İndi biz onlardan 100 il qabaqdayıq
25 İyul 17:40 ƏdəbiyyatÜzeyir Hacıbəylinin 140 illiyinə üçüncü yazı
Salam olsun, çox dəyərli oxucum! Ötən yazımızın sonunda məlumat verdiyimiz kimi bu dəfə Üzeyir Hacıbəylinin miniatürlərindən söhbət açacağıq. Ənənəvi yazılı mənbələr və müasir texnolgiyanın verdiyi imkanlardan istifadə edərək qısa bir araşdırma apardıqdan sonra belə məlum oldu ki, görkəmli ədibin publisistik məqalələri, komediyaları haqqında kifayət qədər məlumat olsa da onun miniatürləri barədə hamı üçün əlçatan məlumat hardasa yox dərəcəsindədir. Ən yaxşı halda sadəcə onun miniatür janrında da əsərləri olduğu haqqında bir cümlə ilə məlumat verilir. Əslində isə Üzeyir bəyin iyirmidən artıq adı bəlli, tam mətni qaydasında miniatürü məlumdur. Bu miniatürlər zaman-zaman müxtəlif qurumlar tərəfindən fərqli adlar altında tərtib olunmuş müəllifin əsərlərindən ibarət toplularda ayrıca "Miniatürlər" başlıqlı bölümlərdə yer almışlar. Üzeyir Hacıbəyli də dövrünün digər mütərəqqi ideyalı ziyalıları kimi öz xalqını daim daha asan və qısa yoldan maarifləndirməyin üsullarını axtarıb, araşdırb. Və demək olar ki, zəmanəsinə görə ən yüksək səviyyədə buna nail olmağı bacarıb. O da xalqı maarifləndirməyi qarşılarına məqsəd qoymuş digər bütün müasirləri kimi əldə olan mümkün vasitə və üsullardan maksimum dərəcədə istifadə etmişdir. Dövrün yazarları yeni yaranmaqda olan mətbuat ənənələrinə uyğun olaraq, qəzetlərin kənarında, aşağı hissəsində, məqalələr (elmi məqalələr) bitdikdən sonra boş qalan yerlərdə öz vacib sözlərini, fikirlərini daha yığcam formada xalqa çatdırmağın üsullarını tapırdılar. Və bu çox effektiv üsul idi. Bəzən uzun-uzadı məqalədənsə, adi bir karikatur rəsm və ya bir neçə cümlədən ibarət miniatür daha təsirli olurdu. Miniatür ənənəsi bu gün də uğurla davam etdirilir. Müasir dövrümüzdə bu üsuldan həm tərbiyəvi, həm tənqidi, həm də maarifləndirici üsul kimi şair, yazıçı, eyni zamanda peşəkar jurnalist olan Rəşad Məcid böyük ustalıqla istifadə edir. Akademik İsa Həbibbəyli onun "Qələmsiz yazılanlar" kitabına yazdığı ön sözdə miniarürlərin əhəmiyyəti barədə belə qeyd edir: "Hər birində müəyyən əxlaqi-mənəvi dəyərlərə, müəyyən tövsiyələrə diqqət verildiyi üçün sms-esselər didaktik miniatür hekayələrin funksiyasını həyata keçirir. Rəşad Məcidin tam halda illər ərzində yaranmış sms-ləri onun miniatür elektron hekayə külliyyatıdır. Sms hekayələrin hər biri konkret bir mətləbin mahiyyətini açıqlayan baxışlarıdır."
Bəli, eyni səfdə yer aldığı digər silahdaşları (məsələn "mollanəsrəddinçilər") kimi Üzeyir Hacıbəyli də hədəflərinin yerləşdiyi atış mənzilindən, onların ölçüsündən asılı olaraq bəzisini felyetonla, bəzisini satirik hekayə ilə, bəzisini də məhz miniatürlərlə atəşə tuturdu. Görkəmli ədibin miniatürlərinə diqqətlə nəzər saldıqda görürük ki, xələfi Rəşad Məcid kimi o da bu janrda olan mətnlərindən əsasən tərbiyə üsulu kimi istifadə edib. Yəni bu janrda işlənmiş mövzulara diqqətlə fikir verdikdə görürsən ki, ən yaxşı halda belə ola bilərdi. Bu baxımdan miniatürlərin Üzeyir Hacıbəylinin zəngin və rəngarəng ədəbi irsi içərisində özünəməxsus yeri, xüsusi çəkisi var.
Dəyərli oxucum, miniatür anlayışı - miniatürlər barədə bacardığım qədər ətraflı məlumat verdikdən sonra görkəmli ədibin bu janrda yazmış olduğu əsərlərdən bəzilərini olduğu kimi sizin diqqətinizə çatdıracam.
