Zelenski ilə bağlı inanılmaz iddia – Xalq buna görə ayağa qalxdı, rəqibi hərəkətə keçdi

İyulun 22-də Ukrayna Ali Radasının qəbul etdiyi və Milli Antikorrupsiya Bürosu ilə İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun müstəqilliyini faktiki olaraq aradan qaldıran qanun ciddi gərginliyə səbəb olub. 

Qanunun qəbulundan dərhal sonra ictimai narazılıq artmağa başladı və ölkə daxilində etiraz aksiyaları geniş vüsət aldı. Məlum dəyişikliklərin korrupsiyaya qarşı mübarizəni zəiflədəcəyi və hakimiyyətin nəzarətsiz fəaliyyətinə zəmin yaradacağı ilə bağlı ciddi narahatlıqlar var.

Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, yeni qanunun korrupsiyaya qarşı effektiv mübarizəni zəiflədə biləcəyi ehtimal olunur:

"Bu səbəbdən etirazlar getdikcə artır. Qanuna dəstək verənlər arasında Prezident Volodimir Zelenski də var. Maraqlıdır ki, Zelenskinin əsas rəqiblərindən biri - sabiq baş nazir Yuliya Timoşenko da bu dəyişiklikləri dəstəkləyib. Xatırladaq ki, vaxtilə Rusiya ilə Ukrayna arasında imzalanan qaz müqaviləsinə görə Timoşenko korrupsiya ittihamları ilə üzləşmişdi. Məhz bu fonda hazırkı qanun dəyişikliklərinin də korrupsiyaya qarşı mübarizənin effektivliyini azaltmaq məqsədi daşıdığı iddia olunur".

zeynal serh
Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, xalqın narazılığı da Zelenski hökumətinin həmin qanun vasitəsilə korrupsiyadan yayınmağa çalışdığı düşüncəsindən qaynaqlanır:

"Ukrayna müxalifəti iddia edir ki, Zelenskinin komandası müharibə şəraitindən istifadə edərək kütləvi korrupsiya ilə məşğuldur. Bu hallar üçün siyasi örtük yaratmaq məqsədilə belə qanunlar qəbul edirlər.

Hazırkı proses təkcə daxili məsələ deyil, burada xarici qüvvələrin də rolu böyükdür. Qərb mediası uzun müddətdir Ukrayna prezidenti postunun dəyişdirilməsi istiqamətində fəaliyyət göstərir. Hazırda onun yerinə əsas namizədlərdən biri kimi keçmiş baş qərargah rəisi Valeriy Zalujnının aktivləşdiyini görürük. Qərb bu cür hadisələrdən istifadə edərək Ukraynadakı maraqlarını həyata keçirməyə çalışır.

Xalqın ayaqlanması və geniş etirazların başlaması müəyyən mənada xaricdən verilən təlimatlara da əsaslana bilər. Hər halda, sözügedən qanun Zelenski hökumətinin imicinə ciddi zərbə vurub. Məlumata görə, hökumət artıq bu məsələdən geri çəkilmək niyyətindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31