Alimlər insan bədənində gizlənmiş üçüncü gözü aşkar etdilər

Alimlər belə nəticəyə gəliblər ki, insan başının mərkəzində yerləşdiyi deyilən sirli "üçüncü göz" əslində mövcud olub, lakin milyonlarla illik təkamül nəticəsində formasını dəyişib.

"Daily Mail" nəşrinin yazdığına görə, Böyük Britaniya və İsveç alimləri insanın ən qədim əcdadlarında həm yan tərəflərdə yerləşən gözlərin, həm də başın mərkəzində işığa həssas xüsusi strukturun mövcud olduğunu müəyyən ediblər.

Tədqiqatçılar bu qədim orqanı "əcdadların mərkəzi gözü" adlandırıblar və hesab edirlər ki, insanın mənşəyinə yaxın canlı növlər təxminən 500 milyon il əvvəl yan gözlərini itirdikdən sonra məhz bu orqana güvəniblər. Araşdırmaya görə, bu qədim onurğasız canlılar torpaq altında yuva qazır, görmə qabiliyyətini itirdikdən sonra işığı hiss etmək üçün həmin mərkəzi orqandan istifadə edirdilər.

Qədim Yunanıstan dövründən həkimlərə məlum olan epifiz vəzi (şişəbənzər vəzi) uzun müddət gözlərdən müstəqil inkişaf etmiş orqan hesab edilirdi. Lakin yeni araşdırmalar göstərib ki, bu struktur insan əcdadlarının istifadə etdiyi görmə sistemi ilə əlaqəlidir.

Bu gün həmin "üçüncü göz"ün qalıqları insan beynində epifiz vəzi formasında qalır. Artıq o, həqiqi göz sayılmasa da, pinealosit adlanan xüsusi hüceyrələrdən ibarətdir. Bu hüceyrələr melatonin hormonu ifraz edir və orqanizmə gecənin başladığını, istirahət vaxtının çatdığını bildirir./lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31