Ümumilikdə Üzeyir Hacıbəylinin bir oxucu kimi mənim diqqətimi çəkən "Mühərrir", "And içmək", "Peyğəmbər", Axmaq vəzir", "Qafqazda müsəlman kəndlisinin halı", "Kənd məktəbində", "Müsəlmanların halı", "Qarabağda yer məsələsi", "Avtomobil", "Bizim adi söhbətimiz" və digər təxminən adını burada qeyd etmədiyim bu qədər də miniatürləri ilə tanışam. Adını yuxarıda sadaladığım miniatürləri stolüstü kitabım olan 1985 - ci ildə Bakı şəhərində nəşr olunmuş "Üzeyir Hacıbəyov" (seçilmiş əsərləri) kitabından təkrar-təkrar oxuyuram. Yeri gəlmişkən bu tribunadan istifadə edərək belə bir zəngin xəzinəni mənə hədiyyə etdiyinə görə Azərbaycan oxucusuna yaxşı tanış olan "xəzinədar" Xan Rəsuloğluna təşəkkürümü bildirirəm. Bu miniatürlərdən biri olan "Bizim adi söhbətimiz"lə artıq giriş məqaləsində sizi tanış etmişəm. Ancaq yenə bu yazımda həmin miniatürün epiqrafına yazdığı üzrxahqlığı olduğu kimi sizə çatdırmağı özümə borc bildim: - "Oxuculardan üzr istəyirəm. Hərçənd söhbətlərimizin elələrini seçmişəm ki, qəzetdə yazmaq olar, amma yenə də üzr istəyirəm."
Keçək tam mətn halında təqdim edəcəyim miniatürlərə:
"Peyğəmbər"
Bir kişi peyğəmbərlik iddiası eləyirdi. Onu tutub qubernatorun yanına gətirdilər. Qubernator soruşdu ki, heç möcüzə göstərə bilərsənmi?
Dedi:
-Göstərərəm.
Dedi:
-Nə göstərərsən?
Dedi:
-Bu saat bilirəm ki, sən nə fikir eləyirsən.
Qubernator dedi:
-Bil görək.
"Peyğəmbər" dedi:
-Bu saat sən fikir eləyirsən ki, əgər bu kişi yalançı olsa, tutub həbs edərəm, amma sonra rüşvət alıb buraxaram.
"Qafqazda müsəlman kəndlisinin halı"
Siçan: Atakişi əmi, taxılın cücərmədi?
Çəgirtkə: Atakişi əmi, taxılın göyərmədi?
Dolu: Atakişi əmi, taxılın sünbüllənmədi?
Hörümçək Hacımurad xan: Atakişi əmi, taxılını döymürsən?
Bəy: Atakişi əmi, taxılın çuvala yığılmadı?
Strajnik: Atakişi əmi, xurcunlarım hazırdır, taxıl necə oldu?
Atakişi əminin uşaqları: Dədə, bəs təzə taxıldan havaxt çörək bişirəcəyik?
Atakişi əminin qarnı. Qurr!.. A kişi, acından öldüm!
Atakişi əmi (acıqlı): Qarnım! Barı sənsə dinmə, yoxsa, quran mənə qənim olsun ki, soxaram xəncəri, tökərəm bağırsaqlarını çölə indi ya!!!
Yazıq Atakişi əmi! Bir məsəl var, deyərlər ki, on iki qurda bir boz eşşək neyləsin?
"Müsəlmanların halı"
Hökumət qapısında
-Kərbəlayi Bədəl, görə bildin?
-Görə bildim.
-Nə dedi?
Dedi: "Zavtra"!
Ağalar qapısında
-Məşədi Fərəcullah, ağa evdə idi?
-Bəli, evdə idi.
-Səni gördü, nə dedi?
-İki dəfə üzümə tüpürdü, bir dəfə də atamın goruna söydü.
İntelligent qapısında
-Mahmud əmi, razı oldumu?
-Balam, yox!
-Nə üçün?
-Dedi, beş yüz manat ver, yazım.
Dövlətli qapısında
-Kərbəlayi Müseyib, getmişdin?
-Hə, getmişdim.
-Görə bildin?
-Balam, yox. Səhər yatmışdı, günorta çörək yeyirdi, axşam da evdə yox idi.
Dahi Üzeyir bəyin bu miniatürlərini oxuduqca düşünürəm ki, İlahi, mənim bu zavallı, başıbəlalı xalqım çox da uzaq tarix olmayan yüz il bundan qabaq nə zülmlər çəkib... Bu millətin başına nələr gəlməyib, İlahi!?
Deyirəm, yaxşı ki, bu kimi hallar tarixə qovuşub. Daha bizdə belə şeylər yoxdur. Dəyərli oxucum, tarixi bilmək, dilimizin incəliklərinə varmaq xatirinə çox istərdim ki, "İranın evi yıxılıb", "And içmək", "Axmaq vəzir", "Kənd məktəbində", "Qəzet", "Avtomobil", heç olmasa - ələlxüsus - "Qarabağda yer məsələsi" miniatürlərini də sözbəsöz buraya köçürüb sizə çatdırardım. Ancaq neyləmək olar? Çərçivələr, əndazəni gözləmək məsələsi bütün dövrlərdə olub və olacaq. Sırf texniki səbəblərdən onları buraya köçürüb sizə çatdıra bilmirəm. Ancaq çox istərdim ki, adlarını qeyd etdiyim miniatürləri özünüz əldə edib oxuyasınız. Heç olmasa, "Qarabağda yer məsələsi"ni mütləq tapıb oxuyun!
Hələlik. Növbəti sayımızda dördüncü yazını oxumağı unutmayın.
Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.