. O səbəbdən Sülh Mükafatını aldıqdan sonra həyata keçiriləcək planlar önə çəkildi.
Beləliklə, ABŞ sürətli bir şəkildə hərəkətə keçir. Avropa İttifaqı da gözlənilən 18-ci sanksiyalar paketini qəbul etdi. Bu paket konkret olaraq Rusiya neftinin və ondan alınan məhsulların Avropa İttifaqı ölkələrinə daxil olmasının qarşısını almağa hədəflənib. Rusiyanın satdığı neft üçün isə maksimum hədd 60 dollardan 47.6 dollara endirildi.
Qızılın qiymətinin artması ilə bağlı mətbuata açıqlama verdiyim üçün təkrarlamaq istəmirəm. Amma dünya həqiqətən daha gərgin bir dövrə daxil olur.
ABŞ əmək bazarında vəziyyət pisləşir. İşsizlik faizi 4.2%-dən 4.3%-ə qalxdı. Avqust ayında cəmi 22000 yeni iş yeri açılıb.
Rusiyanın da iqtisadiyyatı durğunluq vəziyyətində olduğu deyilsə də, vəziyyət daha pisdir. Pul dövriyyəsi ən aşağı həddinə düşməsinə baxmayaraq inflyasiya təzyiqi artır. Biznes mühiti çox pis vəziyyətdədir. Rusiya faktiki olaraq staqflyasiya (inflyasiya + durğunluq) dövrünü yaşayır ki, bu da iqtisadiyyatın xərçəng xəstəliyi hesab olunur. 6-12 ay ərzində mövcud vəziyyətdən çıxmasa çöküş qaçılmaz olar. Bunu bilən Avropa İttifaqının 18-ci sanksiyalar paketini qəbul etməsi (ŞƏT tədbirindən sonra qəbul edilən bu paketə ABŞ də müsbət rəyini verib) nokdaunda olan Rusiya iqtisadiyyatını nokauta salmaq məqsədi daşıyır.
18-ci sanksiyalar paketi o qədər təhlükəli, əhatəli və sərtdir ki, biz və qardaş Türkiyə də bundan təsirlənə bilər. Trumpın ŞƏT-ə münasibətinin sərt olduğunu da nəzərə alaraq çoxvektorlu siyasətimizi davam etdirərək neytrallığımızı qoruyacağımıza inanıram. ABŞ Çin, Rusiya və Hindistana öz dişini göstərəcək.
5-10 dəqiqə sonra böyük ehtimalla Pentaqon Amerika Müdafiə Nazirliyi deyil, Amerika Müharibə Nazirliyi adlandırılacaq.
Açığı mən ölkəmizin bu dövrdə (Türk Dövlətləri Təşkilatı istisna olmaqla) hər hansı siyasi bloka qoşulmasına şəxsən ehtiyatla yanaşıram və nisbətən riskli görürəm. Çünki qütblər arasında rəqabət sərtləşir. Neytrallıq ən gözəl seçim olar.
Gözləntim isə bir çox ölkələrdə, xüsusilə ölkəmizdə sentyabr-oktyabr aylarında mövcud qlobal siyasi və iqtisadi dəyişiklikləri də ciddi təhlil edərək xüsusilə iqtisadi şoklara məruz qalmamaq və ya həmin şokları yumşaltmaq üçün əhatəli, dərin və geniş tədbirlərin görüləcəyini düşünürəm. Məsələ, hər hansı qurumların birləşdirilməsi, yaradılması və ləğvindən daha çox səmərəliliyin və dinamikanın artımına, kadr məsələlərində sədaqət və liyaqət prinsiplərində balansın diqqətə alınacağına səbəb olacaq addımların atılacağına inanıram.
Elman Sadıqov
iqtisadçı ekspert