Azərbaycan Vyetnamla iqtisadi əlaqələrin inkişafına önəm verir- ÖZƏL
14:44 Siyasət"Prezident İlham Əliyev "Vietnam News Agency" agentliyinə verdiyi müsahibəsində iki ölkə arasında əlaqələrin mövcud durumundan geniş bəhs edib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Vyetnamla əlaqələrin iqtisadi inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub, bu göstəriciləri gələcəkdə də artırmaq üçün ciddi potensial var və neft sahəsində də qarşılıqlı fəaliyyət mövcuddur. 2019-cu ildə Vyetnamın "Binh Son Refinery and Petrochemical Company" ilə SOCAR arasında imzalanan müqavilə qeyd olunanların təsdiqidir. Təkcə iqtisadi sektorda deyil, bütövlükdə Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələrdə uğurla inkişaf edir". "Olaylar" xəbər verir ki, bunu YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov deyib: "Prezident İlham Əliyev Heydər Əliyev Fondunun Vyetnamda fəal surətdə layihələr həyata keçirdiyini, fondun vitse-prezidenti Leyla Əliyevanın dost ölkəyə səfəri zamanı vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, o cümlədən, Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşünü xatırladaraq bunun ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf dinamikasında mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycan ilə Vyetnam turizmin inkişafı istiqamətində böyük potensiala malikdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafını sürətləndirəcək və dövlətlərarası mədəni əlaqələri möhkəmləndirəcək. Bu məqsədlə hər iki tərəf turizm sərgilərində iştirakın genişləndirilməsi və qarşılıqlı təşviqat kampaniyalarının təşkili imkanlarını nəzərdən keçirir. Eyni zamanda, turizm sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələsi gündəmdədir".